Yaxın tezlikdə istismara verilməsi gözlənən TANAP qaz kəməri enerji bazarında tamam fərqli bir mənzərə yaradacaq. Bu mövqedə olan ekspertlər bildirir ki, bu kəmər Azərbaycanın Türkiyə və Avropanın enerji bazarlarında daha güclü mövqe sahibi olmasına imkan verəcək. Məsələ ilə bağlı Rusiyanın "life.ru" saytı yazır ki, Azərbaycanın Türkiyənin enerji bazarında rolu daha da artacaq.
Bununla yanaşı sayt onu da vurğulayır ki, Azərbaycan qazının daha böyük həcmdə Türkiyəyə daxil olması Ankara üçün bir neçə cəhətdən sərfəlidir. Əvvəla, Azərbaycan Türkiyəyə qazı daha ucuz satır. İkinci bir tərəfdən, Azərbaycan qazının bir hissəsi Türkiyə üzərindən Avropaya gedəcək və bu da Türkiyənin tranzit mövqeyini daha da güjləndirəcək. Nəhayət, Azərbaycan vasitəsilə Orta Asiya qazının da Türkiyəyə nəqli gözlənir. Qeyd edilənlərlə yanaşı, "life.ru" saytı yazır ki, Azərbaycandan mavi yanacağın idxalına görə Rusiya türk bazarındakı payının üçdə birini itirəcək. Hazırda Rusiya Türkiyənin qaz ehtiyacının 59, İran 19, Azərbaycan 9, Əlcəzair 9, Nigeriya isə 7 faizini təmin edir. Göründüyü kimi, Rusiya türk bazarında hegemondur. Amma Azərbaycan üzərindən Türkiyəyə qaz axını vəziyyəti tədricən dəyişməyə başlayacaq. Sayt onu da vurğulayır ki, Türkiyə həm də Avropa üçün qazpaylayıcı ölkələrin önündə getmək istəyir. Elə indinin özündə də yeni istiqamətlərdə enerji marşrutları məhz Türkiyə üzərindən Avropaya yönəlir və bu sırada ilk olaraq TANAP kəmərinin adı çəkilir. Bu arada TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib ki, sözügedən qaz boru kəmərinin dəniz hissəsinin tikintisinə mayın sonunda başlanacaq:"TANAP-ın Dardanel boğazından keçəcək 17,6 kilometrlik dəniz hissəsinin tikintisinə may ayının sonlarında Asiya və Avropa qitələrində yerləşən tikinti meydançalarında başlanacaq. Boruların və fiber-optik kabellərin sifarişi artıq verilib. Boruların düzülməsinə bu ilin iyul ayının ortasında başlanacaq və sentyabrın ortalarında yekunlaşdırılacaq. Fiber-optik kabellərin çəkilməsinə isə oktyabrda başlanması və dekabrın əvvəlində yekunlaşdırılması planlaşdırılır. TANAP-ın dəniz hissəsi üzrə bütün mexaniki işlərin isə 2018-ci ilin iyulunda başa çatdırılması nəzərdə tutulur".
Qeyd edək ki, TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 milyard ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin isə ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. Beləliklə, TANAP-ın inşası sürətlə reallaşır və o, Azərbaycanın enerji bazarlarında mövqeyini daha da gücləndirəcək. Eyni zamanda bu, Türkiyə üçün də çox sərfəlidir. Rusiya Milli Energetika Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov qeyd edir ki, Türkiyə qazpaylayıcı şəbəkə olmaq planlarını həyata keçirmək üçün özünə mümkün qədər daha çox qaz kəmərinin çəkilməsini istəyir: "Rusiyanın Bolqarıstana çıxarmaq istədiyi keçmiş "Cənub axını" layihəsinin yenilənməsi türklər üçün əlverişsizdir. Avropa İttifaqı isə Türkiyə vasitəsilə tranzit məsələsinə çox diqqət yetirir. Azərbaycan qazı artıq Türkiyə vasitəsilə gedir. Ankara İran qazını da daşımağı planlaşdırır". Bununla Azərbaycan özünün və Türkiyənin enerji bazarlarında mövqeyini daha da gücləndirir. Prosesdə Avropa da maraqlıdır. Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirir ki, Xəzər qazının Avropaya çatdırılması uzun müddətdir gündəmdədir: "Bunun üçün müqavilələr imzalanıb. Artıq konkret addımlar atılır. "Şahdəniz" yatağının ikinci mərhələsində hasil olunacaq qazın nəqli üçün TANAP, TAP kimi böyük infrastruktur layihələri icra olunur. Biz əminik ki, Azərbaycan qazı 2020-ci ilə qədər Avropaya çatdırılacaq. Bu isə Avropanın qaz təchizatı mənbələrinin şaxələndirilməsində vacib addımdır". Şefçoviç "Cənub Qaz Dəhlizi" layihəsinə yüksək siyasi səviyyədə dəstək olduğunu vurğulayıb. O qeyd edib ki, əsas maliyyə qurumları da bu layihəni dəstəkləyir: "Bu, etibar və əməkdaşlıq mühitindən irəli gəlir".
Şefçoviçin dediyi kimi, aparıcı maliyyə qurumları "Cənub Qaz Dəhlizi"nə tam etibar edir. Elə bunun nəticəsidir ki, "Cənub Qaz Dəhlizi"nin mühüm qolu olan TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanətilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılmış kredit xətti üzrə bir neçə gün əvvəl 146,3 milyon dollar məbləğində, eləcə də Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən ayrılmış kredit xətti üzrə 219,5 milyon dollar məbləğində ikinci maliyyə tranşı baş tutub. Hər iki beynəlxalq maliyyə institutundan müvafiq olaraq 108,4 və 162,6 milyon dollar məbləğində ilk maliyyə tranşı cari ilin fevral ayında ayrılıb.
Borcalan qismində çıxış edən və səhmlərinin 100 faizi Azərbaycana məxsus olan "Cənub Qaz Dəhlizi" QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 min 500 kilometrdən çox olan və Avropa İttifaqı tərəfindən dəstəklənən "Cənub Qaz Dəhlizi" beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.
Tahir TAĞIYEV