Fikrət Sadıqov: "Əslində, ATƏT-in qərəzli mövqeyi hələ o dövrdən bəlli idi"
Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referenduma fərqli beynəlxalq reaksiyalar verilməkdədir. Avropa institutları referendumun nəticələrini sərt tənqid etdikləri halda, ABŞ prezidenti Donald Tramp referendumun nəticələrinə əsasən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Avropa İttifaqı ilk gündən əks mövqedən çıxış edərək referendumun nəticələrini tənqid edib.
Türkiyədəki referendumun nəticələrinə münasibətdə ABŞ-la Avropa ölkələri arasında yaranan fikir ayrılığını necə xarakterizə etmək olar?
Politoloq Fikrət Sadıqov hesab edir ki, Türkiyədəki referendumla bağlı ABŞ prezidenti D.Trampın müsbət münasibət bildirməsi gözlənilən idi: "Türkiyə NATO-nun üzvüdür və təşkilatın ikinci ən böyük ordusuna sahibdir. Eyni zamanda, Suriya məsələsində ABŞ-ın atdığı son addımlar Türkiyənin marağına cavab verirdi və dəstəyini də aldı. Referendumla bağlı Trampın müsbət mövqe sərgiləməsi məhz ABŞ-ın siyasətini ortaya qoymuş oldu. ATƏT-in mövqeyinə gəlincə, bu qurum öz ənənəsinə sadiq qalaraq, yenə də qərəzli bəyanatla çıxış etdi. Çünki ATƏT birmənalı şəkildə bəzi qüvvələrin maraqlarından çıxış edir. Ümumiyyətlə, Avropanın Türkiyəyə münasibəti bəllidir. Hələ referendumla bağlı təbliğat kampaniyası çərçivəsində Niderlandın Türkiyəyə qarşı atdığı addımlar göz önündədir. Bu ölkənin iki nazirinin Türkiyə vətəndaşları ilə görüşməsinə imkan vermədilər. Əslində, ATƏT-in qərəzli mövqeyi hələ o dövrdən bəlli idi.
Rusiyanın referendumun nəticələrinə münasibət bildirməsinin bir qədər gecikməsi heç də ciddi məsələdən xəbər vermir. Çünki Türkiyə və Rusiya arasında ciddi fikir ayrılığı, narazılıq yoxdur. Sadəcə, Suriya məsələsində müəyyən anlaşılmazlıq var. Ümumilikdə, Türkiyədəki referendum xalqın iradəsinin nəticəsidir və hər bir ölkə buna hörmətlə yanaşmalıdır. Onu da qeyd edim ki, Türkiyə yeni idarəçilik sisteminə keçiddən sonra ona əks olan dövlətlərə qarşı hər hansı radikal addım atmayacaq. Rəsmi Ankara əvvəlki siyasətini həyata keçirəcək"
Məhəmmədəli QƏRİBLİ