ATƏT Parlament Assambleyası Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir. Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.
A.Quliyev qeyd edib ki, ATƏT PA-da münaqişələrlə bağlı mühüm sənədlər qəbul olunub: "Lakin biz düşünürük ki, bununla bağlı konkret addımlar, qərarlar lazımdır. ATƏT PA ATƏT-in bu istiqamətdə fəaliyyətini təftiş etməli, Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir".
O əlavə edib ki, həmsədrlərdən münaqişənin niyə hələ də həll olunmamasını, niyə hələ də təmas xəttində mülki insanların, Azərbaycan əsgərlərinin həlak olduqlarını soruşmaq lazımdır:
A.Quliyev əlavə edib: "Ötən ay Milli Məclisin spikeri Oqtay Əsədov Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində ATƏT PA-nın prezidenti Kristine Muttonen ilə görüşündə məsələ qaldırdı ki, Minsk qrupunun həmsədrləri ATƏT PA-nın növbəti sessiyalarının birinə dəvət olunsun və hesabat versin".
“Növbəti aylarda ATƏT-in Minsk qrupu ölkələrinin ATƏT PA-da təmsil olunan parlamentarilərinin görüşü keçirilə bilər”. APA-nın məlumatına görə, bu barədə də A.Quliyev bildirib.
Onun sözlərinə görə, görüşdə parlamentarilərin münaqişələrin həllinə töhfəsi müzakirə ediləcək.
A. Quliyev bildirib ki, Azərbaycan və Ermənistan parlamentarilərin də görüşünə dair ümumi təşəbbüslər olsa da, hələlik konkret qərar yoxdur.