Arzu Nağıyev: "Belarus və Qazaxıstanın buna razılığı olmasa, heç bir sənəd qəbul edilə bilməz"
Məlum olduğu kimi, KTMT adlanan qurumun yeni sədri erməni general seçilib. Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki quruma üzv olan ölkələr rotasiya qaydasında sədrlik edir. Hələ bu məsələdə Ermənistan bir az gecikib.
KTMT-nin yeni sədri erməni general Yuri Xaçaturov olacaq.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə erməni general, Ermənistanın keçmiş baş qərargah rəisi Yuri Xaçaturovun təyin olunacağı gözlənilən idi. Doğrudur, Qazaxıstan və Belarus prezidentləri bu təyinatı 7-8 ay uzatdılar, ancaq bu məsələ nə zamansa Ermənistanın xeyrinə həll olunmalı idi. Çünki rotasiya prinsipinə görə baş katib vəzifəsində Rusiya təmsilçisi Nikolay Bordyujanı Ermənistan təmsilçisi əvəz etməli idi. Erməni generalının təşkilata sədr seçilməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri ola bilər?
Ekspert Arzu Nağıyevin sözlərinə görə, bu təyinat 5-6 ay əvvəl olsaydı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan seçilməli idi. Təşkilata baş katibin seçilməsi uzandıqda isə Ohanyan istefaya göndərildi. Erməni generalın təşkilata baş katib seçilməsinin Azərbaycana təsiri yoxdur. Doğrudur, həmin general daim Azərbaycana pisliklər etməyə çalışacaq, ancaq Belarus və Qazaxıstanın buna razılığı olmasa, heç bir sənəd qəbul edilə bilməz.
Ermənistanın KTMT üzvü olması o demək deyil ki, katiblik ona keçərsə, hansısa üstünlük əldə edəcək. Bunun biz aprel hadisələrində də şahidi olduq. Ermənilər dəfələrlə təmas xəttində deyil, məhz sərhəddə təxribat edərək KTMT-dən dəstək almağa çalışırdı, bu da baş tutmadı. Əsas məqam odur ki, KTMT-nin üzvü olan dövlətlər Azərbaycanla normal münasibətdədir və hər hansı gərginliyin artmasında maraqlı deyil. Eyni zamanda qeyd etmək istərdim ki, KTMT-nin yaradılması öncə Rusiyanın özünü qoruması və sığortalanması üçün nəzərdə tutulub, Ermənistan isə vasitədir. Qazaxıstan və Belarusun, digər üzvlərin də Azərbaycanla bağlı siyasətində dəfələrlə loyallığı hiss etmişik. Digər dövlətlər də bu məsələdə neytrallıq nümayiş etdirirsə, deməli, Ermənistan heç nə edə bilməz".
Məhəmmədəli QƏRİBLİ