Qabil Hüseynli: "Referendumun nəticələri qardaş ölkənin qütbləşdiyini göstərdi, çünki nəticələr faktiki yarı-yarıyadır"
Türkiyədə keçirilən referendumun son nəticələri gözlənilməz bir mənzərəni ortaya çıxarmış oldu. Belə ki, seçicilərin 51 faizdən bir az artığı konstitusiya dəyişikliklərinə "evet", 49 faizə yaxını isə "hayır" deyib. Faktiki olaraq yarı-yarıya nəticə ortadadır. Ortaya çıxan bu sürpriz nəticə Türkiyənin gələcək daxili siyasəti üçün nə vəd edir?
Politoloq Qabil Hüseynlinin fikrincə, referendumun rəsmi nəticələri hakim partiyanın qalib gəldiyi anlamını vermir: "İstanbul, Ankara, Antalya, İzmir, Diyarbəkir, Əskişəhr və Ərzurumda məğlubiyyətə uğrayan referendum tərəfdarları, zənnimcə, cüzi səslə udsalar da, bunu inamlı qələbə saymıram. Çünki bu işi hakimiyyətdə olan bir partiya aparıb. Onun əlində inzibati resurslar, ordu, polis, nəhayət, son illərdə özünə xeyli yaxın buraxdığı dini kəsim var. Üstəlik, seçkiqabağı təbliğat və təşviqat kampaniyasında istər yazılı, istərsə də elektron KİV-də AKP tərəfdarları üçün yaradılan üstün şərait var. Bütün bunların hamısı küll halında AKP və onun müttəfiqi olan MHP-nin inamlı qələbəsinə gətirib çıxarmalı idi. Amma bunlar baş vermədi.
51 faiz səslə konstitusiyanın dəyişdirilməsinin demokratik dəyərlər və insan haqları baxımından Türkiyənin əhval-ruhiyyəsini nə dərəcədə əks etdirəcəyini zaman göstərəcək. Amma, ümumilikdə, bu nəticə demokratiyanın təntənəsi deyil, inzibati resurslar və digər əl altında olan bəzi imkanlar hesabına, güclə referendum udulubsa, bunu demokratik qələbə adlandırmaq çox çətindir. Mən bu şərtlər daxilində Türkiyənin gələcəyi ilə bağlı nikbin proqnoz verməkdə çətinlik çəkirəm. Türkiyədəki referendumun nəticələri qardaş ölkənin qütbləşdiyini göstərdi, çünki nəticələr faktiki yarı-yarıyadır, prezident üsul-idarəsinin tətbiqinə səs verənlərin üstünlüyü cüzidir".
Məhəmmədəli QƏRİBLİ