Vüqar Qədirov: "Onlar görür ki, Sarkisyanın yürütdüyü siyasətin heç bir perspektivi yoxdur və buna görə də övladlarını qurban verməyə dəyməz"
Ermənistan ordusunda beş əsgərin qeyri-döyüş şəraitində ölməsi ilə bağlı iş illərdir açılmamış qalır. Həmin əsgərlərin valideynləri isə övladlarının qatillərinin tapılması tələbi ilə Ermənistan hökumətinin binası önündə növbəti aksiya keçirib. Qeyri-döyüş şəraitində ölən əsgərlərin intihar etdiyi deyilir. Valideynlər deyir ki, onları övladlarının intihar etməsi ilə aldadırlar.
"Prokurora, baş nazirə, müdafiə nazirinə gedirik, bizi qəbul etmirlər. Viqen Sarkisyan deyir ki, (müdafiə naziri - red.) ona bu ölümlərlə bağlı araşdırma aparmaq səlahiyyəti verilməyib. Bəs niyə müdafiə naziri postunda əyləşib?", - deyə qeyri-döyüş şəraitində ölən əsgər Artur Kazaryanın anası İrina Kazaryan deyir.
Əsgər anaları övladlarının Qarabağda hərbi xidmət keçməsinə qarşı olduqlarını bildirib. Onlar aksiyalarını davam etdirəcəklərini açıqlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da erməni valideynlərinə müraciətləri olub. Həmin müraciətlərin məğzi bundan ibarət olub ki, erməni valideynlər övladlarının ölməsini istəmirsə, onları işğalçı orduda qulluq etməyə qoymasın.
Erməni valideynlərin etirazına bu müraciətlərin nə kimi təsiri ola bilər?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, müharibə yalnız səngərdə getmir: "Bu istiqamətdə ən təsirli rıçaqlardan biri də informasiya müharibəsidir. Müasir texnologiyaların inkişafı bunun üçün daha böyük imkanlar verir. Azərbaycan tərəfi bu münaqişədə haqlı tərəf olduğu üçün, bizim yaydığımız informasiyalar erməni vətəndaşlar tərəfindən tez həzm olunur. Biz bunu Sülh Platformasının təbliğatı zamanı da gördük. Hətta vəziyyət o yerə çatıb ki, Ermənistanın özündə olan fəallar belə açıq şəkildə Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bəyan edir. Prezident İlham Əliyev bu yaxınlarda dedi ki, erməni əsgəri ölmək istəmirsə, rədd olub Azərbaycan torpağını tərk etməlidir. Bunun ardınca, aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşü zamanı maraqlı müraciət etdi. O dedi ki, münaqişənin və itkinin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. Birinci vitse-prezident erməni analarına üz tutaraq dedi ki, öz balalarını işğal siyasətinin qurbanı olmağa qoymasınlar. Təbii ki, bütün bu çağırışların da erməni valideynlərinin ayılmasında böyük rolu var. Onlar görür ki, Sarkisyanın yürütdüyü siyasətin heç bir perspektivi yoxdur və buna görə də övladlarını qurban verməyə dəyməz".
Məhəmmədəli QƏRİBLİ