Üzeyir Cəfərov: "Bütün bunların hamısı düşməni bərk narahat edir"
Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlərə start verilib.
Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatlarının keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək. Qəbul edilmiş qərara əsasən, qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunacaq. Təlimlər aprelin 21-dək davam edəcək.
Bütövlükdə, keçirilən sözügedən təlimlər düşmən ordusuna nə kimi təsirlər göstərməkdədir? Ekspertlərin bununla bağlı gəldiyi qənaət nədən ibarətdir?
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, düşmən tərəfi təlimləri böyük narahatlıqla izləyir: "Bu hərbi təlimlər bir sıra vacib məqamları ilə yaddaqalandır. Məsələ ondadır ki, ilk dəfədir Azərbaycan bu təlimlərdə radioelektron mübarizə avadanlıqlarından istifadə edir. Digər silah-sursatlarımız da var və Azərbaycan tərəfi ilk dəfədir onları təlimlərə çıxarır. Aydın məsələdir ki, düşmən tərəfi bundan müəyyən məlumatlar əldə edəcək. Onlar son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi müasir silahlardan çox narahatdır. Digər tərəfdən, Azərbaycanın yeni qoşun növləri var və ilk dəfədir təlimlərə cəlb olunur. Arxa cəbhədə müdafiə mövqelərində olan qüvvələrimiz ön xəttə çıxarılacaq. Bütün bunların hamısı düşməni bərk narahat edir. Nəzərə almaq lazımdır ki, ötən ilin aprelində Ermənistan silahlı qüvvələri müəyyən zərbələrə məruz qalıb. Bu səbəbdən mənəvi-psixoloji durumları o qədər də yüksək deyil. O üzdən, 30 min nəfərədək şəxsi heyətin təlimləri onlar üçün ciddi siqnal olacaq. Çünki 2016-cı ilin noyabrında keçirilən təlimlər də miqyasına görə geniş idi. O zaman 60 min nəfərədək şəxsi heyət təlimlərdə iştirak etmişdi. Bütün hallarda, təlimlər çox önəmli və vacibdir. İlk dəfədir çətin relyef şəraitində belə təlimlər keçirilir. Belə təlimlər həm nəzəri, həm də praktiki baxımdan ordumuza çox böyük fayda gətirəcək".
Vidadi ORDAHALLI