Məhəmməd Əsədullazadə: "Azərbaycan rəsmi Parisə öz etiraz notasını bildirməli və bu məsələni Avropa Şurasına, ATƏT-in nəzərinə çatdırmalıdır"
Fransada erməni lobbisinin güclü olması heç kəsə sirr deyil. Ancaq o da məlum həqiqətdir ki, artıq dünya ictimaiyyəti, 80-90-cı illərdəki kimi, erməni yalanlarına əsaslanan təbliğatın təsiri altına düşmür. Buna baxmayaraq, ermənilər Fransadakı imkanlarından istifadə edərək Azərbaycana qarşı təbliğat aparır.
İki gün əvvəl Fransa Milli Assambleyasının deputatı Fransua Roşbulan separatçı qurumun müstəqilliyini tanımağa çağırıb. O bunu əsaslandırmağa çalışıb. Belə ki, F.Roşbulan iddia edir ki, guya ötən ilin aprelində baş verən toqquşmalara görə Azərbaycan günahkardır və bunun nəticəsində dinc sakinlərə böyük ziyan dəyib: "Qurumun müstəqilliyini beynəlxalq ictimaiyyətə tanıtmaq üçün şərait yaratmaq lazımdır". Onun fikrincə, qondarma "DQR"in danışıqlara tərəf kimi qoşulmasına imkan verilsə, bu, guya regionda uzunmüddətli sülhün bərqərar olmasına şərait yaradacaq.
Ümumilikdə, Fransadan olan deputatın bu təşəbbüsünə qarşı hüquqi müstəvidə nə kimi addımlar atmaq olar? Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Fransa Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasında mühüm rol oynayır: "Həmin rol qeyd edərdim ki, Ermənistana dəstək olub. Rəsmi Paris Qarabağ separatçılarının Fransaya səfərlərinə yaşıl işıq yandırıb. Bir çox tədbirlərdə iştiraklarını təşkil ediblər. Bu istiqamətdə əsasən Fransa Senatının ermənipərəst deputatları və Milli Assambleyasının üzvləri fəal rol oynayıb. Qeyd edim ki, Azərbaycanın işğal olunmuş ərazilərinə ən çox səfər edən də Fransa deputatlarıdır. Fransanın bu siyasəti status-kvonun qorunmasına və münaqişənin həllini dondurmağa hesablanıb. Fransa Milli Assambleyası üzvünün Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə açıqlamalarını Fransa prezidenti F.Ollandın mart ayında erməni həmkarı ilə keçirdiyi görüşdə Qarabağ haqqında müqəddərat fikirlərinin davamı kimi xarakterizə edirəm. Hesab edirəm ki, Azərbaycan rəsmi Parisə öz etiraz notasını bildirməli və bu məsələni Avropa Şurasına, ATƏT-in nəzərinə çatdırmalıdır. Fransa Milli Assambleyası erməni lobbisinin təsiri altındadır. Oranın üzvlərindən bu kimi təxribat şəkilli açıqlamalar olacaq. Xarici İşlər Nazirliyi bu işlərlə ciddi məşğul olmalı, Fransa XİN-ə rəsmi müraciət etməli, çalışmalıdır ki, orada bu tip çağırışların sayı azalsın. Hesab edirəm ki, Fransa ATƏT-in Minsk Qrupunda həmsədr kimi fəaliyyətini Ermənistana loyal şəkildə qurub. Fransanın Almaniya ilə əvəzlənməsinə çalışmaq lazımdır".
Vidadi ORDAHALLI