İdris Əliyev: "Ermənilərin bu addımını qətiyyətlə pisləyirəm"
Faiq İsmayılov: "Bu abidənin erməniləşdirilməsi, başqa millətə aid edilməsi sadəcə mümkünsüzdür"
İşğal altında olan ərazilərimizdə erməni vandalizmi davam edir. Tarixi-arxeoloji mədəniyyətimizə zərbələr vuran ermənilər qəsb etdikləri torpaqlarımızda olan abidələri məhv etməklə məşğul olur. İndiyə qədər Azıx mağarasında, Tağlar düşərgəsində və digər abidələrimizdə qazıntı işləri aparan, bununla da tariximizi saxtalaşdırmağa cəhd edən ermənilər hazırda Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa Məscidində qazıntı və təmizləmə işlərinə başlayıb.
Qeyd edək ki, "Şərq tarixi irsinin dirçəlişi fondu" tərəfindən həyata keçirilən bu vandalizm aktı erməni terrorunun iç üzünü açıb göstərən faktlardan biridir.
"Tarixi mühitin qorunması xidməti" dövlət müəssisəsinin direktoru Marat Şahmaryan mətbuata bildirib ki, xarici mütəxəssislərin köməyinə ehtiyac duymayıblar. Bəli, saxtalaşdırma sahəsində "dünya çempionu" olan ermənilərə bu sahədə heç bir kömək lazım deyil, onlar bu işdə mahirdir.
Şahmaryan deyib: "Ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır. Abidə həm hərbi münaqişə nəticəsində, həm də hava şəraitindən zərər çəkib".
Əlbəttə, o bu abidəyə ermənilərin zərər vurduğunu deməyib. Əslində, onlar bu abidəni zədələyib.
Vurğulayaq ki, Yuxarı Gövhərağa Məscidi ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur.
İbrahim xanın inşa etdirdiyi məscid necə fars məscidi ola bilər?
Qeyd edildiyi kimi, ermənilər tarixi abidəmizi farslaşdırmağa cəhd göstərir. Bu məscid Azərbaycan memarlığı tarixinin çox qiymətli incilərindən biri kimi xalqımızın dünyagörüşünü, dinimizə münasibəti əks etdirir.
Bu da məlumdur ki, Gövhərağa Cümə Məscidi kimi tanınan Yuxarı Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. 8 il sonra İbrahim xanın varisi Gövhər ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə, yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb.
Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətini bərpa edib.
Onu da deyək ki, Yuxarı Gövhərağa Məscidi Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biridir.
Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarqu və qamışdan bir məscid tikilib. Pənah xanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz etdirilib. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olub. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirib. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülüb və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuxarı Gövhərağa Məscidi kimi tanınan həmin bina inşa edilib.
Məscidin layihəsi...
Məlumatlara görə, planı təqribən kvadrat formada olan (21,30 x 26,20 m) bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhərağa məscidlərinin konstruksiya ideyasını saxlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün balkon və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti ideyalarındandır. Yuxarı Gövhərağa Məscidinin minarə kürsülüyü, əvvəlki məscidlərdə olduğu kimi, təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhərağa Məscidinin minarə bəzəklərinə uyğun deyil. Əsasən onlar Ağdam Cümə Məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılıb. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir.
Bu məscidlə bağlı ümumi faktları ona görə vurğuladıq ki, məscidin hansı görkəmdə, quruluşda olmasını təsəvvür edək.
Ancaq indi ermənilərin orada hansı işlər gördüyü, məscidin quruluşunu hansı formada dəyişdiyini ətraflı müşahidə edə bilmirik. Çünki ermənilər məscidi tamamilə dəyişmək niyyəti güdür. Artıq onlar məsciddən Azərbaycan izini silməklə məşğuldur. Bütün dünyada məşhur olan bir abidəyə göstərilən münasibət həqiqətən də pislənməlidir. Hesab edirik ki, dünyada fəaliyyət göstərən mötəbər qurumlar bu məsələyə reaksiya verəcək. Amma hələlik bizdən başqa erməni vandalizminə qarşı etiraz səsini qaldıran yoxdur.
"Əlbəttə, bir arxeoloq alim kimi..."
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı İdris Əliyev bizimlə söhbətində Azərbaycan tarixinə, tarixi abidələrinə qarşı erməni vandalizminin geniş miqyas aldığını qeyd etdi.
İ.Əliyev bildirdi ki, bunu ermənilərin bizə qarşı apardığı ideoloji müharibənin tərkib hissəsi kimi başa düşməliyik. Alim vurğuladı ki, ermənilər Yuxarı Gövhərağa Məscidini farslaşdırmaq niyyəti güdməklə, təkcə bizim arxeoloji mədəniyyətimizə, tariximizə zərbə vurmur, eyni zamanda da Azərbaycan və İran münasibətlərini zədələmək məqsədi güdür: "Əlbəttə, bir arxeoloq alim kimi ermənilərin bu addımını qətiyyətlə pisləyirəm. Bu yolverilməzdir. Digər tərəfdən də, ermənilər uzun illərdir bizə qarşı ideoloji müharibə aparır. Onlar torpaqlarımızı işğal etməklə kifayətlənmir, həm də zəif nöqtələrimizi tapıb bizə oradan zərbə endirir. Yuxarı Gövhərağa Məscidində aparılan qazıntı işlərini ermənilərin Azərbaycana qarşı apardığı ideoloji müharibənin tərkib hissəsi hesab edirəm. Bu həm də İran və Azərbaycan arasında soyuqluq yaratmağa xidmət edir, islam dünyasına nifaq salır. Biz də ermənilərə qarşı ideoloji müharibədə fəal olmalıyıq. Düşünürəm ki, Azərbaycanda ideoloji təhlükəsizlik sistemi yaradılmalıdır. Bu vacib məsələdir".
"Bu addımı atmaqda ermənilərin..."
Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri, Azərbaycan Memarlar İttifaqının üzvü Faiq İsmayılov "Bakı-Xəbər" açıqlamasında ermənilərin bu addımını kəskin etirazla qarşıladı. F.İsmayılov bunun tam qanunsuz olduğunu bildirməklə yanaşı, qeyd etdi ki, bu, beynəlxalq sənədlərin tələbləri ilə ziddiyyət təşkil edir: "Ermənilər Yuxarı Gövhərağa Məscidində saxtalaşdırma işlərinə ilk dəfə deyil ki, meyl göstərir. 2000-ci ildə də bu abidənin "bərpa" edilməsinə cəhd edilib. 2005-2006-cı illərdə də cəhd etdilər, amma bir iş görə bilmədilər. Hazırda onlar Yuxarı Gövhərağa Məscidini "bərpa" etmək isəyirlər. Bu abidə Şuşanın Bazarmeydanı deyilən çox görkəmli bir guşəsində yerləşir və bura gələnlərin diqqətini cəlb edir. Bu addımı atmaqda ermənilərin birinci məqsədi turistlərin diqqətini yayındırmaqdır. İkinci məqsədləri bu abidəni islam abidəsi olduğu üçün münaqişənin əvvəlindən sökmək idi. Bu dövrlərdə Azərbaycan Xarici İşlər Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, o cümlədən də rəhbəri olduğum İctimai Birliyin etirazları nəticəsində onlar cəhdlərini dayandırdı və abidəni dağıtmadılar. Ermənilər indi abidəni "fars məscidi" kimi "bərpa" edirlər. Onlar buradan Azərbaycan adını silib bu abidəni "fars abidəsi" kimi dünyaya tanıtdırmaq məqsədi güdür. Bununla da guya tolerant olduqlarını, multikulturalizm ənənələrini yaşatmaq istədiklərini bəyan etmək istəyirlər. Bu baxımdan artıq Gövhərağa Məscidi ermənilər tərəfindən 2 metrdən artıq qazılaraq dərinləşdirilib. Deyim ki, Gövhərağa Məscidinin ətrafında xeyli sayda qəbir, qəbirdaşı, başdaşı var, orada mədrəsə olub, indi də var. Həmin abidənin tikinti quruluşu və tikinti tarixi onu göstərir ki, bu, Azərbaycan xalqının abidəsidir. Bu abidə Qarabaği tərəfindən inşa olunmuş ikinci abidə idi. Ağdam şəhər Cümə Məscidini də bu abidənin memarı Kərbəlayi Səfi xan Qarabaği inşa edib. Yəni Qarabağdakı məscidlərin bir çoxu Qarabağ memarlığı üslubunda tikilib. Bu məscidlərin həm minarələrinin görünüşü, ornamentlər, içərisindəki daş kitabələr, interyerində çəkilən şəkillər, yazılar, onların quruluşu, yerləşdirilməsi yalnız Qarabağ memarlığına məxsusdur. Bu mənada abidənin erməniləşdirilməsi, başqa millətə aid edilməsi sadəcə mümkünsüzdür. Amma buna baxmayaraq, onlar bu qanunsuzluğa, saxtakarlıq hərəkətlərinə yol verir. Onların həyata keçirdiyi vandalizm hərəkəti 1954-cü ildə qəbul olunan Haaqa Konvensiyasının müvafiq müddəalarına ziddir".
"Biz məhkəmə iddiası qaldırmışıq"
İctimai Birlik sədrinin sözlərinə görə, həmin konvensiyada göstərilir ki, bir dövlət digər dövlətin ərazisini işğal edibsə, işğal altında saxladığı ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası, dəyişdirilməsi, dağıdılması, bu və ya digər formaya salınması qadağandır.
F.İsmayılov bildirdi ki, belə bir cəhdlərə yol verilirsə, bu konvensiyaya görə bütün dünya dövlətləri tərəfindən pislənir.
F.İsmayılov vurğuladı ki, rəhbərlik etdiyi qurum mütəmadi olaraq erməni vandalizminə öz etiraz səsini ucaldıb. Birlik rəhbərinin qeyd etdiyinə görə, bir neçə il əvvəl rəhbərlik etdiyi təşkilat Strasburqda Avropa Məhkəməsində bu məsələ ilə bağlı ermənilərə qarşı iddia qaldırıb: "Biz məhkəmə iddiası qaldırmışıq. Təbii ki, hazırda bu istiqamətdə işlərimizi davam etdiririk. Çox güman ki, 18 aprel - Beynəlxalq Abidələr Gününə qədər bir sıra qurumlara, o cümlədən BMT-nin nümayəndələrinə öz fikirlərimizi, faktlarımızı təqdim edəcəyik".
İradə SARIYEVA