Cəbhədə törədilən erməni təxribatları hər dəfə düşmənin xeyli sayda hərbi qulluqçu itirməsi ilə müşayiət olunur. Cari ilin ötən dövrü ərzində artıq 30-dan çox erməni hərbçisinin həyatını itirdiyi məlumdur. Törədilən hər təxribat ermənilərə gedərək daha baha başa gəlir. Amma erməni hərbçilərinin sayı heç də döyüş əməliyyatlarına görə azalmır.
Düşmən ordusunda qeyri-döyüş şəraitində də qeydə alınan itkilərin sayı az deyil. Özü də belə cinayətlərin üstünün açılmasında hakimiyyət, demək olar ki, maraqlı deyil. Belə vəziyyət Ermənistanda övladlarını itirən valideynlərin hökumətdən narazılığını da artırır. Xatırladaq ki, bu valideynlər vaxtaşırı etiraz aksiyaları keçirir, tələblərinin yerinə yetirilməsini istəyirlər. Amma hələlik istədikləri nəticə də yoxdur.
Bu arada Ermənistan ordusunda qeyri-döyüş şəraitində həyatını itirən əsgərlərin valideynləri övladlarının qatillərinin tapılması tələbilə Ermənistan hökumətinin binası önündə növbəti aksiya keçirib. Rəsmi dairələr həmin əsgərlərin bir çoxunun intihar etdiyini bildirir. Valideynlər deyir ki, onları övladlarının intihar etməsi görüntüsü ilə aldadırlar. Qeyri-döyüş şəraitində ölən əsgər Artur Kazaryanın anası İrina Kazaryan bildirir: "Prokurora, baş nazirə, müdafiə nazirinin yanına gedirik, bizi qəbul etmirlər. Müdafiə naziri Vigen Sarkisyan deyir ki, ona bu ölümlərlə bağlı araşdırma aparmaq səlahiyyəti verilməyib. Bəs niyə müdafiə naziri postunda əyləşib?" O, prokurorluqda da eyni situasiya ilə qarşılaşdıqlarını bildirib. Bundan başqa, əsgər anaları övladlarının Qarabağda hərbi xidmət keçməsinə qarşı olduqlarını bildiriblər. Onlar aksiyalarını davam etdirəcəklərini açıqlayıblar. Ümumiyyətlə, erməni əsgərlərinin Qarabağda hərbi xidmətə göndərilməsi Ermənistanda gedərək daha böyük narazılıq yaradır. Çünki burada həm döyüş, həm də qeyri-döyüş şəraitində həyatını itirən erməni əsgərlərinin sayı gedərək daha sürətlə artır. Təkcə ötən ilin aprelində düşmən tərəfi 320-dən artıq əsgərini itirdi. Cari ilin ötən dövrü ərzində də döyüş şəraitində xeyli erməni hərbçisi öldürülüb. Amma burada qeyri-döyüş şəraitində də ölən erməni əsgərlərinin sayı az deyil.
Yeri gəlmişkən qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində qeyri-döyüş şəraitində ölən erməni hərbçilərin sayı açıqlanıb. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi son üç ayda 8 ölüm faktının qeydə alındığı, onlardan ikisinin silahdan istifadə qaydasına düzgün əməl edilməməsi, ikisinin yol-nəqliyyat hadisəsi və dəm qazından boğulma, ikisinin intihar, yaxud ölüm həddinə çatdırma, birinin isə səhhətində yaranan problem nəticəsində baş verdiyini bildirir. Daha bir ölüm faktının səbəbi araşdırılır.
Vanadzor ofisi tərəfindən keçirilən araşdırmaya əsasən, 2016-cı ildə Ermənistan ordusunda qətl halları bundan əvvəlki ilə nisbətən 4 dəfə artıb. Orduda intihar hallarının statistikası da təxminən eynidir: 2015-ci il ərzində orduda 6 intihar halı qeyd olunmuşdusa, ötən 2016-cı ildə bu rəqəm 13-ə çatıb. Vanadzor ofisinin rəhbəri Artur Sakuntsun açıqlamasına görə, 2016-cı ildə Ermənistan silahlı qüvvələrində 162 ölüm halı qeydə alınıb və 2015-ci ildə bu rəqəm 76 olub. Bu arada hərbi təmayüllü "razm.info" saytı 2016-cı ildə Ermənistan və Dağlıq Qarabağda yerləşən erməni silahlı qüvvələrində qeyri-döyüş şəraitində 165 nəfərin həlak olduğunu bildirir. Həlak olanların əksəriyyəti, yəni 147 nəfər hərbi qulluqçu, 18 nəfəri isə könüllü olub. Araşdırmalara görə, 1996-cı ildən indiyədək rəsmi məlumatlara görə qeyri-döyüş şəraitində 950, qeyri-rəsmi məlumatlara görə 2000-dən çox hərbçi ölüb. Bunun əksəriyyəti işğal altındakı Azərbaycan ərazilərində qeydə alınıb. Elə bu səbəbdən erməni valideynlər övladlarının Qarabağa getməsini istəmir. Çünki burada törədilən cinayətlər birmənalı şəkildə ört-basdır edilir. Valideynlər isə "Hərbi mükəlləfiyyət haqqında" qanuna əməl olunmadığını bildirir. Qeyd olunur ki, həmin qanuna görə, Ermənistan vətəndaşlarının Dağlıq Qarabağ bölgəsinə hərbi xidmətə göndərilməsi qanunsuzdur. O da vurğulanır ki, Ermənistan vətəndaşlarının işğal altında olan Azərbaycan torpaqlarına hərbi xidmət adı altında göndərilməsi cinayət olmaqla yanaşı, həm də beynəlxalq hüququn tapdanmasıdır. Bu məsələdə hakimiyyətin müqavimət imkanları isə gedərək tükənir. Ermənistan vətəndaşlarının işğal altında olan Azərbaycan torpaqlarına hərbi xidmətə göndərilməsi isə getdikcə daha da çətinləşir.
Tahir TAĞIYEV