Yeganə Hacıyeva: "Həmin quruma üzv olmamaqla Azərbaycanın balanslı siyasət yürütmək imkanları artıb"
Aprelin 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin rəhbərlərinin Bişkekdə qeyri-formal görüşü keçiriləcək. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib. Peskov, həmçinin, Bişkekdə Avrasiya İqtisadi İttifaqının da iclasının keçiriləcəyini açıqlayıb. Lakin Kremlin sözçüsü toplantılarda konkret nələrin müzakirə ediləcəyi haqda məlumat verməyib.
Avrasiya İqtisadi İttifaqında Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya təmsil olunur. KTMT-də isə Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstanla yanaşı, Tacikistan da yer alır.
Bişkek toplantısı KTMT-yə yeni sədrin seçilməsi baxımından əhəmiyyətlidir. Təşkilatın keçmiş sədri Nikolay Bordyuja səlahiyyətlərini bu ilin 1 yanvar tarixində müavini Valeri Semerikova həvalə etdi. Halbuki, KTMT-yə sədr ötən ilin oktyabr ayında İrəvanda keçirilən toplantıda seçilməli idi. Prosedura görə, sədrlik Ermənistana ötürülməlidir. Lakin bir sıra obyektiv səbəblərə görə Ermənistanın bu istəyi reallaşmır. Bu il həm də KTMT-nin yaradılmasından 15 il keçir. Məlum olduğu kimi, Rusiyanın çoxsaylı təkidlərinə baxmayaraq, Azərbaycan həmin qurumda üzvlükdən imtina edib. Hakimiyyətin bu addımını təqdir edənlərlə yanaşı, qınayanlar da az olmayıb. Hətta indinin özündə də Azərbaycanın KTMT-də təmsil olunmasının zəruriliyini bildirənlər var. Azərbaycan bu təşkilata üzv olmamaqla nəyi qazandı və nəyi itirdi?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın KTMT ilə bağlı atdığı addım çox doğru olub: "Bilirsiniz ki, həmin təsisat birbaşa Rusiyanın diqtəsilə yaradılıb. Rusiya keçmiş imperiya maraqlarını bərpa etmək üçün ətraf ölkələri öz nəzarətində saxlamaq istəyir. SSRİ dağılandan sonra Rusiya bir qədər zəiflədi. Putinin gəlişindən sonra dirçələn ölkə itirilmiş maraqlarını bərpa etməyə çalışır və belə qurumlar vasitəsilə buna nail ola bilir. Azərbaycan azsaylı keçmiş SSRİ respublikalarından biridir ki, rus qoşunlarını tamamilə ölkədən çıxarıb. Yenidən KTMT-yə üz olmaq o anlama gəlirdi ki, biz sərhədlərimizin qorunmasını həm də Rusiyaya etibar etmiş oluruq. Bu addım indiyə qədər böyük əziyyətlər hesabına keçdiyimiz yolun başlanğıcına qayıtmaq anlamına gələ bilərdi. Həmin quruma üzv olmamaqla Azərbaycanın balanslı siyasət yürütmək imkanları artıb. Avropa və ABŞ-dakı institutlarla maneəsiz əlaqələr qura bilir. Xüsusilə də NATO ilə əməkdaşlığımız uğurla inkişaf edir. Ora üzv olsaydıq, bu manevrləri edə bilməyəcəkdik. KTMT sadaladıqlarımıza alternativ olan qurumdur. Bəziləri iddia edir ki, KTMT-yə üzvlük Dağlıq Qarabağ probleminin həllini bizim üçün asanlaşdırar. Qətiyyən belə deyil. Deyilən problemin həllinə Rusiya istənilən vaxt dəstək verə bilər. Çünki problemin həllinə onun təsir imkanları daha çoxdur. Azərbaycanın KTMT ilə bağlı sərgilədiyi mövqeyi tam dəstəkləyirəm".
Məhəmmədəli QƏRİBLİ