Vəfa Heydərli: "Bunu vasitəçilik missiyasını üzərinə götürənlər bilməlidir və Ermənistanı analoji addımlar atmağa məcbur etməlidir"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin Varşavada keçirilən iclasında çıxışı zamanı deyib ki, "Şərq tərəfdaşlığı"nın gələcəyi böyük ölçüdə münaqişələrdən əziyyət çəkən regionlarda davamlı təhlükəsizlik, sülh və sabitliyin bərqərar olmasından asılıdır: "Biz düşünürük ki, Avropa İttifaqının vaxtında və fəal rolu regionumuzda sabitlik və inkişaf baxımından əhəmiyyətlidir".
Nazir bildirib ki, Azərbaycan münaqişənin danışıqlar yolu və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yol xəritəsi üzrə həllində maraqlıdır: "Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunub. Eyni zamanda, onilliklərdir ki, davam edən danışıqlar heç bir nəticə verməzsə, Azərbaycan pozulmuş ərazi bütövlüyünü sərəncamında olan mümkün bütün vasitələrlə bərpa etmək hüququnu özündə saxlayır. Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan hökuməti Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının birgəyaşayışına bütün növ zəmanət verməyə hazırdır. Azərbaycanın münaqişənin həll edilməsi istiqamətində cəhdlərinin əksinə olaraq, Ermənistan işğal edilmiş ərazilərin demoqrafik xüsusiyyətlərini dəyişdirmək üçün məqsədli siyasət yürüdür, həmçinin işğal edilmiş ərazilərdə qanunsuz "seçkilər" və "referendum" keçirir. İşğal edilmiş ərazilərdə keçirilmiş ən son qanunsuz "referendum" Azərbaycan Respublikasının Konstitusiyasının əleyhinə yönəlmiş daha bir təxribat xarakterli addımdır. Bu qanunsuz fəaliyyət beynəlxalq birlik tərəfindən rədd edilib".
E.Məmmədyarovun Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının birgəyaşayışına bütün növ zəmanət verməyə hazır olması ilə bağlı səsləndirdiyi fikrinin sülh prosesinə nə kimi təsiri ola bilər?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, xarici işlər nazirinin bu açıqlaması Azərbaycanın yürütdüyü dövlət siyasətinə tam uyğundur: "Çünki hər hansı imitasiyadan söhbət gedə bilməz. Azərbaycan bu gün dünyada multikulturalizmin beşiyi kimi tanınır. Bütün bölgələrimizdə qeyri millətlərlə birgəyaşayış yüksək səviyyədə təmin olunur. Bunu bütün dünyada gözəl bilir. Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğu üçün, oradakı birgəyaşayışa da zəmanəti məhz biz verə bilərik. Buna qətiyyən şübhə edilə bilməz. Belə açıqlamaları eyni zamanda Azərbaycanın sülhə doğru atdığı kompromis jestləri kimi də dəyərləndirmək olar. Bundan əvvəl Prezident də bənzər açıqlama ilə çıxış edərək bildirmişdi ki, Azərbaycanın hüdudları çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verilə bilər. Ancaq fikir versək görərik ki, Ermənistan bu jestlərə heç bir reaksiya vermir. Kompromisə meyl etmir, daha da aqressivləşir. Fakt göz qabağındadır. İrəvan sülh danışıqlarını heç bir ciddi əsas gətirmədən tərk edib. Azərbaycan dövlət rəsmilərinin bu cür jestləri sülh prosesi üçün böyük önəm daşıyır. Bunu vasitəçilik missiyasını üzərinə götürənlər bilməlidir və Ermənistanı analoji addımlar atmağa məcbur etməlidir. Əks halda, E.Məmmədyarovun ifadə etdiyi kimi, biz digər vasitələrlə torpaqlarımızın işğaldan azad edilməsi prosesini həyata keçirə bilərik".
Məhəmmədəli QƏRİBLİ