Şəmsəddin Əliyev: "Bütün bunlar həyata keçirilən profilaktik və maarifləndirmə tədbirləri nəticəsində mümkün olub"
Rusiyanın Suriyadakı hərbi əməliyyatları terrorçuların ölkəyə qayıtmasına mane olacaq. Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində bildirib.
Putin müsahibəsində terrorçuluqla bağlı bir sıra məqamlara toxunub. Onun sözlərinə görə, Suriyada təxminən 20 minə yaxın əcnəbi döyüşür ki, onların da 9 mini MDB ölkələrinin vətəndaşıdır: "Bu 9 minin təxminən yarıdan azı Rusiya vətəndaşıdır. 5 min nəfər isə Mərkəzi Asiya, KTMT-yə üzv ölkələrin vətəndaşıdır. Ona görə də təhlükə çox böyükdür. Biz bunu bilirik və təhlükənin miqyasını anlayırıq. Təhlükəni azaltmaq üçün hər şey etməliyik. Suriyada beynəlxalq terrorçularla döyüşən hərbçilərimiz onların geri dönə bilməməsi üçün ordadır. Onların əsas məqsədi məhz budur".
İŞİD üzərində qələbəyə gəlincə, Putin bunun üçün bütün güclərin səfərbər olunmasının vacibliyini vurğulayıb: "Əks halda, qalibiyyət mümkün olmayacaq".
Diqqətçəkən məqamlardan biri İŞİD sıralarında döyüşən 9 min nəfərin içərisində Azərbaycan vətəndaşının olmamasıdır. Düzdür, ilk vaxtlar Azərbaycandan da İŞİD sıralarına qoşulan oldu, amma onların sayı çox azdır. Bu həm də onun göstəricisidir ki, Azərbaycanın müvafiq orqanları - polis və təhlükəsizlik qüvvələri ölkədə əməliyyat şəraitinə tam nəzarət edir. Vaxtında görülən profilaktik və preventiv xarakterli tədbirlər öz bəhrəsini verir. Həm də Suriyada azərbaycanlılar da vuruşmuş olsaydı, yəqin ki, Putin bunu vurğulamağı unutmazdı. Maraqlıdır, bəs ekspertlər bunun səbəbini nə ilə əlaqələndirir?
Məsələyə münasibət bildirən "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev bunu bir sıra faktorlarla əlaqələndirdi: "Azərbaycandan gedib İŞİD-ə qoşulanların sayı çox azdır. İŞİD sıralarında olan vətəndaşlarımızın digər müsəlman ölkələrinə nisbətdə çox az olması müsbət göstəricidir. Faizə vuranda, demək olar, bu yox səviyyəsindədir. Bu onunla izah olunur ki, Azərbaycanda əməliyyat şəraitinə tam nəzarət olunur. Digər tərəfdən, Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti, əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi öz səmərəsini verir. Mütəmadi olaraq media vasitələrində polis orqanlarının və digər qurumların məlumatlarının yayılması buna öz təsirini göstərib. Necə deyərlər, bu bəzi ölkə vətəndaşlarının Suriyaya getməsinin qarşısını alıb. Hesab edirəm ki, bütün bunlar həyata keçirilən profilaktik və maarifləndirmə tədbirləri nəticəsində mümkün olub".
Vidadi ORDAHALLI