Xəzər Teyyublu: "Ermənistan hazırda elə gündədir ki, hətta ermənilər orada yaşamaq istəmir"
Ermənistanda fəaliyyət göstərən kürd icmasının rəhbəri Knyaz Xasanov yaşadığı ölkənin multikultural dəyərlərə sadiq olduğu görüntüsünü yaratmağa çalışıb. Onun Ermənistan KİV-inə açıqlamasında bildirilir ki, həmin ölkədə keçirilən konstitusiya islahatları etnik azlıqların parlamentdə təmsilçiliyinə şərait yaradıb: "SSRİ zamanında bizim millətin nümayəndələri parlamentdə təmsil oluna bilirdi. Sonralar bu bir az çətinləşdi. Hazırda bu istiqamətdə ciddi uğurlar qazanılıb".
Etnik azlıqların adından çıxış edən başqa bir şəxs də olub. Özünü assorilərin nümayəndəsi kimi təqdim edən Arsen Mixaylov da Ermənistandakı etnik azlıqlara yaradılan şəraitdən razılığını ifadə edib.
Belə təbliğat Ermənistanın əsl simasını gizlətməyə xidmət edir. Mövzu ilə bağlı siyasətçilərimiz nə düşünür?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu qəzetimizə bildirdi ki, Ermənistanda barmaqla sayılacaq qədər azsaylı xalqların nümayəndəsi qala bilər: "Onların parlamentdə təmsil olunması inandırıcı deyil. Artıq bütün dünya Ermənistanı monoetnik bir ölkə kimi qəbul edir. Oranın ən böyük etnosu azərbaycanlılar olub. Əsrin əvvəlindən başlayaraq bizi oradan deportasiya ediblər. Bunun da başlıca məqsədi monoetnik dövlətin yaradılması olub. Buna da nail ola biliblər. Kürdlərə gəldikdə isə, bu yalandır. Araşdırsanız görərsiniz ki, kürdlərin böyük əksəriyyəti, demək olar hamısı Ermənistanı azərbaycanlılarla birgə tərk edib. Çox az sayda rus qala bilər. Maraqlıdır ki, heç onların səsi də çıxmır. Assorilərin adından danışılır, niyə onların sayı açıqlanmır? Parlamentdə neçə etnik qrupun nümayəndəsinin təmsil olunmasına dair ciddi fakt ortada yoxdur. Sadəcə, bu cür ucuz piar vasitələrinə əl atmaqla onlar Ermənistanı monoetnik olmayan ölkə kimi qələmə verməyə çalışır. Belə yalanlarla dünyanı aldatmaq olmaz. Ermənistan hazırda elə gündədir ki, hətta ermənilər orada yaşamaq istəmir. Statistika bunu aydın göstərir".
Məhəmmədəli QƏRİBLİ