Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, görkəmli arxeoloq-alim, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun "Qarabağın paleolit düşərgələri" adlı kitabı nəşr edilib. Bu günlərdə Ə.Cəfərovla görüşüb həm kitab haqqında, həm də professorun erməni saxtakarlığına qarşı apardığı mübarizədən danışdıq.
- Əsədulla müəllim, Siz Qarabağı sevən, təbliğ edən alimsiniz. Qarabağı öyrənməyə nə vaxtdan başlamısınız?
- 1968-ci ildən bu günə qədər Azərbaycan Milli Elmlər Akademiyasında çalışıram. 1970-ci ildən 1988-ci ilə qədər Qarabağın Füzuli, Xocavənd, Ağdərə, Laçın, Kəlbəcər, Tuğ və s. yerlərini qarış-qarış gəzmişəm. Digər tərəfdən, Qarabağda dünya şöhrətli Azıx paleolit düşərgələri 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən qeydə alınıb. Onun 1960-cı ildən apardığı tədqiqatlar nəticəsində bu günə kimi dünyada analoqu olmayan Azıx, Tağlar düşərgələri aşkara çıxarılıb. Azıx düşərgəsi insanın yaranması, formalaşması və inkişaf etməsi üçün zəngin stratiqrafiyaya, maddi mədəniyyət qalıqlarına, heyvan sümüklərinə və s. malik olan bir abidədir. Məhz buna görə də dünya alimləri bu gün Azıxda aparılan tədqiqatlara çox yüksək qiymət verir. Qarabağ nə üçün mənə belə əzizdir? Məmmədəli Hüseynovla birlikdə Qarabağın maddi mədəniyyət abidələrini qarış-qarış gəzmişəm və gördüklərimi gündəliyimə köçürmüşəm.
- Bu kitabı yazmaqda məqsədiniz nə olub?
- Deyə bilərəm ki, 1968-ci ildən bu günədək Qarabağa aid 137 məqaləm nəşr edilib və 7-ci kitabım çapdan çıxıb. "Qarabağın paleolit düşərgələri" kitabını yazmaqda əsas məqsədim o olub ki, Qarabağda - Turşsuda, Füzulidə, Şuşada, Kəlbəcərdə, Laçında onların suyunu içib, çörəyini yemişəm. Qarabağ insanları müqəddəs insanlardır. Onları didərgin salan erməni mafiyasına xidmət edən qüvvələrdir. Mən də arxeoloq-tarixçi olaraq 1988-ci ildən qarşıma məqsəd qoydum ki, Qarabağda baş verən konfliktləri, ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətləri tarixi nöqteyi-nəzərdən araşdırım. Mir Möhsün Nəvvab, Məmməd Səid Ordubadi, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə XX əsrdə Azərbaycan xalqının başına gətirilən müsibətlər, erməni məsələsi ilə bağlı yazıblar. Bu məsələyə iki nəfər kitab həsr edib. Mir Möhsün Nəvvab "Erməni-müsəlman davası" və Məmməd Səid Ordubadi isə "1905-06-07 Qanlı illər" kitablarını bu məsələ ilə bağlı yazıblar. Ordubadi 245 məktub alıb və o, problemlə bağlı 5 səbəb göstərib. O yazır ki, bu gün başımıza gətirilən müsibətlərin kökündə bizim bisavadlılığımız, siyasətdən uzaq olmağımızdır. Mən isə bütün Avropanı gəzmişəm, Fransanı, İtaliyanı, Qafqazı. Azərbaycan alimləri Məmmədəli Hüseynov, Dəmir Hacıyev, Naib Şirinov, Ələşrəf Məmmədov - bunların sayəsində elmə gəlmişəm, mənim savadım var. Bu savadı həm Azərbaycan dövləti naminə, həm Azərbaycan xalqı naminə, həm də bəşəriyyəti qorumaq naminə, nə qədər nəfəsim gəlirsə, işləyəcəyəm. Ona görə də 1988-ci ildə baş verən hadisələr məni çox məyus edirdi. Çünki güllər, çiçəklər, hər şey yaranandan sonra insan da yaranıb. Amma insan yırtıcı deyil, yaradıcı olmalıdır!
- Kitabda elə məsələlərə toxunmusunuz ki, bu barədə çox az yazılır, danışılır. Əslində, bu kitab həm də bəşəriyyətə bir mesajdır...
- Doğrudur. İnsan nə üçün yırtıcıdır? Bunun səbəblərini araşdırdım. Gördüm ki, insanın yırtıcı olmasında rolu olan amillər var. İnsan haram yeyir, başqasının yolunu kəsmək, haqqını tapdamaq, əməyini mənimsəmək yolunu tuturlar. Tarixi belələri saxtalaşdırır. Saxtalaşdırma məsələsində iki qüvvə mövcuddur. Biri savadsızlardır ki, bilməyərəkdən saxtalaşdırmaya yol verirlər, o birilər isə savadı olub bilərəkdən saxtalaşdırmanı həyata keçirənlərdir. Bilərəkdən saxtalaşdıranlar daha təhlükəlidir. Ona görə ki, o, xalqı aldadır.
50 ildir elmdəyəm, 33 il də Azərbaycanın müxtəlif ali məktəblərində dərs demişəm. Bəşəriyyəti elm, savad, mədəniyyət xilas edəcək. Bu gün hamı Avropaya həsəd aparır. Halbuki, 15-ci əsrə qədər Avropada insanlar barbarcasına yaşayırdı. Məsələn, savadlı, bilikli Janna Darkı tonqalda yandırdılar. Onlar bunu savadsızlıqdan edirdilər. Onlar Şərqin mədəniyyətini mənimsədilər.
- Kitab deyəsən yazıldığı vaxtdan xeyli sonra nəşr olunub. Niyə gecikdi ki?
- Bəli, üç il idi ki, "Qarabağın paleolit düşərgələri" kitabı hazır olmağına baxmayaraq, çap edə bilmirdim. Nəhayət, dostlarımın köməyi ilə çap edə bildim. Bayaq bu kitabı yazmağımın bir səbəbini açıqladım. Digər səbəbini də deyim. Bilirik ki, 2016-cı ildə aprel döyüşlərində müqəddəs Qarabağ torpağının bir parçası işğaldan azad olundu. Döyüş zamanı Azərbaycan oğulları şəhid oldu. Bu kitab aprel döyüşləri zamanı şəhid olan qəhrəman Azərbaycan əsgərlərinin əziz xatirəsinə həsr olunub. Bundan əvvəl nəşr edilən və sayca beşinci kitabım olan "Azərbaycanın ilk sakinləri" dünyasını dəyişmiş Azərbaycan alimlərinin və Qarabağda şəhid olmuş əziz insanların xatirəsinə həsr edilmişdi. Mənim Əfruz adlı əmim oğlu da 1987-1992-ci illərdə Qarabağda döyüşüb və Çaykənd əməliyyatında da olub. Sonuncu dəfə 1992-ci il mayın 8-dən 9-na keçən gecə Bala Kirsdə itkin düşüb. 55 nəfərdən 52-si geri qayıtdı, amma Əfruz Cəfərov, kapitan, ağdamlı Şahin və ağsulu İslam şəhid oldular, tikələri də tapılmadı. Bu gün də mən onların yolunu gözləyirəm. Nə vaxtsa gələcəklər... Çünki əmim oğlu 1992-ci il may ayının 2-də mənə zəng etdi. Soruşdum ki, əmioğlu, sən haradasan? Dedi ki, Şuşadayam. Dedim ki, orada nə edirsən? Cavab verdi ki, insanlar gedib, onların əmlakını qoruyuram. Mayın 3-də Bala Kirsə gediblər. Gedənlərdən 52 nəfər qayıtdı. O qayıtmadı. XX əsrdə 7-ci hadisədir ki, ermənilər bizim başımıza gətirir. Bu gün hələ bəziləri ayılmır. Bütün bəşəriyyət yığışıb erməni terrorunun kökünü kəsməlidir. Çünki dünyada aparılmış tədqiqatlardan irəli gələn statistik rəqəmlər göstərir ki, bütün terror hadisələrini erməni mafiyasına xidmət edən adamlar törədib. Moskvada metroda, istər Parisdə, istər Türkiyədə, eləcə də digər yerlərdə törədilən terror aktları ermənilərin iştirakı ilə baş verib.
Mən insanın 5 milyon ildən bəri tarixini öyrənirəm, bəs niyə insan yırtıcıdır? İnsanları yırtıcılığa savadsızlıq vadar edir. İnsan elmlidirsə, savadlıdırsa, o heç bir vaxt yırtıcı ola bilməz. Bir sözüm də var ki, ağlı olan insana pul, zor və qılınc lazım deyil, o, ağılla inkişaf edər, təbiətə, cəmiyyətə, dövlətinə xeyir verər.
- Kitabda Qarabağın qədim arxeoloji mənzərəsi tam olaraq ifadə olunubmu?
- Bəli. "Qarabağın paleolit düşərgələri" kitabımda Quruçay mədəniyyəti, qədim Aşel, orta Aşel, son Aşel, Mustye mədəniyyəti, üst paleolit dövrü və s. öz əksini tapıb. 48 səhifə Qarabağ arxeoloji və tarixi mənbələrdə vermişəm. Qarabağın 2,5 milyon il bundan əvvəl başlayaraq indiyə qədər olan tarixini vermişəm ki, ermənilər də bu kitabı oxuyub nə qədər haqsız olduqlarını dərk etsinlər. Mən Tuğda çox olmuşam, burada keçən əsrin 60-70-ci illərində ermənilər və azərbaycanlılar qardaş kimi yaşayırdı, xeyir-şərləri bir olub. Cəfər Cabbarlı "1905-ci ildə" adlı əsərində o münasibətləri təsvir edib. Lakin 1988-ci ildən indiyə qədər biz əsl erməni yırtıcılığını görmüşük. Bu niyə baş verib? Buna təkan verən erməni yırtıcı ziyalılarının yırtıcı fikirləridir. Məsələn, Zori Balayan 1984-cü ildə "Ocaq" kitabı yazıb. Bu kitab tamamilə saxta məlumatlar əsasında yazılıb. ABŞ-ın professoru Samuel A.Uims "Ermənistan terrorçu "xristian" ölkənin gizlinləri" kitabını yazıb. Kitabın birinci cildi 2003-cü ildə ABŞ-da çap edilib. O göstərir ki, ey xristianlar, bu gün erməni mafiyasına xidmət edən qüvvələr "ermənilər acından ölür" deyib bizi aldadırlar, biz də onlara pul göndəririk, onlarsa pulu silah almağa və tarixi saxtalaşdırmağa sərf edirlər. Biz insanıq, Allahımız da birdir, təbiətimiz də.
1988-ci ilin fevralından başlayaraq bu günə qədər baş verən hadisələr göstərir ki, erməni mafiyasına xidmət edən insanlar nəinki Azərbaycana qarşı, hətta Azərbaycanın Azıx, Tağlar, tunc dövrünə və digər dövrlərə aid düşərgələrinin, Xocalı kurqanlarının tarixini saxtalaşdırmaqla, öz nəvə-nəticələrinə xəyanət etmiş olurlar. Aparılmış kompleks elmi tədiqatlar göstərir ki, 2,5 milyon ildən bu günə qədər orada Azərbaycan xalqının ulu əcdadları yaşayıb. Azıxda aparılan tədqiqatlarda 2,5 milyon ildən ta orta əsrlərə qədər olan bütün arxeoloji mədəniyyətlərdə varislik ənənələri qeydə alınıb. Mənim rəhbərliyimlə Tağlarda aparılan tədqiqatlar göstərdi ki, Tağlar mədəniyyətinin dövründə kamil insanlar meydana gəlmişlər, Azıxda yaşamış ibtidai insanlar homosapies tipli insanlara çevrilib. Bizim ulu əcdadlarımızın tarixi Qarabağdan başlayır. Hətta 1988-ci ildə bu hadisələr ilk dəfə cərəyan edəndə yaponlar Dağlıq Qarabağda yaşayan "ermənilər"in və İrəvanda yaşayan ermənilərin qanını analiz etdilər. Onların qan qrupu fərqlənirdi. Çünki Dağlıq Qarabağda tarixən türk tayfaları ilə birlikdə alban tayfaları yaşayıb. Orada Azərbaycan dövləti olub. Biz tarixə nəzər salsaq görərik ki, 4-cü əsrdən 1921-ci ilə qədər tarixdə erməni dövləti olmayıb. Lakin 19-cu əsrin sonlarından etibarən "Qınçaq", "Daşnaksütyun" partiyaları yaranıb, "Böyük Ermənistan" yaratmaq üçün proqram hazırlayıblar. O proqramın da müəyyən hissələrini yırtıcılıq yolu ilə həyata keçirməyə nail olublar. Ona görə də bütün bəşəriyyət birləşib Qarabağı azad etməklə, Azıx, Tağlar düşərgələrini azad etmiş olar. Bu da bəşər mədəniyyətinə verilən ən böyük töhfə olar.
- Beynəlxalq tədbirlərə gedirsinizmi? Burada erməni saxtakarlığını ifşa etmək mümkündürmü?
- Əvvəlcə qeyd edim ki, dünya paleolit məktəbinin əsası XIX əsrdə Fransada qoyulub. İstər XIX, istər XX və istərsə də XXI əsrlərdə arxeoloji tədqiqat işləri aparmış Fransa alimləri bu məktəbi daha da zənginləşdirib və yeni-yeni paleolit düşərgələri aşkar edərək, Fransa ərazisində ibtidai insanların məskunlaşma tarixinin bir milyon ilə bərabər olmasını arxeoloji tapıntılarla sübuta yetiriblər. 2003-cü ilin fevral ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq arxeoloji konfransda mən "Azərbaycanın paleolit düşərgələri" adlı elmi məruzə ilə çıxış etdim. Məruzədə Azərbaycan ərazisində olan paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının xarakterik xüsusiyyətləri şərh olunmuşdu. Eyni zamanda, çoxtəbəqəli Azıx, Tağlar və Qazma paleolit düşərgələrinin arxeoloji materiallarının Qafqaz və Yaxın Şərq abidələri arasında mövqeyi elmi faktlarla təhlil olunmuşdu. Beynəlxalq proqrama müvafiq olaraq Qafqazın paleolit düşərgələrinin və o cümlədən Dmanisinin arxeoloji tapıntıları tədqiq edilmiş və onların xarakterik xüsusiyyətləri araşdırılmışdı. 1991-2003-cü illərdə Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı zəngin maddi mədəniyyət qalıqları tapılıb. Dmanisidən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının dövrü paleomaqnit yolu ilə təyin olunub və düşərgədə qədim insanların 1,7-1,8 milyon il bundan əvvəlcədən məskunlaşması müəyyən edilib. Buradan tapılmış paleoantropoloji qalıqlara şərti olaraq Homo Dmanisi adı verilib. Beynəlxaq İNTAS-2000 proqramına uyğun olaraq, Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Hollandiya alimləri bizim dəvətimizlə Bakıya gələrək Azıx, Tağlar, Qazma, Daşsalahlı, Buzeyir və digər paleolit düşərgələrinin maddi mədəniyyət qalıqları ilə tanış olublar. Avropa alimlərindən Anri-dö Lümley, Mariya Antuanetta dö Lümley, D.Lordkipanidze, M.Nioradze, A.Vekua, Sala, Ciakobini, Karbonelli və başqaları Azərbaycanda daş dövrü üzrə aparılan elmi tədqiqat işlərinə yüksək qiymət vermiş və respublikanın paleolit abidələrindən tapılmış maddi mədəniyyət qalıqlarının ibtidai icma tarixinin ayrı-ayrı inkişaf mərhələlərini tədqiq etməklə, bunların mühüm elmi əhəmiyyətə malik olmasını yekdilliklə qeyd etmişlər. Avropa alimləri ilə 2001-2005-ci illərdə apardığımız birgə elmi tədqiqatlar nəticəsində Azıx paleolit düşərgəsində ibtidai insanların 2,5 milyon il bundan əvvəl məskunlaşması arxeoloji materiallar əsasında sübuta yetirilib, Quruçay arxeoloji mədəniyyətinin Qafqaz və Yaxın Şərqdə ən qədim mədəniyyət olması müəyyən edilib. Aparılan arxeoloji tədqiqatlar zamanı Qafqaz və Yaxın Şərq ərazisində qədim aşel mədəniyyətinə aid ən zəngin maddi mədəniyyət qalıqlarının Azıx paleolit düşərgəsinin VI təbəqəsinin tapılması müəyyən olunub. Aparılan beynəlxalq arxeoloji tədqiqatlar zamanı Tağlar paleolit düşərgəsindən tapılmış arxeoloji və paleontroloji materialların müstye mədəniyyətinə aid ən qədim tapıntılar olması və neandertal tipli insanların inkişaf edib homo sapiens tipli kamil insanlara çevrilməsi elmi faktlarla sübuta yetirilib. Eyni zamanda, Azərbaycan ərazisində mustye mədəniyyətinin 120 min il bundan əvvəl başlaması müəyyən edilib.
- Ermənilərə dəstək verən qüvvələr yəqin ki, nə vaxtsa onları ifşa edər?
- Haqlı bizik, amma erməni yalanı dünyanı başına götürüb. Erməni mafiyasına xidmət edən adamlar tarixi saxtalaşdırır. Əminəm ki, bütün bəşəriyyəti erməni saxtakarlığına qarşı birləşdirə biləcəyik.
- "Qarabağın paleolit düşərgələri" kitabının yayımı necə həyata keçiriləcək?
- Bu kitabı satış üçün nəzərdə tutmamışam. Kitabı ilk olaraq aprel döyüşlərində şəhid olmuş Vətən övladlarının valideynlərinə, ailələrinə verəcəyəm, bundan sonra Avropa Şurasına, ABŞ Səfirliyinə və digər səfirliklərə göndərəcəyəm. İnsanların kökü birdir. Ona görə də din xadimləri, elm xadimləri, mədəniyyət xadimləri birləşməlidir. İnsanın şüuru varsa, o yaradıcı olmalıdır, yırtıcı yox.
Əminəm ki, bu kitab şəhidlərin ailəsinə təqdim ediləndə Qarabağda şəhid olmuş insanların ruhu çox sakit olacaq. Bu kitab vasitəçidir. Respublika Prezidenti İlham Əliyevin yeritdiyi siyasət nəticəsində həqiqət öz yerini tapacaq. Qarabağ azad olunduqdan sonra bu, dünya xalqlarına dərs olacaq ki, insanlar bir-birilə zor gücünə danışmamalıdır. Elm, mədəniyyət, idman və digər yollarla danışmalıdır. Bəşər övladının kökü birdir, torpaq müqəddəsdir. Nə insanın, nə torpağın, nə də xalqların tarixini saxtalaşdırmaq olmaz. Nəyə görə? 50 ildir elmdəyəm, Qafqazı qarış-qarış gəzmişəm, İtaliyada, Fransada olmuşam. O vaxt məni Fransaya dəvət edəndə burdan dedilər ki, getməyin. Mən dedim ki, Allah məni qoruyacaq. Üç ay Fransanın müxtəlif şəhərlərində mühazirələr oxudum. Ermənilər də vardı orada. Ermənilər orada özümə deyib ki, bizi aldadıblar, biz uzağı görməmişik. Erməni saxtakarlığı dayanmır. Bu gün nəinki Azərbaycan, eləcə də bəşəriyyət terrora qarşı birləşməlidir. Erməni terrorunun kökünü kəsmək üçün dövlət proqramı hazırlanmalıdır. Qarabağ tarixinə, mədəniyyətinə, arxeologiyasına, soyqırım tariximizə aid bütün kitablar nəinki rus dilinə, ümumiyyətlə dünyanın ən müxtəlif dillərinə tərcümə edilməlidir. Azərbaycanın savadlı alimlərinə şərait yaradılmalıdır ki, Fransada, İtaliyada, Rusiyada mühazirələr oxusun. Yoxsa "mən elmlər doktoruyam, mən professoram, akademikəm" deməklə iş keçmir. Hesab edirəm ki, min illər torpaq altında qalmış abidə naşı adam əli ilə yer altından çıxarılmaqdansa, yer altında qalsa yaxşıdır. Savadlı həkim xəstəni sağaltdığı kimi, savadlı tarixçi də təbiətin tarixini saxtalaşdırmır, təbiətə, cəmiyyətə öz savadı ilə töhfə verir.
İradə SARIYEVA