Suriyaya məlum raket zərbələrindən sonra Rusiya və ABŞ arasında münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi müşahidə olunur. hesab edilir ki, bu hal tərəflərin müxtəlif məkanlarda geosiyasi çəkişməsini daha da dərinləşdirəcək. İlk belə geosiyasi məkan qismində isə elə Suriya, bütünlükdə Yaxın Şərqin adı çəkilir. Amma hadisələrin inkişaf axarı göstərir ki, tərəflər postsovet məkanında, o cümlədən Ukrayna, Qafqaz kimi regionlarda da təhlükəli qarşıdurmaya gedəcək. Əslində, ABŞ-ın raket zərbələrindən hiddətlənən Rusiyanın artıq Qafqazda sərt oyuna başlması aydın müşahidə olunur.
Proseslər göstərir ki, Kreml ilk növbədə ABŞ və Qərb hərbi dairələrinin Qafqazda əsas dayağı sayılan Gürcüstanı hədəfə alıb. Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referenduma Moskvanın münasibəti bunun real təsdiqidir. Qeyd edək ki, qondarma respublikada "prezident seçkisi" keçirilib və nəticələrə əsasən, Cənubi Osetiya "parlamentinin spikeri" Anatoli Bibilov səslərin 57%-ni toplayıb. Bundan başqa, bölgənin adının "Alanya" olaraq dəyişdirilməsi referenduma çıxarılıb. İddia olunur ki, referendumun da nəticələrinə əsasən, bölgənin adı "Alanya" olaraq dəyişdiriləcək. Amma problem təkcə bununla bitmir. Moskva həm də Cənubi Osetiya torpaqlarını öz ərazilərinə qatmağa hazırlaşır. Məsələyə Tiflis artıq çox sərt reaksiya verib. Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib ki, Tiflis qondarma Cənubi Osetiyada keçirilən saxta prezident seçkilərinin nəticələrini tanımır və bölgənin adının "Alanya" olaraq dəyişdirilməsini qəbul etmir. Dövlət başçısı saxta seçkilərin bölgənin Rusiya tərkibinə qatılması yolunda atılan bir addım olduğunu bildirib: "Sözügedən təxribat ölkəmizin suverenliyinə qarşı yönəlib. Etnik təmizləmə nəticəsində bölgədə yaşayan əhalinin böyük bir qismi sürgün edilib. Bundan əlavə, Rusiya hərbi qüvvələrinin işğal etdiyi yerdə ifadə azadlığından danışmaq mümkün deyil".
Amma buna rəğmən, Anatoli Bibilov bəyan edib ki, Cənubi Osetiya Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumun keçirilməsi üçün Moskva ilə müzakirələri davam etdirəcək: "Cənubi Osetiyanın Rusiyaya birləşmək arzusu osetin xalqının parçalanma anından etibarən mövcuddur. Üç ildən sonra osetin xalqının fərqli ərazilərdə yaşamasının 100 illiyi tamam olacaq. Bu, tamamilə yanlışdır. Biz Rusiya ilə müzakirələri davam etdirəcəyik". O bildirib ki, Rusiya qanunları birləşməyə imkan verir, lakin hər şey həm də beynəlxalq vəziyyətdən asılıdır. Moskva isə, əslində, Cənubi Osetiyanın ilhaqı üçün ilkin addımlar atıb. Məsələn, Rusiya prezidenti Vladimir Putin qondarma Cənubi Osetiya ordusunun bir hissəsinin Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olmasına icazə verib. Qeyd edək ki, bundan əvvəl Rusiya hökuməti Cənubi Osetiya ordusunun bir hissəsinin Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil edilməsini təsdiqləmişdi. Bu razılaşmaya əsasən, Cənubi Osetiya vətəndaşları Rusiyanın qondarma respublikadakı 4-cü hərbi bazasında xidmət edə bilər. Bunun üçün onlar öncə Cənubi Osetiya "ordusu"nda xidmətdən imtina etməlidir. Vətəndaşların xidməti qarşılığında onlara maliyyə ödənişi ediləcək.
"Vedemosti" qəzeti artıq analoji razılaşmanın xüsusi xidmət orqanları sahəsində də imzalanacağını bildirib. Belə ki, bu razılaşma Cənubi Osetiya Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarına həm də Rusiya Federal Təhlükəsizlik Xidmətində xidmət etmək imkanı verəcək. Qəzet, həmçinin, Rusiyanın indiyə qədər belə praktikadan istifadə etməsinə də diqqət yetirib. Belə ki, Vladimir Putin 2000-ci illərin əvvəllərində MDB ölkələrinin vətəndaşlarına Rusiya ordusunda xidmət etmək izni verib. Bu imkandan daha çox Ermənistan və Tacikistan vətəndaşları yararlanıb. Sonradan bu praktikadan istifadə dayansa da, 2015-ci ilin əvvəllərində Putin yenidən eyni əmri verib. Bu durumda NATO-nun baş katibi Yens Stoltenberq isə Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq qərarından vaz keçərək öz ordusunu Gürcüstan ərazisindən çıxarmağa çağırıb:
"NATO Gürcüstanın ərazi bütövlüyü və təhlükəsizliyinə sıx bağlıdır. Biz Rusiyanın Gürcüstanın regionları - Abxaziya və Cənubi Osetiya ilə əlaqələrini dərinləşdirməsindən narahatlıq keçiririk. Biz Rusiyanı bu regionları tanımaq qərarından imtina etməyə və öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırırıq". Stoltenberq NATO-nun Gürcüstanla əməkdaşlığı davam etdirəcəyini və bu ölkəyə NATO-ya üzvlük yolunda irəliləməsi üçün müvafiq praktik vasitələr təqdim edəcəyini söyləyib. Elə bununla bağlı olaraq da Rusiya Cənubi Osetiyanın ilhaqını daha sürətlə həyata keçirir. Xüsusən də ABŞ-ın Yaxın Şərqdə Rusiya ilə ziddiyyətinin dərinləşməsi fonunda Kreml Qafqazda Qərbi sıxışdırmaq üçün daha aqressiv mövqe sərgiləyir. Bu fonda gürcü ərazilərinin bir hissəsinin tezliklə Rusiyanın tərkibində olması istisna edilmir.
Xatırladaq ki, Cənubi Osetiya Gürcüstan ərazisidir. Bu ərazi 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra öz müstəqilliyini elan edib. Qondarma rejimin müstəqilliyini indiyə qədər Rusiya, Venesuela, Nikaraqua, Nauru və Tuvalu tanıyıb.
Tahir TAĞIYEV