Ermənistanda parlament seçkiləri başa çatdıqdan sonra İrəvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı siyasət yürüdəcəyi xüsusi maraq doğurur. Çünki hələ seçkilərdən əvvəl erməni tərəfi məsələnin dinc yolla həllinə imkan verən danışıqlar prosesindən yayınmağa daha çox üstünlük verirdi. Seçkilərdən sonra düşmənin cəbhədə təxribatlarının sayının artması Ermənistanın hələlik danışıqlar məsələsində qeyri-konstruktiv yanaşmasını davam etdirəcəyini ehtimal etməyə əsas verir. Lakin erməni rəhbərliyinin bu siyasəti elə Ermənistanın özündə ciddi narazılıqla qarşılanır. İndi çoxları bəyan edir ki, bu siyasət yeni müharibəni tətikləyir və belə müharibə öz növbəsində Ermənistan üçün böyük fəlakət deməkdir.
Digər tərəfdən Ermənistanın danışıqlardan yayınmaqla müharibənin yenidən başlanmasına şərait yaratması vasitəçi qismində çıxış edən Minsk Qrupunun həmsədr ölkələrinin də maraqlarına cavab vermir. Onlar Serj Sarkisyan iqtidarının bu şıltaqlığı ilə bölgədə yeni genişmiqyaslı hərbi əməliyyatların başlamasını regionda maraqları üçün ciddi təhdid sayırlar. Ümumiyyətlə, indiki mürəkkəb beynəlxalq şəraitdə Qarabağ münaqişəsinin yenidən alovlanması təkcə region yox, Rusiya, Qərb üçün də ciddi təhlükə hesab olunur. Elə bu səbəbdən İrəvanın danışıqlar masasına qayıtması üçün ona beynəlxalq təzyiqlərin artması tamamilə gözləniləndir. Nəhayət, erməni ordusunun yenidən Azərbaycan əsgərləri ilə üz-üzə gəlməsini istəməyən Ermənistan daxilindəki qüvvələr də Sarkisyan iqtidarı üzərində təzyiqləri artırır. Azərbaycan isə məsələni konkret qoyur: ya danışıqlar yolu ilə məsələnin həllində real addımlar atılmalı, ya da işğal altındakı ərazilər, güc yolu ilə olsa belə, azad edilməlidir. Özü də bütün baş verən proseslərə görə məsuliyyəti də məhz Ermənistan daşıyacaq.
Aydındır ki, hərb müstəvisində Ermənistan Azərbaycanla üz-üzə gəlmək iqtidarında deyil. Sadəcə, düşmən tərəf müəyyən hamilərinə güvənib aqressiv mövqedən çıxış edir. Amma proseslərin analizi göstərir ki, hətta hamiləri belə, Ermənistan rəhbərliyinin indiki mövqeyindən narazıdır və İrəvanın danışıqları davam etdirməsini istəyirlər. Bu fonda gözləmək olar ki, istəməsə belə, İrəvan danışıqlar prosesinə qaytarılacaq və hətta artıq müəyyən nəticələrin əldə olunması üçün güzəştlərə də gedəcək.
Ermənistanın danışıqlar prosesini hər vəchlə dayandırmaq niyyətinin puça çıxacağını Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev də xüsusi olaraq vurğulayıb: "Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk Qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Hesab edirəm, Ermənistana, onun işğalçı siyasətinə Minsk Qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsin və işğala son qoysun. Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir... Onu da qeyd etməliyəm ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq obyektinə çevrilib. Odur ki, nə qədər tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik".
Beləliklə, Azərbaycan məsələni kifayət qədər aydın şəkildə qoyur və düşmənə də konkret mesajlar verir. Bu mesajların əsas mahiyyəti də ondan ibarətdir ki, ya Ermənistan mümkün qədər tez danışıqlar masasına qayıtmalı, real nəticələrin əldə olunması üçün konstruktiv yanaşma sərgiləməli, ya da onun üçün böyük fəlakətlərə yol açacaq savaşa hazır olmalıdır. Bir çox ekspertlər hesab edir ki, əslində, parlament seçkilərinin nəticələri məlum olduqdan sonra Ermənistanın danışıqlar prosesinə qayıtması üçün ona beynəlxalq təzyiqlərin artması qaçılmaz olacaq. Bu arada bir məqamı da qeyd edək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası seçkiyə tam olaraq yekun vurub. Artıq bəllidir ki, Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyası 58 mandat əldə edib. Hökuməti təkbaşına formalaşdırmaq üçün 54 mandat yetərlidir. Deməli, Ermənistanda hakim partiya koalisiya olmadan da hökuməti qura biləcək. Bu fonda belə fikirlər geniş yayılmağa başlayıb ki, artıq istədiyi nəticələri əldə etdikdən sonra Sarkisyan Minsk Qrupu tərəfindən danışıqlar masasına əyləşməyə məcbur ediləcək. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Vladimir Suxov bununla bağlı diqqəti ona yönəldir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün aktiv səylər göstərməyə başlayıb və İrəvan üzündən müharibənin başlanmasını istəmirlər: "Bu istiqamətdə iş bütün səviyyələrdə davam edir. Hesab olunur ki, tərəflər danışıqlar masasına qayıdacaq və dialoqu yeniləyəcək. Lakin Ermənistanda seçkinin nəticələri ilk baxışda göstərir ki, İrəvanın indiki siyasi kursuna alternativlər yoxdur və Ermənistan Qarabağ münaqişəsində danışıqlar masasına gəlməyəcək. Lakin bu yanlış təsəvvürdür. Çünki qeyri-konstruktiv yolu davam etdirmək münaqişənin gec-tez böyük müharibəyə çevrilməsinə gətirib çıxaracaq. Buna görə də prezident Sarkisyanın öz xalqına başqa seçim təklif etməyinin vaxtı çatıb. Bu, Qarabağ münaqişəsinin nizama salınmasında mühüm addımlara getməkdir. Gecikmək Ermənistan üçün ölümü yaxınlaşdırır".
Ölkənin birinci prezidenti, Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan da seçkisonrası vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı yeni məqaləsində qeyd olunan səpkidə maraqlı fikirlər səsləndirib. Petrosyan öncə aprelin 2-də keçirilən parlament seçkiləri haqda danışarkən xalqın pis vəziyyətdə olduğunu bildirib: "Seçkiyə, hakimiyyətlə yanaşı, kasıblaşmış xalq da böyük təsir göstərdi. Ölkə tamamilə korlanıb, idarəçilik vəzifəli şəxslərin, hüquq-mühafizə orqanlarının, sahibkar-inhisarçıların və kriminal avtoritetlərin əlindədir. Qul statusuna məhkum edilmiş xalqın taleyi onların əlindədir". Bu vəziyyətdə o, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hakim təbəqənin daha asan şəkildə qərar verə biləcəyini vurğulayır. Ter-Petrosyan hesab edir ki, hazırda danışıqlar masasında olan variant ən yaxşı təklifdir:"Ərazilərin qaytarılması və təhlükəsizliyin təmin edilməsi lazımdır. Vaxt keçdikcə bu bizim ziyanımıza işləyir". Keçmiş prezidenti həm də o narahat edir ki, bəzi erməni media orqanlarında və sosial şəbəkələrdə müəyyən qüvvələr Ermənistan və Dağlıq Qarabağın separatçı rejimi arasına, belə demək mümkünsə, pazlar vurmağa çalışırlar: "Bu, Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında düşmənçiliyin qızışdırılmasına yönəldilib. Bu qəbuledilməzdir. Ermənilərin Qarabağdakı müharibəyə görə dözdüyü məhrumiyyətlər qarabağlıların qınanılması üçün əsas deyil".
Qeyd edək ki, Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi seçkiyə "sülh, barışıq, mehribanlıq" şüarı ilə qatılmışdı. Ermənistanın birinci prezidenti hesab edir ki, nə qədər gec deyil, ərazilər qaytarılmalı və Qarabağ münaqişəsi həll edilməlidir. Hələ seçkidən əvvəl o, bu xüsusda bildirirdi: "Əraziləri könüllü qaytarmasaq, onu bizdən sanksiyalarla alacaqlar. Ermənistanın gələcəyi üçün bu addımı atmalıyıq. Sonrakı nəticələr daha dəhşətli olacaq". İndi Ter-Petrosyana görə, daha böyük problemlərdən qaçmaq üçün Sarkisyan hakimiyyəti könüllü danışıqlar prosesinə qayıtmalı və ərazilərin azad edilməsi üçün nəhayət əməli addımlar atmalıdır. Bu, ən azından, Ermənistanın öz maraqları üçün vacib sayılır. Özü də nəzərə almaq lazımdır ki, Ermənistana danışıqlar prosesinə qayıtmaq üçün beynəlxalq miqyasda təzyiqlər edilir. Eləcə də, yuxarıda qeyd olunduğu kimi, danışıqlara qayıtması üçün erməni rəhbərliyinə daxili təzyiqlər də edilir. Hətta Levon Ter-Petrosyanın rəhbərlik etdiyi qüvvələr yeni parlamentin işini boykot belə edəcəklərini bildirir. Yeri gəlmişkən qeyd edək ki, sabiq prezident hətta Ermənistan parlamentinin yeni tərkibdə 27 aprel tarixində ilk iclasını keçirməsinin də qarşısını ala bilər. O, parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etsə, Ermənistan parlamentinin bu aya nəzərdə tutulan ilk iclası baş tutmayacaq. Konstitusiya hüquqları üzrə mütəxəssis Qrayr Tovmasyanın sözlərinə görə, Konstitusiya Məhkəməsinə 14 aprelə kimi şikayət ünvanlansa, onun araşdırılmasına 15 gün vaxt sərf olunacaq, bu müddət isə 29 apreldə başa çatacaq. Məhkəmənin yekun qərar verməsi halında erməni parlamenti 18 mayda ilk plenar iclasını keçirə bilər. İndiki vəziyyətdə isə yeni parlamentin iclasının bu qədər təxirə düşməsi Sarkisyan iqtidarına sərf etmir. Çünki bu fonda daxili etirazlar daha da güclənə bilər. Amma Ter-Petrosyan bildirir ki, yalnız Qarabağ məsələsində real addımlar atsa, hakimiyyətlə əməkdaşlığa gedə bilər. Erməni ekspert Anahid Kiroyan bunu sabiq prezidentin Sarkisyan iqtidarına təzyiqinin bir forması sayır. Onun fikrincə, bu yolla Ter-Petrosyan Qarabağ məsələsində hansısa irəliləyişin olmasını istəyir: "Çünki Ter-Petrosyan Qarabağ konfliktini bütün problemlərin kökündə görür. O hesab edir ki, Qarabağ konflikti həllini tapsa, Ermənistanda vəziyyəti dəyişmək, demokratik qüvvələrin iqtidara gəlişini təmin etmək mümkün olacaq. Bu səbəbdən Ter-Petrosyan ilk növbədə Qarabağ məsələsinin həllini tapıb gündəmdən çıxmasını istəyir. Bunun üçün o, ən müxtəlif yolla hakimiyyətə təsir göstərməyə çalışır. Ter-Petrosyan həm də bu problemin beynəlxalq təşkilatlarda daha fəal şəkildə müzakirə edilməsinin tərəfdarıdır. O, ilk olaraq Minsk Qrupunun, xüsusən də Rusiyanın məsələdə fəal olmasını da istəyir". Bütün bunlar isə Ermənistan hakimiyyətinə Qarabağ məsələsində daxili təzyiqlərin daha da artacağını deməyə əsas verir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.