Məhəmməd Əsədullazadə: "Həmsədrlər İrəvanı substantiv danışıqlara cəlb etmək istəmir"
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin həmişəki kimi diqqət mərkəzində olduğunu deyib: "Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək".
Bununla yanaşı, ölkə başçısı ATƏT-in Minsk Qrupunun fəaliyyətinə tənqidi prizmadan yanaşıb. Prezident vurğulayıb ki, Minsk Qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər. Dövlət başçısı əlavə edib ki, bu, əslində, işğala son qoyulması deməkdir: "Hesab edirəm, Ermənistana, onun işğalçı siyasətinə Minsk Qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar. Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Çünki bəzi hallarda biz bu ikili standartlarla üzləşirik. Postsovet məkanında mövcud olan münaqişələrə bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə bağlı daha dəqiq ifadələr işlənilir".
Ümumilikdə, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi bu cür davam edərsə, nə baş verəcək? Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu, cəbhə bölgəsində növbəti eskalasiyaya gətirib çıxara bilər: "Ermənistanda parlament seçkilərindən sonra Qarabağ danışıqlarında hazırda nisbi sakitlikdir. Mart ayında Minsk Qrupunun regiona səfəri, Bakı və İrəvanda keçirdikləri görüşlər, həmçinin, ABŞ həmsədri Hoqlandın 3 maddəlik təkliflərinin münaqişənin həlli istiqamətində irəliləyişə aparacağı gözlənilirdi. Aydın oldu ki, Minsk Qrupunun razılaşdığı 3 maddəlik təkliflərdə ərazilərin qaytarılması ilə eyni yekunda Qarabağda referendum keçirilməsi nəzərdə tutulur. Təbii ki, bu, Azərbaycan tərəfindən qəbul edilmədi. Kəskin tonda sərt reaksiya verildi. Mart ayında Minsk Qrupunun növbəti diplomatik fəaliyyəti də fiaskoya uğradı. Prezident İlham Əliyevin Minsk Qrupunun fəaliyyətini tənqid etməsi əsasən həmsədrlərin son səfərində irəli sürdüyü təkliflərlə bağlıdır. Prezidentin sərt reaksiyası, tənqidi göstərir ki, bundan sonra da Minsk Qrupunun fəaliyyətində ciddi dönüş gözlənilmir. Artıq diplomatik danışıqlarda çox passivlik hökm sürür. Həmsədrlər İrəvanı substantiv danışıqlara cəlb etmək istəmir. Minsk Qrupunun fəaliyyətsizliyi cəbhə bölgəsində növbəti eskalasiyaya gətirib çıxara bilər. Qeyd edim ki, bu ayın sonunda Rusiyanın vasitəçiliyi ilə danışıqlar yenidən baş tutarsa da, ciddi irəliləyiş gözlənilmir. Azərbaycana qarşı gələn il prezident seçkiləri qabağı Rusiyanın təzyiq rıçaqları işə düşə bilər. Bu təzyiqlər diplomatik və cəbhə xəttində gözlənir. Hesab edirəm ki, Azərbaycan Avropa İttifaqı və ABŞ-la əlaqələri möhkəmləndirməlidir ki, mümkün təzyiqlərdən müdafiə olunsun".
Vidadi ORDAHALLI