Aqşin Əliyev: "Bütün dünya belə bəlalarla mübarizə aparmalıdır"
Məlum olduğu kimi, tanınmamış Cənubi Osetiyada "seçki və referendum" keçirilib. Azərbaycan məsələyə dərhal reaksiya verib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Osetiyada keçirilən qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda qeyd olunub ki, Azərbaycan Cənubi Osetiyanın müstəqilliyini və aprelin 9-da bu bölgədə keçirilən qondarma seçkiləri və referendumun nəticələrini tanımır.
"Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir", deyə bəyanatda vurğulanıb.
Çox maraqlı detal bundan ibarətdir ki, qondarma qurumlarda keçirilən saxta seçkilərə əksər hallarda, bir qayda olaraq, yalnız separatçılıqdan əziyyət çəkən ölkələr reaksiya verir. Başqa ölkələrin belə mövzulara biganə yanaşması nə ilə bağlıdır?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, deyilən məsələ çox ciddidir: "Əksər hallarda isə, qondarma qurumlar bir-birinin daxilində keçirilən seçkiləri tanıdıqlarını bəyan edirlər. Biz də müşahidələrimizdən görürük ki, bir çox ölkələr separatçılıqdan əziyyət çəkmədiyi üçün, belə mövzulara ümumiyyətlə reaksiya vermir. Təbii ki, onlar tərəfindən keçirilən seçkilər təqdir də edilə bilməz. Bu, birbaşa separatçılığın dəstəklənməsi anlamına gələ bilər. Susmaq da heç yaxşı məna vermir. Hesab edirəm ki, bu mövzuya da münasibət terrora olduğu kimi özünü göstərməlidir. Dünyanın istənilən ölkəsində bir terror aktı baş verən kimi bütün ölkələr, birmənalı olaraq, onu lənətləyir. Separatizm heç də ondan geri qalmır. Terror məhz elə ocaqlardan doğur. Buna görə də bütün dünya belə bəlalarla mübarizə aparmalıdır. Ancaq bu dəfə ABŞ Dövlət Departamenti Gürcüstanın separatçı Cənubi Osetiya regionunda keçirilən "prezident seçkiləri" və addəyişmə "referendum"u barədə bəyanat yayıb. Dövlət Departamentinin bəyanatında bildirilir ki, ABŞ bu "seçkiləri", eləcə də martın 12-də Gürcüstanın digər işğal olunmuş bölgəsi - Abxaziyada keçirilmiş "parlament seçkiləri"ni tanımır. Qeyd edim ki, separatçılıqdan əziyyət çəkən ölkələrin ərazi bütövlüyü hansı dövlətlər tərəfindən tanınırsa, onların hamısı belə seçkiləri xüsusi bəyanatla pisləməlidir".
Məhəmmədəli QƏRİBLİ