Vəfa Heydərli: "Onların səyləri heç bir fayda verə bilməz"
Son günlər Yaxın Şərqdə gərginliyin artması dünyanın iki superdövlətini yenidən üz-üzə gətirmiş olub. Aprelin 7-də səhərə yaxın ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb. Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub.
ABŞ-ın raket zərbələri nəticəsində ölən insanların olduğu açıqlanıb. Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzi (SOHR) isə raket zərbələri nəticəsində azı 4 Suriya hərbçisinin öldüyünü və aviabazanın, demək olar ki, tam dağıdıldığını bildirib.
Qeyd edək ki, aprelin 4-də Bəşər Əsəd rejiminə aid hərbi təyyarələrin İdlib şəhərinə zərbələr endirməsi nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Məlumat üçün bildirək ki, Suriyanın strateji nöqtəsində Rusiyanın aviabazaları yerləşir.
Faktiki olaraq, hadisələr Rusiya ilə ABŞ arasında münasibətləri gərginləşdirir. Hər iki ölkənin Minsk Qrupunun həmsədri olmasını nəzərə alsaq, onda belə vəziyyət Dağlıq Qarabağ probleminin nizamlanmasına necə təsir göstərəcək?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Dağlıq Qarabağ probleminin nizamlanması ilə məşğul olan bu formatda təmsil olunan ölkələrin arasında vəziyyətin gərginləşməsi bizim üçün yaxşı nəsə vəd etmir: "Onsuz da bu format uzun illərdir bir nəticə ortaya qoya bilməyib. Faktiki olaraq, Dağlıq Qarabağ məsələsində heç bir irəliləyiş yoxdur. Ancaq nə qədər də olmasa, vasitəçilik adı ilə imitasiya edə bilirdilər. Təbii ki, söhbət dünyanın iki superdövlətindən gedirsə, onlar üçün yalnız Dağlıq Qarabağ problemi prioritet sayıla bilməz. Ancaq bizim üçün bu olduqca önəmlidir. Vasitəçilik missiyasını üzərinə götürən 3 ölkədən ikisi faktiki olaraq müharibə həddinə gəlibsə, deməli, onların səyləri heç bir fayda verə bilməz. Yəqin ki, bütün dünya bu iki ölkənin münasibətlərinin normallaşması istiqamətində səylərə başlayacaq. Bu səbəbdən də Azərbaycan problemin həlli üçün başqa alternativləri nəzərdən keçirməlidir. Biz Suriyada yaranan gərginlikdən əvvəl də belə qənaətdə idik. İndiki vəziyyət isə bunu daha aydın büruzə verir".
Məhəmmədəli QƏRİBLİ