Yaxın Şərqdə vəziyyət gedərək daha dramatik xarakter almağa başlayır. ABŞ-ın Suriyaya endirdiyi məlum raket zərbələrindən sonra Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən devriləcəyinə dair ehtimalların gücləndiyi bir vaxtda Rusiya və İran ABŞ-a açıq şəkildə meydan oxumağa başlayıb. Qeyd edək ki, Rusiya, İran və Bəşər Əsədi dəstəkləyən qrupların yaratdığı qərargah ortaq bəyanat yayaraq Suriyada aviabazaya raket zərbəsi endirməklə ABŞ-ın "qırmızı xətt"i keçdiyini bildirib. Eyni zamanda, bundan sonra Suriyaya qarşı hər hansı hücuma cavab veriləcəyi vurğulanıb.
Beləliklə aydın olur ki, ABŞ yenidən raket zərbələri endirməyə qərar versə, ilk olaraq Rusiya və İran buna cavab verəcək. Amma Rusiya və İrandan gələn hədələrə baxmayaraq, ABŞ-ın BMT-dəki səfiri Nikki Hali prezident Donald Trampın Suriyada əlavə hərbi əməliyyatlara göstəriş verməli olduğunu və onun bu göstərişi verəcəyini deyib. Belə vəziyyət isə tərəflər arasında müharibəni qaçılmaz edir.
İndilikdə ABŞ-ın Əsəd rejiminin aviabazasına endirdiyi "Tomoqavk" zərbələrinin ardınca Rusiya Suriya sahillərindəki dəniz qruplaşmasını gücləndirir. Rusiyanın Qara dəniz donammasının "Admiral Qriqoryeviç" freqatı Bosfor boğazını keçərək Suriya sahillərinə gəlib. Gəmi müasir elektron müharibə sistemləri və "Kalibr" qanadlı raketləri ilə təchiz olunub. Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov isə bildirib ki, Suriyanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün kompleks tədbirlər görüləcək. Konaşenkov Suriya səmasının tamamilə Rusiya zenit-raket komplekslərinin nəzarətində olduğunu bildirib. Artıq məlumdur ki, Rusiyanın Hmeymim aviabazasında yerləşdirilmiş S-400 zenit-raket kompleksinin radarı "Tomoqavk" zərbələri endirilən "əş-Şaryat" aviabazasını da əhatə edir. Bundan əlavə, Suriya ərazisində S-300 və "Tor-1", "Pantsir" zenit-raket kompleksləri yerləşdirilib. Onların dəqiq sayını heç kim bilmir.
Bu durumda ABŞ da Rusiyaya qarşı yeni kompromatlar toplayır. Belə ki, Birləşmiş Ştatlar Rusiyanın Əsəd rejiminə İdlib vilayətində onlarla insanın ölümünə səbəb olan kimyəvi hücumun keçirilməsində kömək etdiyini ehtimal edir.
Amerikanın adı açıqlanmayan yüksək səviyyəli hərbi rəsmiləri bildiriblər ki, Suriya rejiminin bu hücumu tək keçirmədiyinə dair dəlilləri nəzərdən keçirirlər. Yüksək səviyyəli hərbi rəsmi Pentaqonda müxbirlərə bildirib: "Biz onlara kimin kömək etdiyinə dair dəqiq təsəvvür əldə etmişik". Onun sözlərinə görə, bu, onların ya kimyəvi hücum haqda əvvəlcədən məlumatlı olduğunu, ya da Suriya qüvvələrinə kömək göstərdiklərini təsdiq etmiş olur. Həmin ABŞ rəsmisi "Amerikanın Səsi"nə bildirib: "Rusiya seçim qarşısındadır. O ya kimyəvi silahların bütünlüklə Suriyadan çıxarıldığının məsuliyyətini öz üzərinə götürməlidir, ya da Suriya prezidentinə nəzarət etmək qabiliyyətinə malik olmadığını etiraf etməlidir". Belə vəziyyət isə Rusiya və ABŞ arasında münasibətləri daha da kəskinləşdirir. Hərbi ekspert Vladislav Şurıgin hesab edir ki, belə gedişlə Rusiya və Amerika arasında müharibə qaçılmaz olacaq. Onun fikrincə, ABŞ yenidən Suriyaya raket zərbələri endirsə, Rusiya bu raketləri vuracaq və bununla da iki dövlət arasında müharibə başlayacaq.
Digər ekspert Sergey Kojemyakin isə bildirir ki, amerikalıların zərbələrini ABŞ administrasiyasının qəfil və gözlənilməz addımları kimi qiymətləndirmək olmaz. Onun sözlərinə görə, ABŞ İranın və Rusiyanın regiondakı təsirini minimuma endirməyə, İsrail və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı daha da genişləndirməyə çalışacaq. Ekspert Vaşinqtonun Yaxın Şərqdə, xüsusilə Suriya və İraqda öz mövqeyini gücləndirmək niyyətində olduğunu vurğulayıb. O, buna sübut kimi, ABŞ-ın yüzlərlə hərbçisini bölgəyə göndərməsini və "təhlükəsizlik zonası" yaratmaq təklifi irəli sürməsini göstərib: "Suriyaya raket hücumu, elə kimyəvi hücum məsələsi kimi, Rusiyaya, eləcə də İrana açıq-aşkar siqnal oldu. Yəni Vaşinqtonun onların Suriyadakı mövcudluğuna dözmək niyyəti yoxdur. Buna görə də gələcək hadisələr bu ssenari üzrə olacaq. Əsəd və onun müttəfiqlərinə həm diplomatik, həm də hərbi səviyyədə daha çox təzyiq göstəriləcək". Amma problemin digər tərəfi bölgədə Rusiyanın Əsədə bundan sonra dəstəyini daha da gücləndirməsidir. İndi hesab edilir ki, ABŞ-ın yeni raket zərbələri bölgədə artıq çox dəhşətli müharibəyə rəvac verə bilər. Yəni Rusiyanın buna cavabı genişmiqyasıl savaşı, son nəticədə dünya müharibəsini qaçılmaz edəcək. Maraqlıdır ki, Suriyaya yeni hərbi müdaxilə üçün respublikaçı senatorların prezident Trampa təzyiqinin artması müşahidə olunur. Senator Tom Kotton bu mövzuda bildirir: "Zalımlıqlarına görə Əsəd hökuməti, İran və Rusiyanın məsuliyyət daşıması üçün Suriya ilə bağlı daha güclü siyasətin yürüdülməsinin zamanıdır. Bu siyasət Bəşər Əsədin Suriyanı tərk etməsi ilə başlamalıdır". Amma Rusiya və İran buna qarşı Suriyada güclü müqavimət yaratmağa hazırlaşır. Bu isə ABŞ-ın güc yolu ilə Əsədi devirməsinin o qədər də asan olmayacağını göstərir.
Tahir TAĞIYEV