Məhəmməd Əsədullazadə: "Hər iki ölkəni birləşdirən bu faktor birgə əməkdaşlığı və bir-birinə qarşı hər hansı təcavüzün önlənməsini..."
Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikası Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə, 9 aprel 2017-ci ildə Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır. Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir.
Məlumat üçün qeyd edək ki, 1990-cı illərin əvvəllərində Gürcüstanın Cənubi Osetiya Muxtar Respublikası Rusiyanın dəstəyi ilə ölkənin tərkibindən çıxdığını və öz müstəqilliyini elan edib. Bunun nəticəsində bölgədə müharibə başlayıb və Gürcüstan ərazi bütövlüyünü bərpa edə bilməyib. Dünya ölkələri və beynəlxalq təşkilatlar Cənubi Osetiyanın müstəqilliyini tanımayıb. Münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar heç bir nəticə verməyib. Müharibə nəticəsində Cənubi Osetiya de-fakto müstəqillik əldə etsə də, onun müstəqilliyi heç bir dövlət tərəfindən tanınmırdı.
2008-ci il 8 avqustda gürcü qoşunları öz ərazi bütövlüyünü bərpa etmək üçün separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvali şəhərinə hücum etdi. Gürcü ordusu qısa müddət ərzində Sxinvali şəhərini ələ keçirdikdən sonra Rusiya tərəfi Gürcüstanı işğalçılıqda günahlandıraraq tezliklə şəhəri tərk etməsi haqqında ultimatum göndərdi. Daha sonra rus qoşunları hücuma keçərək Cənubi Osetiya ərazisinə nəzarəti bərpa etdi. Bütün hallarda, Azərbaycan XİN-in Cənubi Osetiyada keçirilən qondarma referendumla bağlı verdiyi bəyanatın nə kimi geosiyasi əhəmiyyəti var?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə rakursdan yanaşdı: "Cənubi Qafqaz regionunda həll olunmamış münaqişlər öz aktuallığını saxlayır. Amma münaqişələrin həll variantlarını axtarmaq əvəzinə, problemləri dərinləşdirən, onun həllini müşkülə çevirən bəzi dövlətlər regionda separatizmi inkişaf etdirir. Gürcüstanın ayrılmaz hissəsi olan separtçı Cənubi Osetiyada keçirilən qondarma seçkilər və referendum buna misaldır. Birbaşa Rusiyanın himayəsi ilə keçirilən qondarma referendumda separatçı qurumun adı Alaniya kimi qeyd ediləcək, Rusiyanın hərbi-siyasi nüfuz dairəsinə daxil olacaq. Keçirilən referendum və seçkilər beynəlxalq hüquq baxımından qanunsuzdur və heç bir ölkə tərəfindən tanınmır. Azərbaycanın da qondarma bir qurumda keçirilən seçkilərə rəsmi şəkildə sərt bəyanatı, separatçılıqdan və işğaldan əziyyət çəkən bir ölkə kimi mövqeyi labüd idi. Cənubi Qafqazda Gürcüstan və Azərbaycanın əraziləri işğala məruz qalıb və hər iki ölkə separatizm problemi ilə üzləşib. Ölkələrimizi birləşdirən bu faktor birgə əməkdaşlığı və bir-birinə qarşı hər hansı təcavüzün önlənməsini tərcih edir. Təəssüf ki, Rusiyadan Ermənistana göndərilən müəyyən hərbi təyinatlı yüklər Gürcüstan ərazisindən keçir və Azərbaycanın işğal olunmuş ərazilərinə daşınır. Azərbaycan XİN-in qonşu ölkənin ərazi bütövlüyü, həmçinin, qondarma referendumla bağlı bəyanatı Gürcüstana tam dəstəyin ifadəsidir. Bu, regionda Azərbaycanın geosiyasi sferada mövqeyinin güclənməsi deməkdir".
Politoloq onu da bildirdi ki, Rusiya Cənubi Osetiyanı işğal etməklə Cənubi Qafqazda təhlükəsizliyi ciddi təhdid etməkdədir: "Azərbaycanın rəsmi mövqeyi bu kimi təxribatların davam etməsinə, presedent olmasına qarşıdır. Rusiya separatçı qurum vasitəsilə rəsmi Tiflisə təzyiq edir. Rusiya qonşu ölkələrin ərazisində separatizmi dəstəkləyəcəksə, öz ərazisində də analoji vəziyyət yarana bilər. Azərbaycan daim bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və güc tətbiqi yolu ilə sərhədlərin dəyişilməsinin əleyhinədir".
Vidadi ORDAHALLI