ABŞ Suriyada üsyançıların olduğu ərazilərə şübhəli kimyəvi silah hücumundan sonra hökumətin hərbi hava bazasına raket hücumları həyata keçirib.
Bu barədə ABŞ prezidenti Donald Tramp əmr verib. Onun sözlərinə görə, bu aerodromdan bir neçə gün əvvəl dinc sakinlərə qarşı kimyəvi silah tətbiq edilib: "Mən bu gün Suriyada kimyəvi hücum edilən aerodroma hərbi zərbə endirilməsi barədə əmr verdim".
Pentaqon bildirib ki, Suriya vaxtilə saat 04:40-da Aralıq dənizinin şərqindən Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna 59 ədəd “Tomahawk” qanadlı raket atılıb.
Homs qubernatoru raket zərbələri nəticəsində 5 nəfərin ölməsi, daha 7 nəfərin yaralanması barədə məlumat verib. O, aerodroma yaxın ərazilərdə yaşayan dinc sakinlər arasında da ölən və yaralanan olduğunu bildirib.
Bu, ABŞ-ın Suriya prezidentinin rəhbərliyi altında olan qüvvələrə qarşı ilk birbaşa hərbi əməliyyatıdır.
ABŞ Suriya bazasına raket zərbələri endirməklə terrorçuları dəstəkləyib. APA-nın “life.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Suriya prezidenti Bəşər Əsədin administrasiyasının yaydığı bəyanatda deyilir.
Bəşər Əsəd rejimini dəstəkləyən Kreml hücumları qınayıb. Rusiya ABŞ-ın Suriya hökumətinin aviabazalarına zərbə endirməsi ilə əlaqədar olaraq Suriyada əməliyyatlar zamanı Vaşinqtonla aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında Memorandumun fəaliyyətini dayandırdığını bəyan edib. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya tərəfi Suriyada əməliyyatlar zamanı aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında ABŞ-la imzalanan Memorandumun fəaliyyətini dayandırır".
Rusiya Prezidenti Vladimir Putin isə RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ABŞ-ın Homs vilayətindəki Şayrat aviabazasına raket zərbələrindən sonra Suriyada vəziyyəti müzakirə edib. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov, görüşdə rəsmi Vaşinqtonun fəaliyyətinin beynəlxalq hüquqa zidd, təcavüz aktı kimi qiymətləndirildiyini bildirib: "Həmçinin bu faktın Rusiya-ABŞ münasibətlərinə zərər vurması ilə bağlı təəssüf qeyd olunub".
D.Peskov əlavə edib ki, müşavirədə Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriya Silahlı Qüvvələrinin antiterror əməliyyatlarına dəstəyi davam etdirməsi məsələsi də müzakirə edilib.
O bildirib ki, Suriya ordusunun kimyəvi silah ehtiyatı yoxdur: "Bütün ehtiyatların məhv edildiyi faktı BMT-nin xüsusi qrupu tərəfindən qeydə alınıb və təsdiqlənib. Prezident Putinin fikrincə, terrorçular tərəfindən kimyəvi silahdan istifadə edilməsi faktlarının tam inkar olunması vəziyyəti ciddi şəkildə çətinləşdirir. Bundan başqa, dövlət başçısı hesab edir ki, ABŞ-ın Suriyaya zərbə endirməsi İraqda dinc əhali arasındakı çoxsaylı itkilərdən diqqəti yayındırmaq cəhdidir".
Peskov deyib ki, Suriya səmasında uçuşların təhlükəsizliyinə dair Rusiya ilə ABŞ arasında imzalanmış memorandum ABŞ-ın Şayrat aerodromuna endirdiyi raket zərbələrindən sonra mənasını itirib.
Rəsmi Moskvanın bu addımının Suriyada Rusiya ilə ABŞ arasında toqquşma riskini artırıb-artırmayacağına gəldikdə isə Peskov bildirib ki, raket zərbələri fonunda bu ehtimal artıq nəzərə çarpacaq həddə artıb. Onun sözlərinə görə, Şayrat aviabazasına raket zərbələri barədə ABŞ Rusiyanı əvvəlcədən xəbərdar edib. O, tərəflər arasında mövcud məlumat mübadiləsi kanalları ilə xəbər aldıqlarını, lakin heç kimin prezident Vladimir Putinə zəng etmədiyini söyləyib.
Peskov məlum insidentdən sonra həmin kanallar vasitəsi ilə məlumat mübadiləsinin aparılmayacağını da deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, ABŞ Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə olunmasına dair hər hansı fakt ortaya qoya bilmir: "Hazırda kimyəvi silahdan istifadə olunmasına dair hər hansı fakt yoxdur. ABŞ ancaq fotolara istinad edib. Yenə də uşaqların fotoları ilə spekulyasiya edilib. Müxtəlif qeyri-hökumət təşkilatlarının fərqli vəziyyətləri səhnələşdirməklə məşğul olan "Ağ dəbilqəlilər" adlandırılan saxtakarların görüntülərinə istinad olunub".
S. Lavrov Moskvanın ABŞ-ın təxribatının geri dönüşü olmayan nəticələrə gətirib çıxarmayacağına ümid etdiyi söyləyib: “ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri saxta bəhanəsi olan təcavüz aktıdır”.
"ABŞ-ın Suriya aviabazasına raket zərbələri 2003-cü ildə İraqdakı vəziyyəti xatırladır. Bu, tamamilə saxta bəhanəsi olan təcavüz aktıdır. Bu hadisə 2003-cü ildə ABŞ və Böyük Britaniyanın bir neçə müttəfiqləri ilə İraqa hərbi müdaxiləsini xatırladır", - deyə o qeyd edib.
"ABŞ tərəfinin məlum fəaliyyətini 2015-ci ildə Suriyaya dair imzalanan Memorandumun kobud şəkildə pozulması kimi qiymətləndiririk". Bunu isə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
O, Rusiya Müdafiə Nazirliyinin Pentaqonla sözügedən memorandum çərçivəsində əməkdaşlığı dayandırdığını söyləyib: "ABŞ-ın zərbələri əsaslandırmaq üçün Dəməşqin 2013-cü ildə kimyəvi silahların qadağan olunması haqqında Konvensiyanı kobud şəkildə pozmasına dair ittihamları əsassızdır. Artıq demişik ki, Suriya qoşunları kimyəvi silahdan istifadə etməyib. ABŞ-dan Suriya ordusunun Han-Şeyhunda kimyəvi silahdan istifadə etməsinə dair sübutlarla bağlı izahat gözləyirik”.
Konaşenkov xatırladıb ki, 2013-2016-cı illərdə Suriya hökuməti kimyəvi silahların ləğvinə dair bütün tədbirləri yerinə yetirib. Onun sözlərinə görə, bütün ehtiyatlar məhv edilib ya Suriya ərazisindən çıxarılıb: “ABŞ administrasiyası dəyişir, amma Yuqoslaviya, İraq və Liviya bombardmanlarından bu vaxtadək müharibəyə başlamaq metodları dəyişmir. Diqqətinizə çatdırıram ki, Suriya aviabazasına endirilən raket zərbələrindən dərhal sonra İŞİD və “Ən Nüsra”nın Suriya qoşunlarına qarşı genişmiqyaslı hücumu başlayıb. Ümid edirik ki, silahlıların bu fəaliyyəti ABŞ tərəfi ilə razılaşdırılmayıb".
İ. Konaşenkov bildirib ki, yaxın vaxtlarda Suriya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin effektivliyini artırmaq və möhkəmləndirmək üçün kompleks tədbirlər görüləcək. “Suriyadakı infrastrukturun daha həssas obyektlərini əhatə etmək üçün yaxın vaxtlarda Suriya hava hücumundan müdafiə sisteminin effektivliyini artırmaq və möhkəmləndirmək üçün kompleks tədbirlər görüləcək”, - deyə o, qeyd edib.
Rusiya MN-in sözçüsü ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələrinin döyüş effektivliyinin çox aşağı olduğunu söyləyib: “Aprelin 7-də Moskva vaxtı ilə saat 03:42 - 03:56 arasında Aralıq dənizi akvatoriyasındakı Krit adası rayonundan ABŞ hərbi dəniz qüvvələrinə məxsus iki hərbi gəmidən Suriyanın Homs əyalətindəki Əş-Şayrat aviabazasına 59 “Tomahawk” qanadlı raketləri ilə zərbə endirilib. Rusiya pilotsuz uçuş aparatlarının məlumatlarına görə, Suriya aviabazasına qədər həmin raketlərdən cəmi 23-ü uça bilib. Zərbələr nəticəsində texniki avadanlıq anbarı, yeməkxana, anqarda olan 6 ədəd “Miq-23” təyyarəsi, eləcə də radiolokasiya stansiyası məhv edilib. Uçuş-enmə zolağı və dayanacaqda olan Suriya hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ziyan görməyib. Suriya aviabazasının komandanlığının məlumatına görə, 2 suriyalı hərbçi itkin düşüb, 4 nəfər həlak olub, 6 nəfər isə yanğını söndürərkən xəsarət alıb”.
Türkiyə isə ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini dəstəkləyib. Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşun sözlərinə görə, bu əməliyyat Suriyadakı münaqişənin həll olunmasına töhfəsini verəcək.
N.Kurtulmuş qeyd edib ki, Suriyanın bəzi bölgələrində təhlükəsizlik zonaları yaradılmalıdır.
Xarici işlər naziri Mövlud Çavuşoğlu da bəyan edib ki, deyib Türkiyə ABŞ donanmasının Suriyada aviabazaya zərbə endirməsini dəstəkləyir. M.Çavuşoğlu qeyd edib ki, Suriyada təhlükəsizlik zonaları genişləndirilməlidir. O həmçinin, Suriyadan Türkiyəyə qaçqınların yeni dalğasının gələ biləcəyini istisna etməyib.
Bir sıra dövlətlər də ABŞ-a bu məsələdə öz dəstəyini bildirib.
Bu arada, Yaponiya hökuməti ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrindən narahat olaraq təcili Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. Trend-in məlumatına görə, Yaponiya xarici işlər naziri Fumio Kisida bəyan edib ki, ABŞ-ın Suriyaya raket zərbələri endirməsi barədə informasiya yoxlanılır, yalnız bundan sonra Yaponiya hökuməti öz mövqeyini bildirəcək.
Əsədi dəstəkləyən İran hakimiyyəti isə ABŞ-ın Suriya ordusunun aviabazasına raket zərbələrini pislədiyini bəyan edib. İran Xarici İşlər Nazirliyi hesab edir ki, Suriya ordusunun mövqelərinə endirilmiş zərbələr terrorçuların mövqelərini möhkəmləndirəcək, habelə Suriyadakı durumu daha da çətinləşdirəcək.
Nazirlikdən bildiriblər ki, İdlib yaxınlığında kimyəvi hücumdan fayda əldə edən qüvvələr hələ də kölgədə qalır.
“İran və Rusiya Donald Tramp hökumətinin Suriyaya ağılsız hücumu qarşısında sakit oturmayacaq”. APA-nın məlumatına görə, bunu isə İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Bürucerdi deyib.
“Bütün dünya bilir ki, suriyalılar BMT ilə əldə etdiyi razılıq əsasında bütün kimyəvi silahlarını təhvil verib. Deməli, Suriya hökumətinin ixtiyarında kimyəvi silah yoxdur. Digər tərəfdən kimyəvi silahlardan istifadə adətən o vaxt baş verir ki, ordu qüvvələri müharibədə məğlub olduğunu hiss edir. Suriya ordusunun mövqeləri isə yaxşıdır, Hələbi azad edib, digər bölgələri azad etmək üzrədir. Müharibədə udan tərəf olan ölkə nə üçün belə bir addım atmalıdır? Əslində, Suriya hökumətində heç kimyəvi silah da yoxdur”, - deyə o vurğulayıb.
Ə. Bürucerdi deyib ki, terrorçular bundan öncə kimyəvi silahdan istifadə etməkdən çəkinmədiyini göstəriblər: “Əsəd hökumətinin kimyəvi silahdan istifadə etməsi iddiası boş bir şeydir. Bu, son 6 ildə Suriyada məğlub olan ABŞ və Avropadan olan müttəfiqləri üçün bir bəhanədir. Onlar təbliğat maşınını işə salaraq dünya ictimaiyyətinin fikrini yayındırmaq istəyir və məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq istəyir”.
Qeyd edək ki, Suriyanın İdlib vilayətinin Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadə edilməsi nəticəsində ölənlərin sayı 84 nəfər çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarik Yazareviç deyib.
O, 545 nəfərin xəsarət aldığını bildirib: "Ölənlərin 27-si uşaqdır".
Baki-xeber.com