Günel Fərhadqızı: "Ortada olan fakt göstərir ki, digər ölkələr onunla əlaqə qurmağa qəti maraqlı deyil"
Aparılan iqtisadi tədqiqatlar göstərir ki, Avrasiya İqtisadi Birliyinə bəzi üzv dövlətlər arasındakı ticarət mübadiləsi az qala sıfır səviyyəsindədir. Məlumdur ki, Avrasiya İqtisadi Birliyində, Rusiya və Ermənistanla yanaşı, Qazaxıstan, Belarus və Qırğızıstan yer alıb.
Ən diqqətçəkən məqam isə həmin qurumda təmsil olunan ölkələrin Ermənistanla ticarət dövriyyəsinin çox aşağı səviyyədə olmasıdır. Bu, həmin ölkələrin Ermənistanı boykot etməsi anlamına gələ bilərmi?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, Avrasiya İqtisadi Birliyi adına uyğun gəlməyən bir qurumdur: "Mən həmin təşkilatı daha çox siyasi yönlü sayıram. Yəni həmin təşkilat iqtisadi reallıqlar ucbatından yaranmayıb. Orada təmsil olunan bəzi ölkələr üçün bu əlverişli ola bilər. Məsələn, Rusiya, Qazaxıstan, Belarus kimi böyük iqtisadi potensiala sahib olan və ərazi baxımdan bir-birilə həmsərhəd olan bəzi ölkələr üçün bir qurumda təmsil olunmaq faydalıdır. Ancaq iqtisadi resursları zəif, deyilən ölkələrin heç biri ilə ümumi sərhədi olmayan Ermənistanın həmin quruma özünü soxması maraqlı görünür. Baxanda da hiss olunur ki, Ermənistan orada yamaq kimi görünür. Elə bu səbəbdəndir ki, qurumda təmsil olunan digər ölkələr Ermənistanı faktiki olaraq boykot edir. Qeyd edək ki, Ermənistanın beynəlxalq idxal-ixrac əməliyyatında Qazaxıstanın payı cəmi 0.1 faizdir (722 min dollar), Belarusun payı 0.4 faiz (3.2 milyon dollar), Qırğızıstan isə ümumiyyətlə Ermənistanın ticarət tərəfdaşı siyahısında yoxdur. Bu cür biabırçı statistika bir daha sübut edir ki, Ermənistanın yürütdüyü siyasət onu bütün layihələrdən məhrum duruma salacaq. Ən əlverişli ticari münasibətlər yaxın qonşularla qurula bilər ki, onların da çoxu ilə Ermənistan düşməndir. Rusiya Ermənistanı formal olaraq elə qurumlara üzv edir ki, həmin ölkənin bir qədər çəkisi artsın. Ancaq ortada olan fakt göstərir ki, digər ölkələr onunla əlaqə qurmağa qəti maraqlı deyil".
Məhəmmədəli QƏRİBLİ