Aqşin Əliyev: "Belə bir təklif olarsa, hər bir ölkə buna öz maraqları kontekstindən yanaşacaq"
Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşü zamanı deyib ki, bütün MDB ölkələri terror hücumları üçün potensial hədəfdir: "Təəssüf ki, bununla bağlı vəziyyət düzəlmir. Bunun ən yaxşı təsdiqi isə bu günlərdə Sankt-Peterburqda baş verən faciəvi hadisədir. Bu şəhərdə baş verən terror hücumu zamanı insanlar ölüb, yaralananlar var", - deyə o vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, MDB ölkələri terrorla yanaşı, başqa təhdidlərlə də qarşılaşır. Onun sözlərinə görə, bura mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya və xarici qüvvələrin ölkələrin daxili siyasi vəziyyətinə təsiri daxildir.
Qeyd edək ki, görüşdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib.
Göründüyü kimi, Putinin MDB ölkələri üçün sadaladığı böyük təhlükələr sırasına xarici qüvvələrin ölkələrin daxili siyasi vəziyyətinə təsiri də aid edilir.
Putin bu amildən müdafiə adı ilə MDB ölkələrindən ibarət yeni bir mübarizə formatını yarada bilərmi?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, Putin bu təhlükələrin haradan gəldiyini deməsə də, nəyə işarə vurduğu məlumdur: "Təbii ki, Putinin sadaladığı vasitələrlə MDB ölkələrinə yalnız Qərb və ABŞ təsir edə bilər. Ehtimal etmək olar ki, Putin bu məsələdə daha çox Qərbi nəzərdə tutur. Çünki həmin ölkələr MDB-yə daha yaxındır və təsir imkanları çoxdur. MDB formatında deyilən növ cinayətlərlə mübarizədə müvafiq komissiyalar fəaliyyət göstərir. Ölkələrin aidiyyəti qurumları sadalanan növ cinayətlərlə mübarizə sahəsində birgə fəaliyyəti tez-tez müzakirə edir. Ancaq siyasi müdaxilə ilə bağlı belə təsisat yoxdur. Putinin belə bir təklifi məhz xüsusi xidmət orqanlarının rəhbərlərilə görüşdə açıqlaması bu sahədə hansısa işlərin görülə biləcəyinə işarədir. Rusiya faktiki olaraq belə hallarla mübarizə aparır. Ukrayna ilə bağlı proseslərdə faktiki olaraq Qərblə üz-üzədir və istəyir ki, onun səngərində daha çox ölkə olsun. Yəqin ki, belə bir təklif olarsa, hər bir ölkə buna öz maraqları kontekstindən yanaşacaq. Çünki MDB-də təmsil olunan ölkələrin çoxunun Qərblə də normal münasibəti var".
Məhəmmədəli QƏRİBLİ