Elşən Həsənov: "Azərbaycanın ticarət və nəqliyyat, eyni zamanda enerji yolları Gürcüstan və Türkiyə üzərindən keçir"
Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər keçiriləcək. Hərbi təlimlər iyunun 4-dən 14-dək Gürcüstanda baş tutacaq. Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, "Qafqaz qartalı" adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək. Təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.
Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib.Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.
Üç ölkənin keçirəcəyi birgə hərbi təlim nə kimi əhəmiyyətə malik ola bilər?
Ekspert Elşən Həsənovun sözlərinə görə, belə birgə təlimlərin keçirilməsi regional sabitliyə töhfə verə bilər:
"Bu kimi hərbi təlimlərlə həm də Azərbaycan NATO standartlarına yaxınlaşa bilər. Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun üzvüdür. Gürcüstan NATO üzvlüyünə can atan bir ölkədir və bu təşkilatla çox sıx əməkdaşlıq edir. Bu baxımdan, üçlük çərçivəsində müdafiə və hərbi sahədə əməkdaşlıq Azərbaycan Ordusunda yeni standartların tətbiqi baxımından faydalıdır. Bu, eyni zamanda, qonşu ölkələrin silahlı qüvvələrinin uyğunlaşmasına səbəb olur. Belə olan təqdirdə, bu ölkələr hansısa sülhməramlı əməliyyatlarda yaxından iştirak edə bilir. Yəni bir-birini anlamaq baxımından çətinlik olmur. Bunun ölkələr üçün yalnız xeyirli tərəfi var.
Digər bir amil isə vacib layihələrin mühafizəsi ilə bağlıdır. Azərbaycanın ticarət və nəqliyyat, eyni zamanda enerji yolları Gürcüstan və Türkiyə üzərindən keçir. Bu baxımdan hər üç dövlətin müdafiə və hərbi sahədə əməkdaşlığı daha vacibdir.
Birgə hərbi təlimlər iqtisadi təhlükəsizlik baxımından da faydalıdır. Çünki, faktiki olaraq, bu ölkələr bir-birilə qonşu olmaqla yanaşı, həm də strateji müttəfiqdirlər".
Məhəmmədəli QƏRİBLİ