Ermənistanda parlament seçkilərinin məlum nəticələri göstərdi ki, bu ölkədə hakimiyyətdə yenə sırf Rusiyameylli qüvvələr yer alacaq. Qanunverici orqanı formalaşdıran qüvvələr kimi çıxış edən hakim Respublika Partiyası, "Çiçəklənən Ermənistan", "Daşnaksütyun"partiyaları və "Çıxış" bloku Ermənistanda Rusiyanın "stavka" etdiyi qüvvələr kimi tanınır və aydındır ki, bundan sonra da onlar elə Kremldən gələn göstərişlərin müti icraçıları rolunu oynayacaqlar.
Elə bu mənada xüsusi maraq doğuran məsələ Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə ilgili qarşıdakı dövrdə hansı siyasət yürüdəcəyi, İrəvandakı əlaltılarına qeyd olunan səpkidə hansı göstərişlər verəcəyidir.
Siyasi təhlilçilər burada məsələyə bir neçə aspektdən yanaşır. Əvvəla hesab olunur ki, indi Moskva Qarabağ konfliktinin həllində, nəhayət, müəyyən irəliləyişin olmasında maraqlıdır. İlk növbədə ona görə ki, konfliktin çözümündə irəliləyiş olmayacağı halda, problemin hərbi müstəvidə həlli ehtimalı artır. Bölgədə müharibənin yenidən başlanması isə indiki halda Rusiyanın maraqlarına cavab vermir. Digər tərəfdən, Kreml münaqişənin həlli istiqamətində addımlar atılması ilə Ermənistanda ona qarşı yaranan narazılığı qismən səngitmək istəyir. Məsələ burasındadır ki, Ermənistanda müəyyən qüvvələr açıq bəyan edirlər ki, Serj Sarkisyan iqtidarı Rusiyadan gələn Qarabağ göstərişlərini müqavimətsiz yerinə yetirəcək. Bu səbəbdən hesab edilir ki, Moskva Ermənistanı böyük problemlərə düçar edən Qarabağ münaqişəsinin həlli üçün İrəvanın konkret addımlar atmasına nəhayət göstəriş verməli, bu fonda da ölkə üzləşdiyi problemlərdən tədricən xilas olmalıdır.
Digər bir vacib məsələ odur ki, indiki ağır iqtisadi şəraitdə Ermənistanın saxlanması Rusiyaya gedərək daha baha başa gəlir. Kremldə də aydın sezilir ki, Azərbaycanla, Türkiyə ilə münasibətlər yaratmadan Ermənistan daha böyük sosial-iqtisadi bataqlığa sürüklənəcək. Belə şəraitdə Ermənistanın saxlanması üçün Kremlin xərcləri daha da artacaq ki, bu da real şəraitdə Moskva üçün qətiyyən sərfəli sayılmır. Elə bu səbəbdən Moskva İrəvanın Bakı, eləcə də Ankara ilə münasibətlərində normallaşma istəyir. Amma bunun yolu mütləq mənada Qarabağ münaqişəsinin həllindən, daha doğrusu, işğal altındakı ərazilərin tədricən azad olunmasından keçir. Qeyd edilən reallığı yaxşı bilən Rusiyanın Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın danışıqlar prosesində konstruktivlik göstərməsi məqsədilə İrəvana təzyiqlərini artırması gözlənilən hal sayılır. Maraqlıdır ki, son dövrlərdə Rusiya rəsmiləri Qarabağ münaqişəsi ilə bağlı nikbin açıqlamalar verir, dinc yolla konfliktin tənzimlənməsini mümkün sayır, bu prosesə hərtərəfli dəstək verməyə hazır olduqlarını bəyan edirlər. Məsələn, Rusiya xarici işlər naziri Sergey Lavrov bununla bağlı bildirir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə böyük diqqət ayırmağa davam edir. Səmimi olaraq regiona sülh və əminamanlığın dönməsində, orada insan ölümlərinə son verilməsində, sərhədlərin açılmasında, iqtisadi mübadilənin bərpa edilməsində maraqlıyıq". O, Rusiya tərəfinin bunun üçün mümkün olan hər şeyi etdiyini qeyd edir: "Vasitəçilik missiyamızı həm fərdi qaydada, həm də ATƏT-in Minsk Qrupunun həmsədri olan digər ölkələrlə - ABŞ və Fransa ilə birgə həyata keçiririk. Vasitəçilərin dəstəyi ilə tərəflər bir çox mübahisəli məqamlar üzrə mövqelərini yaxınlaşdıra bilib. Nizamlanmanın əsas prinsipləri razılaşdırılıb. Lakin Azərbaycan və Ermənistan prinsiplərin həyata keçirilmə ardıcıllığını fərqli formada görür. Bu mənada vəzifəmiz tərəflərə artıq bu mövzuda işlənmiş həll yolları üzrə balanslaşdırılmış nizamlanma üsulu tapmağa yardım etməkdir". Lavrovun sözlərinə görə, razılaşma əldə olunacağı təqdirdə, Rusiya digər həmsədrlərlə birlikdə nizamlanmanın zəmanətçisi kimi çıxış etməyə hazırdır.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq təşkilatların münaqişə zonasında vəziyyəti sabitləşdirmək və sülh prosesinin təşviqinə şərait yaratmaq məqsədilə, xüsusilə Vyana və Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən sammitlər çərçivəsində fəal səylər göstərdiyini xatırladır: "Bu istiqamətdə işlər bütün səviyyələrdə davam etdirilir. Tərəflərin dayanıqlı və uzunmüddətli həllə nail olmağa istiqamətlənmiş danışıqlar masasına qayıdacağına ümidvarıq". Amma yuxarıda qeyd olunduğu kimi, Rusiya rəsmiləri də yaxşı bilir ki, dayanıqlı və uzunmüddətli həllə nail olmağın yeganə yolu Ermənistanın konstruktiv mövqeyindən keçir. Bu mənada Moskva həll prosesində Ermənistana təzyiqlərinin artırılmasının vacibliyini də dərk edir və bu, həm də Rusiyanın sülhyaradıcı dövlət imicinin formalaşması baxımından indiki qlobal şəraitdə Kremlə çox lazımdır.
Rusiya Dumasının Korrupsiya ilə Mübarizə və Təhlükəsizlik Komitəsinin sədr müavini Dmitri Savelyev isə bildirir ki, Qarabağ münaqişəsinin Moskvanın fəal vasitəçiliyi ilə həlli Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. O, ölkəmizi bütün sahələrdə, o cümlədən hərbi sferada Rusiya üçün mühüm tərəfdaş kimi xarakterizə edir: "Biz şadıq ki, bizimlə sərhəddə Azərbaycan kimi güclü xüsusi xidmət orqanları, ordu, əsasən Rusiyadan alınan müasir silahlara sahib olan bütün mənalarda güclü və müstəqil dövlət var. Bu silah həmişə bizim ümumi məqsədlərimiz və ümumi təhlükəsizliyimiz üçün istifadə ediləcək". Deputat bu fonda Dağlıq Qarabağ konfliktinə də diqqət yetirərək, işğal altındakı ərazilərin boşaldılması prosesinə start verilməsinin zəruriliyini qabardır: "Mən həmişə demişəm və deyirəm ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisi və ətrafındakı 7 rayon dərhal azad edilməli və heç bir şərtsiz Azərbaycana verilməlidir. Bundan başqa, ortada Xocalı qırğını məsələsi də var. Bu məsələyə qarşı dünya siyasi məkanında ikili standartlar mövcuddur. Belə ki, "erməni soyqırımı"nı tanıyan ölkələr Xocalıdakı dəhşətli vandalizm aktına və soyqırıma diqqət etmir. Bizim məqsədimiz bu məsələni dilə gətirib, Xocalı qırğınının soyqırım kimi tanınması istiqamətində hərəkət etməkdir. Diqqət edin, Rusiya və Azərbaycan kədərdə də, sevincdə də bir yerdədir".
Məsələ ilə bağlı Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Aleksandr Yuşenko da eyni mövqeni bölüşür. Onun sözlərindən belə bəlli olur ki, yeni aprel savaşının qarşısının alınması üçün sülh danışıqları intensivləşməli, bu məsələdə regionda xüsusi geosiyasi maraqları olan Kreml də fəəl hərəkət etməlidir: "Aprel müharibəsi Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməli olduğunu göstərdi. Münaqişənin dinc yolla nizamlanmasının alternativi yoxdur. Amma bunun üçün real addımlar atlımalı, Moskva prosesdə fəallığını artımalıdır".
Rusiya İctimai Palatasının üzvü, Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov hesab edir ki, Moskvanın təsiri ilə seçkiqabağı dövrdə təcavüzkar ritorika seçən Serj Sarkisyan seçkidən sonra münaqişənin həlli üçün danışıqlar masasına gəlməyə məcbur olacaq: "Çünki bu münaqişənin həlli ilk növbədə erməni xalqının iqtisadi durumu və təhlükəsizliyi üçün lazımdır. ATƏT-in Minsk Qrupu, elə Azərbaycan rəhbərliyi də anlayırdı ki, Ermənistanda seçkilərdir və bu, danışıqlar prosesinin zəifləməsinə səbəb olur. Lakin artıq seçki başa çatdı və bundan sonra heç kəs Ermənistanın bəhanəsini qəbul etməyəcək". Politoloq Oleq Kuznetsov isə əmindir ki, Sarkisyan Azərbaycana qarşı təcavüzkar ritorikasını gücləndirsə, daha çox özünə ziyan edəcək: "Məhz indi Sarkisyan öz qüdrətinin zirvəsinə nail oldu və gələcək hakimiyyətini bərpa etdi. Düzdür, Serj Sarkisyan Qarabağ münaqişəsinin həll olunmamasını istəyir. Amma Erəmnistanda böyük əksəriyyət, eləcə də Rusiya fərqli düşünür. Onlar münaqişənin həllini istəyir və buna görə Sarkisyana təzyiqlər artır. Sarkisyan deyilənlərə əməl etməsə, başqa birisi ilə əvəzlənə bilər". Politoloq hesab edir ki, istənilən digər erməni siyasətçi ölkənin başına keçsə, dərhal danışıqlar masasına əyləşər: "Çünki bu münaqişə Ermənistan üçün böyük təhlükələr yaradır".
Beləliklə, qarşıdakı günlərdə iki istiqamətdə mövcud Ermənistan iqtidarına Qarabağ təzyiqlərinin başlanmasını gözləmək olar. Bunlardan biri Ermənistanda Qarabağ münaqişəsinin həllini tələb edən qüvvələrdir. Digər tərəf qismində isə Ermənistanda əsas söz sahibi olan Kreml çıxış edir. Aydındır ki, Sarkisyan bu təzyiqlərə qarşı çıxmağa çalışsa, ona qarşı daha böyük təsir vasitəsi işə salınacaq. Bu, Azərbaycanın işğal altındakı əraziləri azad etmək üçün hərbi əməliyyatlara başlamasıdır. Döyüş meydanında Ermənistan tək buraxılacağı halda çox qısa zaman kəsiyində ordumuz tərəfindən məğlubiyyətə uğradılacaq və bunu, Sarkisyan da daxil olmaqla, bütün erməni ictimaiyyəti yaxşı bilir. Xatırladaq ki, bir neçə gün əvvəl aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə Prezident İlham Əliyev də qeyd olunan xüsusda kifayət qədər maraqlı fikirlər səsləndirərək Ermənistana aydın mesajlar verdi: "Aprel döyüşləri, demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, Azərbaycanla münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur.
Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan aprel döyüşlərinin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi bax, bu nəticələrə gətirib çıxarır". Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyətin yarandığını vurğulayan Prezident İlham Əliyev deyib: "Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilir ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü". Beləliklə, Ermənistan qarşısında indi iki seçim var. Ya dinc yolla əraziləri azad etmək, ya da hərbə hazır olmaq. Birinci yol Ermənistanın nicatı, ikincisi isə məhvidir. Bu şəraitdə seçim qarşı tərəfindir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.