İsrail-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclasının ilin sonunda keçiriləcəyi gözlənilir
"Ötən ilin aprelində Dağlıq Qarabağ zonasında baş verən hadisələrdən sonra münaqişənin həll olacağı ilə bağlı ümid var idi". APA-nın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
Diplomat Azərbaycan və Ermənistan prezidentlərin ötən ilin may ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqada görüşdüklərini xatırladıb.
"Təəssüf ki, münaqişənin həllinə dair ümidlər özünü doğrultmadı. Biz hesab edirik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. İsrail ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Çünki münaqişə tərəfləri də bu formatı dəstəkləyir", - deyə o bildirib.
Diplomat İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini də vurğulayıb.
“Azərbaycan təkcə İsrail üçün yox, bütün dünya üçün tolerantlıq nümunəsidir”. Trend-in məlumatına görə, bunu da İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
Səfir bu il Azərbaycan və İsrail arasında münasibətlərin 25 illiyinin qeyd olunduğunu deyib: “Bizim münasibətlərimizin qədim tarixi var. Yəhudi xalqı Azərbaycanla birgə onun sevinclərini və kədərlərini paylaşıb”.
D.Stav qeyd edib ki, iki ölkə arasında çoxlu ortaq cəhətlər var: "Hər iki ölkə münaqişələrə baxmayaraq, uğurlu inkişafı davam etdirib, hər iki ölkə münaqişələrin həllində sülh prosesinə böyük əhəmiyyət verir".
Səfir ölkələr arasında uğurlu iqtisadi əməkdaşlığın mövcud olduğunu qeyd edib.
O, İsrailin TAP və TANAP layihələrində iştirakını istisna etməyib.
Onun sözlərinə görə, tərəflər energetika sahəsində əməkdaşlığı inkişaf etdirir və ötən il iqtisadi çətinliklərə baxmayaraq Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi daha da artıb.
Səfiri bildirib ki, Aleksandr Lapşinin saxlanma şəraitindən şikayəti yoxdur. A.Lapşinin İsrail vətəndaşı olduğunu qeyd edən diplomat bildirib: "Konsulluğun nümayəndələri tez-tez Lapşinə baş çəkirlər. O, yaxşı şəraitdə saxlanılır, şikayəti yoxdur. Biz Lapşinlə bağlı vəziyyəti diqqətlə izləyirik".
“Bu ilin sonunda İsrail-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclasının keçiriləcəyi gözlənilir”. Bunu da İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
O xatırladıb ki, müvafiq anlaşma memorandumu ötən il İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı imzalanıb: "İclasın hansı ölkədə keçiriləcəyi ilə bağlı danışıqlar aparılır. Komissiyaya Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İsrail tərəfdən isə ətraf mühit naziri rəhbərlik edir. Bu komissiyanın fəaliyyətinin ticarət, iqtisadiyyat, kənd təsərrüfatı və digər sahələrin inkişafına təkan verəcəyinə inanırıq”.