Əli Orucov: "Ən təəssüfedici hal odur ki, bəzən xaricdə yaşayan soydaşlarımız bir-birilə yola getmir və bundan bizi istəməyənlər məharətlə istifadə edə bilir"
Məlum olduğu kimi, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılmış məlumat Azərbaycan ictimaiyyətinin, eyni zamanda Rusiyadakı çoxmilyonluq Azərbaycan diasporunun ciddi narahatlığına səbəb olub.
Xatırladaq ki, 2001-ci ildə yaradılmış ÜAK ötən müddət ərzində Rusiya Federasiyasında yaşayan azərbaycanlıların bir-birilə mədəni-mənəvi əlaqələrinin qurulması, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və iki ölkə arasında münasibətlərin inkişafı sahəsində mühüm işlər görüb.
Azərbaycanın ən böyük diaspor təşkilatına bəslənən münasibət bir sıra sualların meydana çıxmasına səbəb olub. ÜAK-ın bu dərəcədə sıxışdırılması Rusiya siyasi hakimiyyətinin maraqları və ya erməni lobbisinin təsiri ilə izah oluna bilərmi?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın ən böyük və güclü diaspor təşkilatı məhz Rusiyada fəaliyyət göstərir: "Bunun da səbəbləri bizə məlumdur. Çünki həmin ölkədə milyondan artıq soydaşımız yaşayır. Sözügedən məsələ doğrudan da təəccüblüdür. Çünki həmin quruma hər iki ölkənin iqtidarlarının münasibəti normal olub. Rusiya diaspor kartından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edib. Ancaq indiki halda bunu iddia etmək bir qədər çətindir. İrəli sürülən iddialar bundan ibarətdir ki, ÜAK Rusiya qanunvericiliyini pozur. Qurum təmsilçiləri isə yaranan narazılığı texniki səbəblərlə izah edir. Bildirirlər ki, Ədliyyə Nazirliyinin iradlarını düzəltməyə hazırdırlar. Amma Rusiya tərəfi mövqeyində israrlı görünürsə, deməli, məsələnin kökündə siyasi maraq dura bilər. Ola bilər ki, belə vasitə ilə ÜAK-ı Rusiyanın hakim dairələrinə bir az da yaxınlaşdırmaq istəyirlər. Azərbaycana qarşı edilən bütün məkrlərin arxasında hər zaman bir erməni barmağı olur. Bu versiyanı da mümkün sayıram. Ən təəssüfedici hal isə odur ki, bəzən xaricdə yaşayan soydaşlarımız bir-birilə yola getmir və bundan bizi istəməyənlər məharətlə istifadə edə bilir".
Məhəmmədəli QƏRİBLİ