Ramil Hüseynov: "Belə olan halda..."
Xəbər verildiyi kimi, Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələrinə görə, hakim Respublika Partiyası "qalib" hesab olunub. Seçki prosesini izləyən yerli və beynəlxalq müşahidəçilər isə tamamilə əks fikirdədir.
Müşahidəçilərin qənaətinə görə, parlament seçkiləri kütləvi saxtakarlıqla müşahidə olunub. Ermənistan polisinə ölkədə keçirilən parlament seçkilərində qayda pozuntuları ilə bağlı 540 müraciət daxil olub. 6 faktla bağlı cinayət işinin qaldırılmasından imtina edilib. Mediada və sosial şəbəkələrdə yayılan foto və videomateriallar deməyə əsas verir ki, Sarkisyan rejimi seçkilərdə saxtakarlıqları ört-basdır etmək üçün nə qədər ciddi hazırlıq işləri aparsa da, reallığın ictimaiyyətə sızmasının qarşısını almağa nail ola bilməyib.
Bu arada təkcə Rusiya Ermənistanda keçirilən seçkilərə müsbət prizmadan yanaşıb. Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanı parlament seçkilərində Respublika Partiyasının qələbəsi münasibətilə təbrik edib. Sözügedən təbrikdə deyilir: "Xalq səsverməsinin yekunları erməni vətəndaşları arasında şəxsən sizə və rəhbərlik etdiyiniz partiyaya yüksək etimadı tam həcmdə təsdiq etdi. Bu həm də sosial-iqtisadi inkişafın aktual məsələlərinin həllində və Ermənistanın milli maraqlarının qorunmasında sizin xidmətlərinizin etirafıdır".
Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkisindən sonra bu ölkə parlament üsul-idarəsinə keçir. Qanunvericiliyə əsasən, deputatların sayı 131-dən 105-ə endirilir.
Kütləvi saxtakarlıqla keçirilən seçkilərə Rusiyanın belə münasibət sərgiləməsi, istər-istəməz, suallar doğurur. Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Rusiyanın belə mövqe sərgiləməsi təəccüblü deyil: "Ona görə ki, Ermənistandakı Sarkisyan rejimi Moskvanın maraqlarına cavab verir. İndiyə qədər Sarkisyan Rusiyanın cızdığı dairədən kənara çıxmayıb. KTMT-də təmsil olunur, Avrasiya İqtisadi İttifaqına qoşuldu, ölkədə Rusiyanın 2 böyük hərbi bazası var və s. Praktiki olaraq Ermənistan Rusiyanın bir vilayəti funksiyasını həyata keçirir. Belə olan halda, əlbəttə ki, Ermənistanda keçirilən seçkiləri Rusiya dəstəkləyəcəkdi. Nəzərə almaq lazımdır ki, Qarabağ klanını Ermənistanda Rusiya hakimiyyətə gətirib. Məhz Rusiyanın dəstəyi ilə 1998-ci ildə Levon Ter-Petrosyan prezident kürsüsündən salındı. Bu həm də o deməkdir ki, Sarkisyan bundan sonra da Rusiyaya xidmət edəcək. Moskvanın İrəvan üzərindəki təsiri sürətlə artacaq. Parlamentli respublika o demək deyil ki, Ermənistan müstəqil siyasət yeridəcək. Çox güman ki, növbəti il Sarkisyan baş nazir seçiləcək və Rusiyaya sədaqətlə qulluq edəcək".
Vidadi ORDAHALLI