Vüqar Qədirov: "Bunun üçün həmin təsisatlar Ermənistan qarşısında konkret tələblər qoymalıdır"
Ermənistanda keçirilən son seçkilərlə bağlı bəzi beynəlxalq təşkilatlar öz mövqeyini açıqlayıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Ermənistanda keçirilən parlament seçkilərinin yekunları ilə bağlı ilkin bəyanatında bildirilir ki, yaranan vəziyyət cəmiyyətin seçkilərə inamını və etimadını azaldıb:
"Ermənistanda keçirilən parlament seçkiləri zamanı səslərin satın alınması, dövlət qulluqçularına və özəl şirkətlərin əməkdaşlarına təzyiqlər edilməsi ilə bağlı məlumatlar qeydə alınıb. Hüquqi və təşkilati dəyişikliklərə baxmayaraq, bu seçkilər ölkədə seçki prosesinin etibarlılığına olan şübhələri aradan götürməyib. Şikayətlərə baxılması proseduruna etimadsızlıq səbəbindən cəmiyyətdə qanun pozuntuları ilə bağlı məlumat vermək istəyi yoxdur. Məhkəmə orqanları, seçki idarəçiliyi qurumları və hüquq-mühafizə orqanlarının müstəqil olmaması və onların şikayətləri yoxlamaqla bağlı fəaliyyəti hüquqi yardımın göstərilməsi işinin effektivliyini azaldır. Media qurumlarının sahibləri tərəfindən media materiallarının yayımı məhdudlaşdırılıb. Bu, hökumətin fəaliyyəti haqqında vacib informasiyaların yayılmasına mane olur. Jurnalistlər bildirib ki, bu yaxınlarda baş vermiş zorakılıq halları və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması məsələsində problemlər onların işinə mane olur və təhlükəsizliyinin təmin edilməsinə problem yaradır".
O da qeyd olunur ki, Ermənistanın beynəlxalq QHT-lərə seçkiləri müşahidə etməyə icazə verməkdən imtina etməsi ATƏT qarşısındakı öhdəliklərə ziddir.
Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Heydi Hautala da seçkilər prosesində pozuntuların olduğunu bildirib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Parlamentinin bu reaksiyasını yetərli saymaq olarmı?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, Ermənistanda keçirilən seçki həmin ölkənin iç üzünü bir daha açıb ortaya qoymuş oldu: "Ermənistanın müxalif partiyaları tərəfindən seçkinin qiymətləndirilməsinə dair verilən reaksiyalar beynəlxalq qurumlardan daha sərt və əhatəlidir. ATƏT-in və Avropa Parlamentinin də ümumi qiymətləndirilməsində seçkidəki neqativliklər tənqid edilir. Ancaq hesab edirəm ki, deyilən təsisatlar bir qədər də sərt mövqe sərgiləyə bilər. Bu total qanun pozuntularına dair həmin qurumların bir bəyanatı və ya tənqidi kifayət deyil. Bunun üçün həmin təsisatlar Ermənistan qarşısında konkret tələblər qoymalıdır. Çünki edilən dəyişikliyə görə, bundan sonra Ermənistanın idarə olunmasının əsas yükünü yeni formalaşan parlament daşıyacaq. Xüsusilə də bu amil ciddi nəzərə alınmalıdır. Sözügedən və digər beynəlxalq qurumlar Ermənistanda edilən total seçki saxtakarlığının aradan qaldırılması üçün bütün təzyiq mexanizmlərini işə salmalıdır".
Məhəmmədəli QƏRİBLİ