Natiq Miri: "Sarkisyan özü hərbi xuntanın başçısı olduğuna görə onun rəhbərlik etdiyi ölkədə..."
2 aprel tarixində Ermənistanda keçirilən seçkilər həmin ölkədə yeni idarəetməyə keçidin əsasını qoyur. Seçkilərdən öncəki bəyanatlarında prezident Sarkisyan Ermənistanın parlamentli respublika üsul-idarəsinə keçməsinə və konstitusiya islahatlarına demokratikləşmə donu geydirməyə çalışıb. Əslində isə burada məqsəd bu rejimin hakimiyyətdə qalma müddətinin mümkün qədər uzadılmasıdır.
Son seçkilərin nəticələrinə uyğun şəkildə formalaşan parlament Ermənistanı necə idarə edəcək?
Politoloq Natiq Mirinin sözlərinə görə, Ermənistanın parlament üsul-idarəsinə keçməsi nəzəri cəhətdən prezidentə məsuliyyətdən sığortalanmaq, yayınmaq imkanı verir: "Serj Sarkisyanın da parlamentar sistemə keçmək təşəbbüsünü irəli sürməkdə məqsədi bir sıra məsələlərdə məsuliyyəti öz üzərindən hökumətin və parlamentin üzərinə atmaqdır. Artıq strateji qərarları prezident təkbaşına verə bilməyəcək. Məsələn, Dağlıq Qarabağ problemi ilə bağlı güzəştə getmək, Avropa Birliyi kimi demokratik bir məkanla siyasi və iqtisadi sazişlərə getmək, hansısa ittifaqda və hərbi birliklərdə təmsil olunmaq kimi məsələlərdə qərarları prezident təkbaşına verə bilməyəcək. Belə məsələlərdə məsuliyyəti daha çox hökumət və parlament daşıyacaq. Əslində, Ermənistanda parlamentar sistemi tətbiq edilərkən məhz bu düşünülüb. Ancaq Ermənistan müstəqil siyasi iradəyə malik deyil. Ermənistan Rusiyanın bir əyaləti və vassalı olaraq mövcuddur. Yaxın dönəmlərdə Ermənistanın bu asılılıqdan çıxmaq imkanları yoxdur. Çünki Ermənistan bu gün həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən Rusiyadan tam asılıdır. Ona görə də Ermənistanda kimin hakimiyyətdə olmasına baxmayaraq, rəsmi İrəvan yaxın onilliklərdə Qərbə inteqrasiya xəttini tuta bilməz. Bu baxımdan da parlamentar sistemin tətbiq olunması Ermənistana yeni imkanlar açmayacaq. İstər Sarkisyan olsun, istər başqası, nəticə dəyişməyəcək. Bütün istiqamət yenə də Rusiyaya yönəlik olacaq. Bu bir istiqamətdir və zərurətdir. Digər tərəfdən, Ermənistan cəmiyyəti də fundamental siyasi dəyişikliklərə hazır deyil. Yəni Ermənistanda sistem dəyişsə də, mahiyyət dəyişməyəcək. Ermənistan hakimiyyəti Kreml tərəfindən idarə olunacaq. Ona görə də Ermənistanın Avropa Birliyi ilə hər hansı bir tərəfdaşlıq müqaviləsi imzalaması hər iki tərəfə heç nə verməyəcək. Ermənistan manevr imkanlarının artacağını düşünürsə, bütün bunlar yanlış yanaşmadır. Qərblə Rusiya arasında geniş siyasi manevr imkanlarına sahib olmaq üçün Ermənistanda müstəqil siyasi iradəyə malik hakimiyyət olmalıdır. Həmin hakimiyyət Ermənistanı Rusiyanın inhisarından çıxarmalıdır. Bu da yaxın onilliklər ərzində gözlənilmir.
Sarkisyan özü hərbi xuntanın başçısı olduğuna görə onun rəhbərlik etdiyi ölkədə demokratiyanın mövcudluğundan danışmaq qeyri-mümkündür".
Məhəmmədəli QƏRİBLİ