Hərb müstəvisində Azərbaycanın Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüklərə malik olması sülh danışıqlarının dalana dirənməsi fonunda indi qarşı tərəfdə daha çox narahatlıq yaradır. Məsələ burasındadır ki, hazırda erməni tərəfinin qeyri-konstruktiv mövqeyi üzündən Dağlıq Qarabağ konfliktinin dinc yolla tənzimləmə imkanı gedərək tükənir.
Belə vəziyyətdə ordusunu davamlı olaraq gücləndirən Azərbaycanın status-kvo ilə daha bir neçə il barışmaq niyyətində olmadığını erməni tərəfi də yaxşı bilir. Amma indiki vəziyyətdə rəsmi İrəvan Azərbaycanla müharibədən qaçmaq üçün sülh danışıqları yönündə də əməli addım atmır. Siyasi təhlilçilər hesab edir ki, bunun ümdə səbəbi Sarkisyan iqtidarının həyata keçirdiyi siyasətdir. Belə ki, hazırda Sarkisyan və komandasının hakimiyyətdə qalmasını təmin edən əsas səbəb məhz Qarabağ konfliktidir. Bu konflikt həllini tapacağı təqdirdə Sarkisyan iqtidarının hakimiyyət dövrü qısalacaq. Elə bu səbəbdən də mövcud Ermənistan hakimiyyəti münaqişənin həllində maraqlı tərəf kimi çıxış etmir. Amma belə vəziyyətdə Qarabağda hərbi əməliyyatların yenidən başlaya biləcəyini aydın görən bəzi erməni siyasi qüvvələri açıq şəkildə Sarkisyan iqtidarının siyasətinə qarşı çıxaraq işğal altındakı ərazilərin geri qaytarılmasını tələb edir. Onlar hesab edir ki, yalnız bu vəziyyət Ermənistanı düşdüyü problemlər məngənəsindən xilas edə bilər.
Bütün bunlar onu göstərir ki, hazırda erməni cəmiyyətində Qarabağ məsələsi ilə bağlı ikitirəlik yaranıb. Bir tərəf status-kvonun qalmasında, digəri isə onun dəyişməsində maraqlı tərəf kimi çıxış edir. Yaranmış bu ikitirəliyin gedərək daha da dərinləşməsi gözlənir. Amma ekspertlər bir məqama da diqqət çəkir ki, konfliktin çözümü əsgəri müstəviyə yönəlsə, status-kvonun dəyişməsini istəyən qüvvələrin mövqeyi daha da güclənəcək. Çünki belə vəziyyətdə Ermənistan Azərbaycan tərəfindən daha çox sarsıdıcı zərbələr alacaq. Əslində, bunu Ermənistan rəsmiləri özləri də etiraf edir. Məsələn, Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bəyan edir ki, Azərbaycanın müasir silahlarla silahlanması Ermənistanı narahat edir və ölkəsinin Azərbaycanla hərbi müstəvidə rəqabət aparması olduqca çətindir. Belə durumda erməni nazir ölkəsinin Azərbaycanın hərbi potensialını saxlaya biləcək Rusiya və digər ölkələrin hərbi texnikasının alınmasında maraqlı olduğunu iddia edir. Lakin məsələ burasındadır ki, erməni tərəfinin müasir hərbi texnika almağa pulu yoxdur. Digər tərəfdən düşmən onu da nəzərə alır ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Məhz bu hal hərbi balansın çoxdan pozulmasına gətirib çıxarıb. Ermənistanın bu balansı bərpa etməsi isə, sadəcə, mümkün deyil.
Vigen Sarkisyan özü də etiraf edir ki, ölkəsi üçün hərbi balansı eyniləşdirmək kifayət qədər çətin prosesdir. Bununla belə, işğalçı ölkə çıxış yolunu forpostu olduğu Rusiyadan yeni silahlar almaqda görür. Vigen Sarkisyan bu xüsusda bildirir: "Açığı, biz elə silahlara sahib olmaq istəyirik ki, bu silahlar döyüş zamanı Azərbaycanın hərbi potensilına tab gətirə bilsin". Amma burada erməni tərəfinin ümidlərinin əbəs olmasına dair bir neçə məqama diqqət yetirmək lazım gəlir. Əvvəla, hərbi ekspertlərin firkrincə, Ermənistan müdafiə nazirinin bu açıqlamaları işğalçı ölkənin Azərbaycanın hərbi potensialından çəkindiyini bir daha nümayiş etdirir. Rusiyadan silah almağa gəldikdə, Ermənistan bu məsələdə, belə demək olarsa, siyasi manipulyasiya edir. Məsələ ondadır ki, Ermənistan hakimiyyəti Moskvanın Gümrüdəki 102 saylı hərbi bazasını silahlarla təchiz etməsini özününküləşdirir. Elə təsəvvür yaradılır ki, sanki bu silahlar Ermənistana verilir. Amma reallıq tamam fərqli mənzərə yaradır. İstər ötən ilin aprel döyüşləri, istərsə də son aylar cəhbədə gedən lokal toqquşmalar da göstərdi ki, Ermənistan Müdafiə Nazirliyi Rusiyanın icazəsi olmadan Gümrüdəki hərbi bazadan istifadə edə bilməz, necə ki, bu vaxta qədər edə bilməyib. Hər halda, cəhbədə baş verənlər deyilənlərin bariz nümunəsidir. Rusiya isə bundan sonra da Gümrüdəki hərbi bazadan Azərbaycana qarşı istifadəyə icazə verməyəcək. İlk növbədə ona görə ki, Azərbaycan hərbi əməliyyataları öz ərazisində aparır və bu ərazilərin ölkəmizə məxsus olduğunu Moskva da hər zaman açıq bəyan edir. Digər tərəfdən Azərbaycan Ermənistan ərazisinə hansısa hücum təşkil etmir ki, 102 saylı hərbi bazadan ölkəmizə qarşı istifadə olunsun. Yəni Ermənistan rəhbərliyinin bu hərbi bazaya ümidlərinə də hansısa əsas yoxdur.
Aydındır ki, belə şəraitdə Dağlıq Qarabağda hərbi əməliyyatlar yenilənəcəyi halda erməni ordusu yalqız qalacaq. Bu halda onların məğlubiyyətinin qaçılmaz olacağını düşmən hələ ötən ilin aprelində aldığı dərslərdən yaxşı bilir. Yeri gəlmişkən qeyd edək ki, bir ili tamam olan aprel döyüşləri son illər Silahlı Qüvvələrimizdə aparılan genişmiqyaslı işlərin uğurlu nəticələrini təkcə Azərbaycan və Ermənistana yox, həm də bütün dünyaya əyani şəkildə göstərdi. Ordumuzun işğalçı düşmənlə müqayisədə təkcə döyüş yox, həm də hərbi-psixoloji cəhətdən böyük üstünlüyə malik olduğu bir daha üzə çıxdı. Qarabağ cəbhəsində 24 illik status-kvonu dəyişən aprel toqquşmaları ümumiyyətlə cəbhədə yeni bir vəziyyət yaratdı. Aprel döyüşlərindən sonra düşmənin itirilmiş strateji yüksəklikləri geri qaytarmaq cəhdlərinin qarşısının alınması ölkəmizin mövqeyini daha da gücləndirib. Silahlı Qüvvələrimizin qısamüddətli effektiv əks-hücumlarının yaratdığı güclü rezonans erməni cəmiyyətinə, eləcə də bütün dünyaya real durumun nədən ibarət olduğunu göstərdi. Aparılan uğurlu əməliyyatlarla işğal altında olan ərazilərimizi azad etməyə qadir olduğumuzu ermənilər çox aydın şəkildə başa düşdülər. Məhz elə bundan sonra erməni cəmiyyətində münaqişənin dinc yolla tənzimlənməsini, zəbt edilmiş torpaqların Azərbaycana qaytarılmasını tələb edənlərin sayı artdı. Belə şəxslər Ermənistanın artıq hərbi-siyasi iflasının son mərhələsinə qədəm qoyduğunu anlayaraq Qarabağın heç vaxt onların olmayacağını da dərk edir. İndi həmin qüvvələr yeni itkilərə məruz qalmamaq üçün torpaqların dinc şəkildə Azərbaycana qaytarılmasını istəyir. Əks halda yeni aprel toqquşmaları qaçılmaz sayılır. Bu mövqeni Britaniyanın "Chatam House" mərkəzinin analitiki Lourens Broers də bölüşür. Onun fikrincə, Qarabağda ötən ilin aprelində qəfil alovlanan hərbi əməliyyatlardan bir il keçdiyi bir vaxtda situasiya daha da təhlükəli xarakter alıb. Analitik qeyd edir ki, aprel döyüşlərindən keçən bir il Qarabağ münaqişəsinin nizamlanması prosesinin dalana dirəndiyini və dayanıqlı şəkildə bu vəziyyətdə qaldığını sübut edib. Ekspertə görə, beynəlxalq ictimaiyyət ya yeni və daha genişmiqyaslı müharibənin nə zaman başlayacağını gözləməli, ya da diplomatik şok terapiyasını seçməlidir: "Prezidentlərin Vyana görüşündən sonra irəliləyiş əldə edilmədi, təmas xətti boyu insidentlər intensiv şəkildə davam edir, sülh prosesi dayanıb və vəziyyət təhlükəli boşluqdan asılı qalıb. İndiki vəziyyət bir il əvvələ nisbətən daha təhlükəlidir. ATƏT öz məsuliyyət zonasındakı ikinci ən iri və ən təhlükəli münaqişəni görməyə hazır deyilsə, təcili olaraq sülh strategiyası formalaşdırmaq üçün güclü beynəlxalq səylərə ehtiyac var. Beynəlxalq ictimaiyyətin diqqətinin və resurslarının münaqişəyə yönəlməsi üçün mühüm impuls lazımdır. Bu dinamika ya yeni iri müharibə nəticəsində, ya da zorakılığı təşviq edən yox, onun qarşısını alan yeni çoxtərəfli təşəbbüsün nəticəsində yaranar".
Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, aprel döyüşləri təkrarlancağı təqdirdə Ermənistana xaricdən hansısa kömək olacağı da inandırıcı sayılmır. Çünki Azərbaycan diplomatiyasının çevikliyi və taktiki manevrləri nəticəsində ölkəmizin ərazi bütövlüyü beynəlxalq miqyasda tanınır və Qarabağ münaqişəsinə bu fonda həm də sırf ölkənin daxili işi kimi yanaşılır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə bu xüsusda bir daha bildirib ki, Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr ölkəmizin daxili işidir: "Aprel döyüşləri zamanı ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət ediblər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə bəzi ölkələri ittiham etməyə başlayıblar ki, onların yardımına gəlməyiblər. Halbuki, Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir". Dövlət başçısı bir daha vurğulayıb ki, Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk Qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır: "Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz. Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı həm döyüş meydanında acı məğlubiyyətə uğradı, həm də siyasi meydanda heç bir dəstək almadı. Halbuki, onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra, həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir".
İndi gözlənir ki, parlament seçkiləri başa çatdıqdan sonra erməni tərəfi Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində müəyyən addımlar atsın. Əks halda Ermənistanın çox qorxduğu aprel döyüşlərinin yenidən təkrarlanması qaçılmaz sayılır. Özü də o fonda ki, Azərbaycanın hərbi müstəvidə erməni tərəfi ilə müqayisədə daha böyük hərbi gücün sahibi kimi çıxış etməsi düşmən tərəfdə də açıq etiraf edilir. Bu gün də, Ermənistandan fərqli olaraq, Azərbaycan müasir hərbi texnika alışını davam etdirir. Müdafiə naziri Zakir Həsənov da prezident İlham Əliyevin aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə bu xüsusda maraqlı açıqlamalar verib: "Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunur". Nazir qeyd edib ki, ordunun döyüş hazırlığı gündən-günə artır, mənəvi-psixoloji durumu yüksək səviyyədədir.
Beləliklə, ordumuz üçün yeni müasir silahlar alınır və aydındır ki, bu silahlar Qarabağ münaqişəsi hərbi müstəvidə həll olunacağı halda döyüşlərin də gedişinə və nəticəsinə birbaşa təsir göstərəcək.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.