Məhəmməd Əsədullazadə: "İki ölkənin müttəfiqliyi Qarabağ münaqişəsinin həllində müəyyən rol oynaya bilər"
Türkiyə Azərbaycanla birgə Qafqazda mühüm oyunçu olmaq istəyir. Xəbər verildiyi kimi, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında deyib. Nazir qeyd edib ki, Türkiyə ümumilikdə dünyada vacib oyunçu olmağa səy göstərir: "Biz dünyada bütün danışıqlar arenalarında olmaq istəyirik. Dünyanın hər yerində məzlumları və köməksizləri müdafiə etməyə çalışırıq".
M.Çavuşoğlu onu da bildirib ki, Türkiyə münaqişələrin nizamlanması, Suriyada müharibəyə son qoyulması və Balkan ölkələrinin inkişafı üçün fəaliyyət göstərir.
O da məlumdur ki, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilərək daha da genişləndirilməsi ölkənin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.
Bütün bunlar və digər faktorlar iki dövlətin Qafqazda mühüm oyunçuya çevrilməsinə zəmin yaradır. Bəs ekspertlər buna necə yanaşır? Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Türkiyənin xarici siyasətində Cənubi Qafqaz regionu prioritet yer tutur: "Çünki bu region Türkiyənin maraqları baxımından mühüm rol oynayır. Cənubi Qafqazın önəmli ölkəsi olan Azərbaycanla Türkiyənin siyasi və iqtisadi əlaqələri bu iki türk dövlətinin maraqlarının uzlaşmasına gətirib çıxarır. Qafqaz regionu İran və Rusiyanın maraqlarının toqquşduğu, həmçinin, böyük dövlətlərin marağında olan regiondur. Hazırda burada Rusiya mühüm rol oynasa da, Azərbaycanın balanslı siyasəti müəyyən təhlükəsizlik risqlərini önləyir. Cənubi Qafqazda Rusiya Ermənistan vasitəsilə, Qərb Gürcüstan üzərindən möhkəmlənir. Türkiyənin də burada siyasi və iqtisadi maraqlarını nəzərə alsaq, regionla birbaşa sərhədi olduğu üçün burada öz milli təhlükəsizlik maraqlarından çıxış etməkdə haqlıdır. Təbii ki, Türkiyə burada Azərbaycanla birgə oyunçu olmaq şansına daha çox malikdir. İki ölkənin müttəfiqliyi Qarabağ münaqişəsinin həllində müəyyən rol oynaya bilər. Türkiyə Azərbaycanın maraqlarının qorunmasında, xarici təhdidlər qarşısında bir çəpərdir. Hesab edirəm ki, Türkiyə Cənubi Qafqaz siyasətində Rusiyaya güzəştə getməyəcək. Burada möhkəmlənib Azərbaycanla regionun oyunçu ölkəsi olacaq. Türkiyənin Yaxın Şərqdə və Qafqazda möhkəmlənməsi regional münaqişələrin həllində onun rolunu labüd edir. Türkiyə regional oyunçudur, apardığı xarici siyasət, Azərbaycanla müttəfiqliyi bir sıra problemlərin həllinə kömək edəcək".
Vidadi ORDAHALLI