“Azərbaycan dünyanın qlobal xəritəsində vacib oyunçuya çevrilib”
“Azərbaycan və Rusiyanın terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Azərbaycan bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq iqliminin yaradılması üçün ciddi səylər göstərir. Ölkəmizin ərazisinin Ermənistan tərəfindən işğalı, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi regionda sabitliyi pozan və bölgədə, ümumən ATƏT məkanında sülhə təhdid yaradan əsas amildir”.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı “Nezavisimaya qazeta”da dərc olunan yazısında deyilir.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır: “Ona görə də biz dünya birliyinin bütün məsuliyyətli üzvləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpası işində prinsipial mövqe ortaya qoyulmasına ümid edirik. Burada xüsusi rol sözsüz ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri və Cənubi Qafqazla tarixi-coğrafi baxımdan sıx bağlı olan Rusiya Federasiyasına məxsusdur. Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən son danışıqlar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsinin öz müsbət həllini tapacağına dair müəyyən ümidlər oyatmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etdirilməsindən qaçmağa çalışır”.
“Xarici siyasətimizin çox vektorlu və balanslı olması bütün dövlətlər və beynəlxalq strukturlarla maraqların qarşılıqlı hörmətinə söykənən bərabərhüquqlu münasibətlər qurmağa imkan verib. Nəticədə Azərbaycan xarici əlaqələrin coğrafiyasını xeyli genişləndirə, habelə beynəlxalq arenada möhkəm mövqelər və nüfuz əldə edə bilib”. Bu barədə də Azərbaycan xarici işlər nazirinin “Nezavisimaya qazeta” nəşrində yer alan məqaləsində deyilir.
E. Məmmədyarov qeyd edib ki, transmilli nəqliyyat-kommunikasiya və enerji layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan regionun iqtisadi liderinə və dünyanın qlobal xəritəsində vacib oyunçuya çevrilib.
Azərbaycan-Rusiya münasibətlərinə gəldikdə isə nazir onların strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirərək iki ölkənin bir çox əsas məsələlərlə bağlı mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, bu gün Rusiya ilə bir çox tərəfdaşlıq əlaqələri sınaqdan keçdiyi halda, Azərbaycan-Rusiya münasibətləri bütün sahələri əhatə etməklə intensiv şəkildə inkişaf edir.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri həmçinin üçtərəfli regional əməkdaşlıq formatındakı mexanizmlər vasitəsi ilə zənginləşir. Nazir bildirib ki, Azərbaycan-Rusiya-İran formatında əməkdaşlıq trans-regional tərəfdaşlığın inkişafı üçün strateji əhəmiyyətə malikdir.
E. Məmmədyarov iki ölkə arasında humanitar sahədə əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, mədəniyyətlərarası əməkdaşlığın inkişafında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rol oynayır. Nazir qeyd edib ki, Fondun yardımı ilə Rusiya ərazisində məktəblər rekonstruksiya olunub, uşaq əyləncə şəhərciyi açılıb, Rusiya-Azərbaycan dostluğu körpüsü inşa edilib, habelə xeyriyyə aksiyalar keçirilir.
E. Məmmədyarov turizm sahəsinə də toxunub. Bu sahənin yaxşı inkişaf perspektivlərinin olduğunu deyən nazir qeyd edib ki, hər il Rusiyadan Azərbaycana gələn turistlərin sayında artım var.