"Biz "exit-poll"un nəticələrini tanımırıq və qəbul etmirik. Biz, ümumiyyətlə, heç bir sosial sorğuya ciddi yanaşmırıq". "Trend"in məlumatına görə, bunu Ermənistanda keçirilmiş parlament seçkilərində "Azad demokratlar" partiyasından namizədliyini irəli sürmüş Stepan Safaryan deyib.
S.Safaryan qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının nəticələrini, həmçinin dairə seçki məntəqələrində öz üzvlərindən məlumatları gözləyirlər: "Çox təəssüf ki, bu seçkilər də əvvəlki seçkilərdən keyfiyyət baxımından heç nə ilə fərqlənmədi. Bu pul seçkisi idi. Hamınız bunun şahidi oldunuz".
Seçkisonrası proseslərə gəlincə, o, seçkilərə tam yekun vurulmasını gözləyəcəklərini bildirib.
Səslərin satın alınmasını ATƏT də gördü...
"Ermənistanda keçirilən parlament seçkiləri zamanı səslərin satın alınması, dövlət qulluqçularına və özəl şirkətlərin əməkdaşlarına təzyiqlər edilməsi ilə bağlı məlumatlar qeydə alınıb". APA-nın məlumatına görə, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Ermənistanda keçirilən parlament seçkilərinin yekunları ilə bağlı ilkin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, bu faktlar cəmiyyətin seçkilərə olan inamını və etimadını azaldıb.
Sənəddə qeyd olunur ki, hüquqi və təşkilati dəyişikliklərə baxmayaraq, bu seçkilər ölkədə seçki prosesinin etibarlılığına olan şübhələri aradan götürməyib: "Şikayətlərə baxılması proseduruna etimadsızlıq səbəbindən cəmiyyətdə qanun pozuntuları ilə bağlı məlumat vermək istəyi yoxdur. Məhkəmə orqanları, seçki idarəçiliyi orqanları və hüquq-mühafizə orqanlarının müstəqil olmaması və onların şikayətləri yoxlamaqla bağlı fəaliyyətləri hüquqi yardımın göstərilməsi işinin effektivliyini azaldır. Media qurumlarının sahibləri tərəfindən media materiallarının yayımı məhdudlaşdırılıb. Bu, hökumətin fəaliyyəti haqqında vacib informasiyaların yayılmasına mane olur. Jurnalistlər bildiriblər ki, bu yaxınlarda baş vermiş zorakılıq halları və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması məsələsində problemlər onların işinə mane olur və təhlükəsizliyinin təmin edilməsinə problem yaradır".
O da qeyd olunur ki, Ermənistanın beynəlxalq QHT-lərə seçkiləri müşahidə etməyə icazə verməkdən imtina etməsi ATƏT qarşısındakı öhdəliklərə ziddir.
Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Heydi Hautala da seçkilər prosesində pozuntuların olduğunu bildirib.
Cinayət işi də açıldı...
Ermənistan Baş Prokurorluğu tərəfindən bazar günü keçirilən parlament seçkiləri zamanı təkrar səsverməyə cəhd faktları ilə bağlı 6 cinayət işi açılıb. APA-nın "Sputnik-Armenia"ya istinadən verdiyi məlumata görə, bir cinayət işi üzrə 1 nəfər saxlanıb.
Baş Prokurorluqdan bildirilib ki, 392 müraciət üzrə seçki cinayəti əlaməti müşahidə edilib: "Onlardan 121-i başqasının yerinə səs vermə və ya təkrar səs vermə, 115-i seçicinin özünüifadə hüququna maneə, 77-si gizli səsvermə hüququnun pozulması, 63-ü KİV nümayəndələrinin, komissiyanın, müşahidəçilərin fəaliyyətinə əngəl törətmə, 15-i rüşvət verməyə cəhd və biri seçici siyahısının tərtib olunması zamanı pozuntuya yol verməklə bağlı olub".
Ermənistanda seçkilərə Azərbaycandan baxışlar...
Ermənistanda parlament seçkilərinin saxtalaşdırılacağı ilə bağlı verilən proqnozlar özünü doğrultdu. Bunu "Trend"ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri artıq bəllidir: "Seçki öncəsi verilən proqnozlar özünü təsdiqlədi. Proqnozların əsas mahiyyəti ondan ibarət idi ki, seçkilər total saxtakarlıqla müşayiət olunacaq, Sarkisyan və onun rəhbəri olduğu hakim Respublika Partiyası heç bir halda seçkilərin obyektiv, ədalətli, demokratik, şəffaf keçirilməsinə imkan verməyəcək".
E.Nəsirov vurğulayıb ki, o qüvvələr ki, Ermənistanda dəyişikliklərin edilməsinin lehinə mövqe bildirirdilər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində yeni yanaşmanı müdafiə edirdilər, erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsini Ermənistanın gələcəyinin ən mühüm elementi hesab edirdilər, onlar zorla, seçki saxtakarlığı ilə məğlub edildilər: "Məlum oldu ki, Ermənistan prezidenti 2008-ci ildə seçki saxtakarlığı yolu ilə hakimiyyətə necə gəlmişdi və ona etiraz edən xalqı gülləbaran etmişdi, eyni yanaşma tərzi, eyni məntiq bu seçkilərdə də tətbiq edildi. Hesab edirəm ki, Ermənistanda hadisələr bundan sonra ən mürəkkəb ssenari üzrə inkişaf edə bilər və qarşıda ölkədə çox ciddi siyasi kataklizmlərin olacağını indidən söyləmək mümkündür. Ermənistanda yeni etiraz dalğalarının balşanacağı ehtimalı kifayət qədər böyükdür və bu nöqteyi-nəzərdən Sarkisyanın partiyasının bu seçkilərdəki qələbəsini "taktiki qələbə" kimi qiymətləndirmək olar. Amma strateji baxımdan bu seçkilərin Ermənistanın mövqelərinin daha da zəifləməsinə və ölkədə müxalifətin sıralarının daha da genişlənməsinə gətirib çıxaracaq və biz Ermənistanda daha gərgin siyasi mübarizənin şahidi olacağıq".
Ermənistanda demokratik seçki oyunu oynamaq cəhdi baş tutmadı
"Heç kimdə şübhə yox idi ki, Ermənistanda keçirilən parlament seçkiləri seçki adını daşımağa layiq deyil". Bunu isə agentliyə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, Ermənistanda demokratik seçkilərin keçirilməsi obrazını yaratmaq cəhdi baş tutmadı: "Beynəlxalq səviyyədə də bu məsələ çox ciddi müzakirə olunacaq".
S.Seyidov vurğulayıb ki, Ermənistanda real, xalqın fikrini əks etdirən seçkilərin keçirilməsi mümkün deyil: "Seçki saxtakarlığı ilə bağlı yol verilmiş digər qanun pozuntuları da bu yaxınlarda üzə çıxacaq, bununla bağlı müzakirələr aparılacaq".
Ermənistandakı seçkidə aparılan oyun qaydası kimin maraqlarına cavab verir...
Ermənistanda keçirilən seçkilərin necə başa çatacağı əvvəlcədən bəlli idi. Bunu "Trend"ə Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Bu seçkilərin planlaşdırıldığı kimi sona çatdığını deyən deputat 2 aprel seçkilərinin əvvəl keçirilən seçkilərdən heç nə ilə fərqlənmədiyini söyləyib.
Onun sözlərinə görə, 2 aprel seçkiləri daha çox təsbit edilən saxtakarlıqlarla yadda qaldı:
"Sırf geosiyasi nöqteyi-nəzərdən yanaşsaq, bu seçki Ermənistanın deyil, ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin baş verib-verməyəcəyində nə dərəcədə maraqlı olduğunu ortaya qoyacaq. Bu seçkidə aparılan oyun qaydası sırf Rusiyanın maraqlarına cavab verən oyun qaydası idi. Demək olar ki, hətta içərisi ilk baxışda qərbpərəst təsir bağışlayan "Çıxış" blokundan belə parlamentə düşənlərin hamısı Ryusiyanın nəzarəti altında olan siyasi qüvvələrdir. Əgər bu qüvvələr Dağlıq Qarabağ münasişəsinin həlli ilə bağlı hansısa konstuktiv addımlar atmaq istəyəcəksə, bu ondan xəbər verəcək ki, Rusiya doğrudan da münaqişənin həllində maraqlıdır".
Xəbər xidməti