Müasir tariximizdə aprel döyüşlərinin xüsusi rolu var. Azərbaycan dövlətinin ən yeni tarixinə parlaq qələbə səhifəsi yazan dördgünlük müharibə nəinki mənfur düşmənə, hətta bütün dünyaya dövlətimizin və ordumuzun gücünü göstərdi. Rəşadətli Azərbaycan Ordusu bu müharibədə şəhidlər də verdi.
Oğullar vətənin müdafiəsi naminə şəhid oldu. Aprel döyüşlərində qəhrəmanlıq göstərən hər bir əsgər və zabitimiz xalqımızın qeyrətli oğulları kimi xalq və dövlət tərəfindən yüksək qiymətləndirilib. Bir məsələni də xüsusilə önə çəkək ki, aprel döyüşləri, yaxud dördgünlük müharibə Azərbaycan xalqını dövlətimiz və ordumuz ətrafında birləşdirdi. Atalar deyib ki, birlik olan yerdə dirilik var. Həqiqətən də ordunun gücü ilə xalqın mənəvi gücünün birləşməsi bizə qələbə qazandırdı.
Aprel döyüşlərinə ən yüksək, ali qiyməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verib. Ölkə başçısı çıxışlarında mütəmadi olaraq aprel müharibəsinin nəticələrindən danışır və rəşadətli ordumuzun qələbəsini alqışlayır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq".
Məlum olduğu kimi, keçən ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətdi və ordumuz tərəfindən də layiq olduğu cavabı aldı. Ölkə başçısı İlham Əliyev çıxışlarında bildirib: "Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir".
Məlumdur ki, aprel döyüşləri və ya dördgünlük müharibə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən hərbi münaqişədir. Qeyd edək ki, dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanmasını təmin edib.
Məlum olduğu kimi, hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu şəhid olub, 1 "Mi-24" helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.
Məlumdur ki, 2 aprel 2016-cı ildə beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə, işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə texnika, həmçinin, canlı qüvvə sarıdan xeyli itki verib.
Onu da vurğulayaq ki, həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələrindən tam azad olunub.
Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində, birtərəfli qaydada, düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırdığıni elan edib.
Onu da qeyd edək ki, 2016-cı ilin 2 aprel tarixində səhər saatlarından başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla, 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində, həmçinin, çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla, sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub.
Ermənistan ordusunun təxribatı nəticəsində mülki şəxslərə vurulan ziyan aradan qaldırılıb və erməni vandalizminə məruz qalan ərazilərdə abadlıq-quruculuq işləri həyata keçirilib. Bu gün həmin ərazilər Azərbaycan Ordusunun nəzarətindədir və orada həyat davam edir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısında xidmətlərinə görə təltif edilənlər arasında "Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, "Azərbaycan Bayrağı" ordeninə, "Vətən uğrunda", "İgidliyə görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülənlər var.
Ekspertlər aprel döyüşlərinin Azərbaycanın düşmən üzərində qələbə çalmasının ilk səhifələri olduğunu qeyd edir. Bir il əvvəl düşmənin məğlubiyyəti, ərazilərimizdən geri çəkilməsi ilə yadda qalan dördgünlük müharibənin beynəlxalq arenada dövlətimizə yüksək imic qazandırdığını qeyd edən ekspertlər bildirir ki, işğalçı dövlət bundan nəticə çıxarmalı və beynəlxalq qətnamələrin tələbinə cavab olaraq işğal etdiyi torpaqlarımızı boşaltmalıdır.
Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, dördgünlük müharibə Azərbaycan Ordusunda və xalqında böyük ruh yüksəkliyi yaratdı: "Aprel döyüşləri Azərbaycan Ordusuna özünə inam verdi. Uzun illər düşmənlə üz-üzə gəlməyən Azərbaycan Ordusu hiss etdi ki, düşmən deyildiyi qədər güclü deyil, deyildiyi imkanlara malik deyil. Azərbaycan zabitləri, əsgərləri döyüşü, gülləni, mərmiləri hiss etdi. Bu isə müsbət bir şeydir. Azərbaycan Silahlı Qüvvələri bu döyüşlərdə həm də düşmənin taktikası, hərəkətləri ilə bilavasitə tanış oldu. Artıq hərbçilərimiz düşməni real olaraq da tanıdı".
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı bizimlə söhbətində qeyd etdi ki, dördgünlük müharibə xalqımızın yeni tarixində mühüm hadisədir və bu, Azərbaycan Ordusunun qazandığı qələbədir. "Aprel müharibəsi bizi qələbəyə apardı. Bu, Qarabağ məsələsində ciddi dönüş nöqtəsi oldu. Doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda şəhidlər də verdik. Bu gün aprel döyüşlərindən yalnız biz deyil, şəhid ailələri də qürurla danışır. Onlar övladlarının vətən uğrunda şəhid olmasından qürurla danışır. Bu gün onların övladı vətənin, torpağın, elin övladıdır. Şəhidlər bir ailədə dünyaya gəldi və bütöv bir xalqın övladı olaraq dünyadan köçdülər. Aprel müharibəsi Azərbaycan Ordusunun, dövlətinin gücünü bütün dünyaya göstərdi. Bu döyüş nəticəsində ordumuz ermənilərin bütün mənfur planlarını alt-üst etdi, məkrli niyyətlərinin qarşısını aldı. Ermənilər bundan sonra Azərbaycanın real gücü ilə barışmalı oldu. Artıq beynəlxalq təşkilatlar da Azərbaycanın nəyə qadir olduğunu gördü. Bu döyüş nəticəsində düşmənə sarsıdıcı zərbə vuruldu. Xalq ordunun və dövlətin ətrafında sıx birləşdi. Azərbaycanın hər yerindən ordumuza qoşulmaq istəyən, işğalçı dövlətin ordusuna gücünü göstərmək istəyən vətən övladları dövlətə müraciət etdi. Bu müharibə xalqımızda milli birlik hissini yenidən oyatdı. Xalq düşmənə qarşı birləşdi. Tarix göstərdi ki, xalqımız dar gündə birləşə bilir".
Aprel döyüşlərinin bir illiyi ilə bağlı bölgələrə tez-tez səfərlər etdiyini deyən A.Nağının sözlərinə görə, şəhid ailələri torpaqlarımızın işğaldan azad ediləcəyi günü səbrsizliklə gözləyir: "Aprel müharibəsi onu göstərdi ki, biz tezliklə torpaqlarımızı azad edəcəyik. O gün uzaqda deyil".
Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı mövzu ilə əlaqədar "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan xalqı və dövləti aprel döyüşlərini qələbəyə gedən yolun başlanğıcı hesab edir: "Azərbaycan xalqının sevindiyi, fəxr etdiyi bir tarixi hadisədir. Bu döyüş nəticəsində ermənilərin mifi dağıdıldı. Onlar deyirdilər ki, Azərbaycan artıq işğal faktı ilə barışıb, torpaqlarına iddialı deyil. Amma aprel döyüşləri göstərdi ki, Azərbaycan hər qarış torpağını qaytarmağa qadirdir. Xalqımız, dövlətimiz, ordumuz heç vaxt işğal faktı ilə barışa bilməz. Dünya da, işğalçı dövlət də gördü ki, Azərbaycanın güclü ordusu var. Azərbaycan torpaqları yaxın gələcəkdə işğaldan azad edilməsə, ordumuz torpaqlarımızı azad etməyə hazırdır. Qarabağ münaqişəsi bitməyincə, torpaqlarımız işğaldan azad edilməyincə, Qafqazda sülhün bərqərar olması çətin məsələdir. Azərbaycan torpaqları işğaldan azad edilməlidir".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.