Yeganə Hacıyeva: "Ola bilər ki, Sarkisyandan bezən xalq etiraza qalxsın"
Ermənistanın Mərkəzi Seçki Komissiyası aprelin 2-də keçirilən parlament seçkilərinin nəticələrini açıqlayıb. Son nəticəyə əsasən, hakim Respublika Partiyası seçicilərin 49,12 %-nin səslərini toplayıb. Ondan sonrakı yeri isə 27,32 % səslə "Tsarukyan" bloku tutur.
Növbəti yerlərdə isə "Yelk" bloku (7,77 %), "Daşnaksütyun" partiyası (6,57 %), Çiçəklənən Ermənistan Partiyası (3,71 %), Ohanyan-Raffi-Oskanyan bloku (2,7 %), Erməni Milli Konqresi (1,62 %), Azad Demokratlar Partiyası (0,94 %) və Ermənistan Kommunist Partiyası (0,75 %) qərarlaşır. Bu nəticələrə əsasən, Ermənistan parlamentinə Respublika Partiyası, "Tsarukyan" bloku, "Yelk" bloku və "Daşnaksütyun" partiyası keçir.
Qeyd edək ki, seçki kütləvi pozuntularla, qeyri-şəffaf şəraitdə keçib. Son məlumata görə, 1700-dən çox pozuntu qeydə alınıb. Ermənistanın ikinci prezidenti Köçəryan acınacaqlı vəziyyətdə yaşayan seçicilərin səslərini az pul miqdarında satdığını açıqlayıb.
Bu reallıq Ermənistanın əksər əhalisinin Dağlıq Qarabağ məsələsində Sarkisyanın siyasətini dəstəkləmədiyini təsdiq edirmi?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistandakı bu seçkilər Sarkisyan və onun rəhbəri olduğu hakimiyyətin öz dayaqlarını itirdiyini bir daha sübut etdi: "Xalq onlara inanmır. Açıqlanan nəticələrdən də bu aydın görünür ki, Sarkisyanın əvvəlki nüfuzu qalmayıb. Artıq Ermənistanın ən nüfuzlu müxalifət liderləri iddia edir ki, bu seçkilərdə total saxtakarlığa yol verilib. Hətta belə olan halda, Sarkisyanın partiyası əvvəlki göstəriciləri təkrarlaya bilmir. Təbii ki, bu onun Dağlıq Qarabağ siyasətinin də iflasa uğradığına aydın sübutdur. Sarkisyan bir siyasətçi kimi elə də güclü keyfiyyətlərə malik deyil. O siyasətə və hakimiyyətə Dağlıq Qarabağ kartı üstündə gəlib. Artıq bu siyasətin də tam iflasa uğradığı göz qabağındadır. Çünki yürüdülən işğalçılıq siyasəti Ermənistanı rəzil və dilənçi kökünə salıb. Ermənistanda parlament seçkilərindən sonra baş verə biləcək hadisələrə, iğtişaşlara reaksiya göstərilməyəcək. Çünki beynəlxalq güclər Ermənistana qarşı hər hansı addım atmır.
1999-cu il noyabrın 27-də erməni parlamentində törədilən gülləbaranda və 2008-ci ildə eyni hadisələrdə insanlar qətlə yetirildi, lakin beynəlxalq güclər reaksiya vermədi. Ola bilər ki, parlament seçkiləri sonrası Sarkisyandan bezən xalq etiraza qalxsın. Hətta qan da tökülə bilər".
Məhəmmədəli QƏRİBLİ