Üzeyir Cəfərov: "Biz məhdud qoşun kontingentimizlə Ermənistanın təxribatının qarşısını alıb əks hücuma keçmişik"
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 31-də bir qrup hərbçi ilə görüş keçirib. Dövlət başçısı görüşdə deyib: "Aprel döyüşlərindən bir il keçir. Bir il bundan əvvəl Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, hücum etdi, yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı. Mülki şəxslər arasında da həlak olanlar oldu. Onların arasında azyaşlı bir qız uşağı da vardı".
Prezident, həmçinin, aprel döyüşləri ilə bağlı yürüdülən bəzi fərqli fikirlər və mülahizələrə də öz çıxışı zamanı aydınlıq gətirib: "Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan, demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın".
İlham Əliyevin bu fikirlərini "Azərbaycan apreldə daha da irəli getməli olduğu halda, niyə sona qədər hücum etmədi?" fikrini irəli sürənlərə tutarlı cavab saymaq olarmı?
Hərbi ekspert Üzeyir Cəfərov qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısının məlum çıxışı çoxşaxəlidir: "Hərbçilər qarşısında edilən çıxışdan bir çox vacib qənaətlərə gəlmək mümkündür. Ölkə başçısı bununla həm Ermənistana, həm də beynəlxalq aləmə mesaj verdi ki, biz indiyə kimi ordumuzun tam gücündən istifadə etməmişik. Bəli, aprel döyüşlərində Azərbaycanın hücum etmək planı olmayıb. Biz məhdud qoşun kontingentimizlə Ermənistanın təxribatının qarşısını alıb əks hücuma keçmişik. Təbii ki, nəticə bizi qane edir. Çünki olduqca əlverişli strateji yüksəklikləri azad etmişik. Yəni bu çıxış bir daha sübut etdi ki, Azərbaycan qarşısına qoyduğu hədəfə çata bilər. Təəssüflər olsun ki, bəzi qurumlar bizi haqlı olduğumuz halda, haqsız sayır. Bu bir il müddət bir daha sübut etdi ki, apreldə atəşkəsin bərpası üçün özünü həlak edənlər Ermənistanla heç bir iş aparmayıb. Prezident bir daha xəbərdarlıq etdi ki, vəziyyət ötən ildəkindən də pis ola bilər. Eyni zamanda, belə nəticəyə gəlinir ki, Azərbaycanın belə vəziyyətə çox dözmək fikri yoxdur. Ölkə başçısı bir daha sübut etdi ki, Azərbaycan istənilən vaxt öz torpaqlarını azad etməyə qadirdir".
Məhəmmədəli QƏRİBLİ