Qabil Hüseynli: "Prezidentin son çıxışındakı mühüm mesaj o idi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bütün variantlardan istifadə edəcək"
Məlum olduğu kimi, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bu günlərdə bir qrup hərbçi ilə görüşü zamanı bildirib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işidir. Ölkə başçısı bu fikri ilə nələri ifadə etdi?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Prezident aprel hadisələrinin ildönümündə hərbçilərlə görüşündə bir daha göstərdi ki, Dağlıq Qarabağ məsələsi sırf Azərbaycanın daxili işidir və bu məsələyə heç kim müdaxilə edə bilməz:
"Ölkə başçısı bildirdi ki, Qarabağ problemi beynəlxalq hüquq normalarına uyğun həll edilənədək Azərbaycan məsələni öz nəzarəti altında saxlayacaq. Prezident bununla bir daha vurğuladı ki, Dağlıq Qarabağ məsələsi sırf Azərbaycanın daxili işidir və bu məsələyə heç kim müdaxilə edə bilməz. Lavrovun Ermənistanı təcavüzkar adlandırmaq əvəzinə Dağlıq Qarabağın Azərbaycanın daxili işi olmadığı ilə bağlı vaxtilə işlətdiyi ifadələr neoimperiya siyasətinin təzahürü idi. Ancaq Azərbaycanı heç bir təhdid qorxuda bilməz. Prezidentin son çıxışındakı mühüm mesaj o idi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bütün variantlardan istifadə edəcək".
Q.Hüseynli hesab edir ki, Ermənistan sülh danışıqları prosesini pozmağa çalışsa da, Prezident məsələnin sülh yolu ilə həllinin perspektivlərinə inamla baxdığını nümayiş etdirdi: "Yəni Ermənistan prosesə maneçilik törətməyə davam edərsə, məsələnin həlli ilə bağlı yollar aramaq Azərbaycanın öz siyasi iradəsindən asılı olacaq və bu da milli maraqlarımıza uyğun şəkildə özünü göstərəcək. Zənnimcə, bu, birbaşa Sarkisyanın "İsgəndər"lərlə bağlı bəyanatına bir cavab idi. Prezidentin aprel döyüşlərində sərəncamda olan hərbi resursların çox cüzi bir hissəsindən istifadə edilməsinə dair ifadələri ona dəlalət edir ki, bu hadisə təkrarlanarsa, Ermənistan çox pis vəziyyətdə qalacaq. Bir sözlə, müşavirə göstərdi ki, Azərbaycan Ordusu gündən-günə möhkəmlənir, döyüş tapşırıqları uğurla həyata keçirilir, ən əsası isə, Ali Baş Komandanın ordu ilə əlaqəsi çox sıxdır".
Məhəmmədəli QƏRİBLİ