Aqşin Əliyev: "Bu baxımdan İŞİD-dən başqa bir təşkilatın törəyəcəyini gözləmək olar"
Bu yaxınlarda İŞİD-in kütləvi qırğın silahından istifadə edəcəyi təhlükəsi yenidən gündəmə gəlib. Bu dəfə məsələni dünyanın ən varlı adamlarından biri olan "Mikrosoft" şirkətinin prezidenti Bill Qeyts aktual edib.
Milyarder bəyan edib ki, İŞİD bioloji silah hazırlamaq üçün bütün imkanlarını səfərbər edib. Onun sözlərinə görə, bioterrorizm hər il 30 milyon insanın ölümünə səbəb ola bilər. Bələ bir məlumatın İraq və Suriyada böyük ərazilərə nəzarət edən və hazırda formal olaraq dünyanın az qala yarısı ilə müharibə vəziyyətində olan, bir neçə cəbhədə savaşan İŞİD-in getdikcə zəifləməsi barədə yayılan informasiyalarla eyni dönəmdə gündəmə buraxılması maraqlı görünür. Belə bir iddialar da var ki, günü-gündən zəifləyən İŞİD-dən başqa bir terror təşkilatı törəyə bilər. Əsas arqument kimi də "Taliban"dan "Əl-Qaidə"nin, ondan isə İŞİD-in törənməsi göstərilir. İŞİD-dən yeni bir terror təşkilatının törəyəcəyilə bağlı səslənən fikirləri nə dərəcədə inandırıcı saymaq olar?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bu versiyanı mümkün saymaq olar: "Belə terror təşkilatları bir anın içində yaranır və çox böyük gücə sahib olduğu üzə çıxır. Son dövrün qəfildən "zühur" edən terror təşkilatı kimi İŞİD-in adını çəkə bilərik. Yaxın Şərqdəki gərgin münaqişənin fonunda bu adda təşkilat birdən-birə özünü dövlət elan etdi. Bəzi ölkələrə aid böyük əraziləri ələ keçirdi. Ciddi dayaqları olan dövlət orduları onun qabağında duruş gətirə bilmədi. Analizlər göstərdi ki, həmin təşkilat ən müasir silahlara malikdir. Artıq bu ssenarilər hamıya bəllidir. Adətən belə terror təşkilatları bir sıra böyük dövlətlərin maraqlarının toqquşduğu ərazilərdə meydana çıxır. Daha doğrusu, çıxarılır. Öz funksiyalarını başa vurduqdan sonra isə ya tarixin arxivinə qovuşur, ya da yerini başqasına verir. Bəli, tamamilə doğru qeyd edirsiniz ki, bir vaxtlar "Əl-Qaidə", "Taliban" kimi təşkilatlar bütün dünyanı lərzəyə gətirirdi. İndi onların adları heç eşidilmir. Yaxın Şərqin özündəki son proseslərdə də İŞİD-dən parçalanan bəzi qruplar oldu, ancaq bunlar təbii proseslər idi. Yəni həmin terror təşkilatının arxasında duran güclər tərəfindən edilmirdi. Hesab edirəm ki, İŞİD onun arxasında duranlar üçün öz funksiyasını başa vurub. Başlayacaq yeni proseslər üçün heç kimin eşitmədiyi bir ad ortaya çıxa bilər. Bu tamamilə labüddür. Çünki yeni terror təşkilatı adı həm də vahimə deməkdir. Bu baxımdan İŞİD-dən başqa bir təşkilatın törəyəcəyini gözləmək olar".
Məhəmmədəli QƏRİBLİ