Ermənistanda növbəti parlament seçkiləri yenə total saxtakarlıq şəraitində baş tutduğundan, bunun ölkədə vətəndaş qarşıdurmasına yol aça biləcəyi barədə artıq indidən müəyyən xəbərdarlıqlar edilməkdədir. Hesab olunur ki, xalq və əsas müxalifət qüvvələri saxtakarlıqla hakim partiyanın və Serj Sarkisyana yaxın qüvvələrin parlamentdə təmsil olunması ilə razılaşmayacaq. Çünki belə vəziyyət Sarkisyana və komandasına daha uzun müddət ölkəni idarə etmək imkanı verir. İndiki prezidentin idarəçiliyi isə Ermənistana xaosdan başqa heç nə qazandırmayıb.
İndilikdə Ermənistanda narazılıq yaradan əsas məqam seçkilərin saxtalaşdırılmasıdır. Erməni diasporunun nümayəndəsi, seçkilərin gedişini müşahidə etmiş Arsine Xanciyan bildirir ki, səsvermə zamanı bütün seçki məntəqələrində qanun pozuntusu qeydə alınıb: "Biz bütün seçki məntəqələrində qanun pozuntuları olması haqqında məlumatlar almışıq. Hakimiyyət təmsilçiləri insanların sərbəst səs vermələrinə maneələr yaradırdı, onları istiqamətləndirməyə çalışırdılar. Bülletenlərin total şəkildə seçki qutularına doldurulması halları müşahidə olunurdu, seçicilərə hətta səsvermə günü belə rüşvət paylanırdı". Erməni siyasi şərhçi Musa Mikaelyan da səslərin düzgün hesablanmadığını bildirir: "Heç kim şübhə etmirdi ki, Ermənistanda parlament seçkilərinin seçkiqabağı texnologiyalarından biri rüşvət olacaq. Cəmiyyətin ağır ictimai durumunu nəzərə alsaq, bu texnologiya kifayət qədər effektiv oldu". Onun sözlərinə görə, seçkilər Ermənistan üçün kütləvi biabırçılıqla nəticələnib: "Seçkilər və onun nəticələri biabırçılıqdır. Lakin bunun əksini kimsə gözləyirdimi? Doğrudanmı kimsə hesab edirdi ki, Sarkisyan və Respublika Partiyası seçkiləri saxtalaşdırmayacaq? Ermənistanda "ənənəvi" seçki baş tutdu və bunun qarşısını yalnız qeyri-ənənəvi strategiya ilə almaq mümkün idi. Müxalifət "ənənəvi" ardıcıllığa kömək etdi. 2 aprel Ermənistan üçün kütləvi biabırçılıq günü olaraq tarixə düşdü". Ermənistanın ikinci prezidenti Robert Köçəryan da seçkilərin demokratik mühitdən tam uzaq olduğunu qeyd edir: "Bu seçkilərdə ideoloji mübarizənin heç bir əhəmiyyəti yox idi. Aydındır ki, güc metodundan istifadə ilə pul kisələrinin mübarizəsi idi. Xüsusilə də əksər seçicilər elə çətin sosial durumda idilər ki, görünür, puldan imtina edə bilməzdilər və yəqin ki, səs hərracında iştirak ediblər".
Rusiyalı politoloq Nikita İsayev bu xüsusda hesab edir ki, hakim rejimin seçki kampaniyası dövründə istifadə elədiyi manipulyativ texnologiyalar səsvermənin nəticələrinin legitimliyini bəri başdan şübhə altına alıb: "Belə texnologiyalar, o sıradan maliyyə manipulyasiyaları olduqca çoxlu sayda olub və bunlar, şübhəsiz ki, yeni parlamentin formalaşmasına kölgə salır - o parlament ki, respublikada prezidentli idarəçilikdən parlamentli idarəçiliyə keçid zamanı siyasi hakimiyyətin dəyişdirilmiş konstruksiyası tsiklində birinci olacaq". Xatırladaq ki, total saxtakarlıq şəraitində baş tutmuş parlament seçkilərinə doqquz siyasi qüvvə qatılmışdı. Onların yalnız dördü parlamentə düşə bilib.
Ermənistanın Mərkəzi Seçki Komissiyası bildirir ki, hakim Respublika Partiyası seçicilərin 49,2 faizinin səsini yığıb. "Tsarukyan" bloku isə 27,3 faiz səs toplayıb. Müxalif deputat Nikol Paşinyanın rəhbəri olduğu "Çıxış" bloku 7,75 faiz, Daşnaksütyun Partiyası 6,59 faiz səs toplayıb. Məhz bu qüvvələr parlamentə düşə bilib. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Elə bu səbəbdən qalan blok və partiyalar seçki baryerini keçə bilməyib. Əsas müxalif qüvvələr sayılan "Ohanyan-Raffi-Oskanyan" bloku 2,08 faiz, Ermənistan Milli Konqresi 1,63 faiz səs toplayıb. Amma bunlar rəsmi göstəricilərdir. Reallıqda isə bu qüvvələrin parlamentə keçmək şansları yüksək idi. Amma Sarkisyan seçkiləri saxtalaşdırmaqla buna imkan vermədi. Həmin qüvvələr Sarkisyan üçün ciddi təhdid sayılırdı. Keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbəri olduğu "Ohanyan-Raffi-Oskanyan" bloku məhz parlament seçkiləri vasitəsilə hakimiyyət dəyişiklyinin əsasını qoymağa hazırlaşırdı. Ermənistan Milli Konqresi isə Qarabağ münaqişəsinin həlli isiqamətində əsaslı təkliflərlə seçkiyə qatılaraq xeyli populyarlıq qazanmışdı. Blokun lideri Levon Ter-Petrosyan bildirirdi ki, Ermənistanın bir problemi var, bu, Qarabağ münaqişəsidir və bütün digər məsələlərin həlli onun tənzimlənməsindən asılıdır: "Hazırda Qarabağ nizamlanması üzrə danışıqlar masasında olan təkliflər məsələnin mərhələli həll variantıdır. Mənim hətta münaqişənin bugünkü həllinin 1997-ci ildə olduğundan daha aşağı statusa malik olduğunu güman etmək üçün əsasım var. Müasir dünyada cəngəllik qanunları işləmir, buna görə indi münaqişələrin həlli üçün qarşılıqlı güzəştlərə getməkdən başqa variant yoxdur". Amma Qarabağ konfliktilə hakimiyyətə gələn və onun nəticəsində hələ də iqtidarda qalan Serj Sarkisyan Levon Ter-Petrosyanın parlamentə keçməsini təhlükəli hal saydığından, bu şəxsin və rəhbərlik etdiyi qüvvələrin qanunverici orqana gəlişinə imkan vermədi. Bu fonda Ter-Petrosyan seçki məntəqələrində işin təşkilini kolxoz işinə bənzədib və mübarizənin davam edəəcyini bildirib. Eyni mövqeni Ohanyan da sərgiləyir. Sarkisyan isə parlament seçkilərində istədiyi nəticəni əldə etməklə gələn ildən baş nazir qismində idarəçilikdə maraqlıdır.
Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul edilən Konstitusiyaya dəyişikliklər Ermənistanın yarıprezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçidini nəzərdə tutur. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də yeni parlament müəyyənləşdirəcək və prezident sadəcə formal səlahiyyətlərə malik olacaq. Baş nazirin ölkədə əsas idarəçi şəxsə çevrilməsi fonunda səlahiyyətlərin icrası məhz gələn ildən reallaşacaq. Elə o dövrdə də Sarkisyan hökumət rəhbəri qismində idarəçiliyə davam edəcək. Bu səbəbdən də seçki kampaniyası dönəmində hakim partiya formal seçki yarışını bütünlüklə öz nəzarətində saxlayıb. Hakimiyyət seçkilərə nəzarəti saxlamaq üçün siyasi həbslər həyata keçirib, opponentlərə qarşı başqa qanunsuz və repressiv üsullardan yararlanıb. İndi müxalifətin buna qarşı çıxmaq üçün hazırlığı, ekspertlərə görə, Ermənistanda vəğtəndaş qarşıdurmasına yol açacaq.
Nahid SALAYEV