Mübariz Əhmədoğlu: "Kifayət qədər qarşıdurmalar olacaq"
Ermənistanda aprelin 2-də keçirilən parlament seçkiləri bu ölkədə cərəyan edən özbaşınalığı və rüsvayçılığı bir daha bütün dünyaya sübuta yetirmiş oldu. İstər müxalifət nümayəndələri və erməni mətbuatı, istərsə də bir sıra beynəlxalq müşahidə missiyaları seçkilərdə baş verən çoxsaylı qanun pozuntusunu dünyaya çatdırıb.
Ümumiyyətlə, total saxtakarlıqlarla müşahidə olunan parlament seçkilərinin "baş tutmasını", sadəcə, Sarkisyan rejiminin siyasi şou tamaşası fonunda demək olar. Çünki budəfəki tamaşanın bütün reallıqları tam çılpaqlığı ilə özünü əks etdirmiş oldu. Belə ki, seçkilər zamanı jurnalistlərin döyülməsindən tutmuş, qərargahlarda baş verən dava-dalaşlar, o cümlədən, hakim partiyanın namizədinə məxsus seçki qərargahında meyit tapıntısına qədər ortaya çıxan Ermənistan reallığı hər şeyi tam çılpaqlığı ilə ortaya qoymaqdadır.
Onu da qeyd edək ki, Ermənistanda keçirilən seçkilərdə bülletenlərin 100 faizi hesablanıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ilk yeri səslərin 49,12 %-ni toplayan Respublika Partiyası tutur. İkinci yerdə "Tsarukyan" bloku (27,32 %) qərarlaşıb. Bülletenlərin 100 %-nin hesablanmasından sonra "Yelk" bloku 7 %-lik keçid həddini adlaya bilib. 7,77 % səs toplayan "Yelk" "Daşnaksütyun" partiyasını (6,57 %) qabaqlayıb.
Müşahidələr göstərir ki, 1998-ci ildə hazırkı klan hakimiyyətə yiyələndikdən sonra ötən müddət ərzində seçkilərin demokratik, şəffaf keçirilməsi ilə bağlı vəziyyət müsbətə doğru dəyişməyib. Əksinə, 2008-ci ildən sonra daha da pisləşib. Aprelin 2-də keçirilən seçkilər bunu bir daha sübut etdi. Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir?
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun fikrincə, seçkilər saxtalaşdırılıb: "Ermənistanda parlament seçkilərinin öz ənənəsi var. Bu seçkilər də o ənənəyə görə keçirilib. Ermənistanda istər parlament, istərsə də prezident seçkilərində "karusel" əməliyyatından, yəni seçkinin saxtalaşdırılmasından istifadə olunub. Ona görə də səsvermə gününün səhəri Ermənistanda mitinqlər başlayıb. Hay-küy, dava-dalaş, etirazlar, hamısı bir-birinə qarışıb. Ermənistanda kifayət qədər qarşıdurmalar olacaq. Bir sözlə, bu seçki saxtakarlıqla təqdim olundu. Bu məsələdə Rusiya Ermənistan parlamentini ələ keçirdiyini düşünür. Rusiya arxayındır ki, bu qədər əziyyət çəkdi, parlamenti ələ keçirə bildi, yox, belə deyil. Parlament 50/50-yə ABŞ-la Rusiya arasındadır. Az müddət gözləyək, siyasi mühit, hesablama metodları aydınlaşsın, ondan sonra gələcəyə fikir bildirmək olar. Seçki prosesində xeyli adam döyülüb, xəsarət alıb, əlil olub. Hətta məktəblilər avtomat silah çıxarıb".
Vidadi ORDAHALLI