Yaxşı olardı ki, ötən illər gələcək Azərbaycan-Rusiya münasibətləri üçün möhkəm fundament olsun. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən “Rusiya-Azərbaycan: diplomatik münasibətlərin 25 ili. Tərəfdaşlıq strategiyası” mövzusunda Dəyirmi masada “Avrasiya ideyaları emalatxanası” Elmi tədqiqatlara dəstək Fondunun Eskpert Şurasının sədri Qriqori Trofimçuk deyib.
O, Azərbaycanın Rusiya üçün bütün sahələrdə - iqtisadi, hərbi-siyasi, humanitar və strateji sahələrdə həm regional, həm də beynəlxalq səviyyədə çox vacib olduğunu deyib.
Onun sözlərinə görə, Bakı Moskvanın regional tərəfdaşı olmaqdan daha çox qlobal tərəfdaşıdır: "Moskva Bakıdan xüsusən də, konfessiyalar sahəsində bəzi şeylər öyrənə bilər. Rusiya Azərbaycanın türk dünyasının əsas fiqurlarından biri kimi əhəmiyyətini başa düşməlidir. Rusiyaya Azərbaycanın nümunəsində türk dünyası ilə daha sıx əlaqənin yaradılması məsələsini tədqiq etmək lazımdır”.
Q.Trofimçukun fikrincə, yaxın illər asan olmayacaq, çünki postsovet məkanında həll olunmamış problemlərin mövcudluğunu nəzərə alaraq, bu gün Cənubi Qafqaz regionunun destabilizasiyası təhlükəsi mövcuddur.
“Bakı Moskvanın təşəbbüs göstərdiyi inteqrasiya layihələrində iştirakını siyasi və iqtisadi səmərə baxımından nəzərdən keçirir”. Bunu isə Dəyirmi masada çıxış edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
O qeyd edib ki, iki ölkənin xüsusən, Qafqazda və Xəzər regionunda təhlükəsizlik sahəsində birgə risklərini unutmaq lazım deyil: “Ölkələr bu gün hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirir, bununla belə Azərbaycan eyni zamanda, özünün müstəqil müdafiə sənayesini inkişaf etdirir”.
Ekspert həmçinin qeyd edib ki, Rusiya və Türkiyə arasında yaxşı münasibətlər Azərbaycan üçün müsbət haldır, çünki Bakı Türkiyə ilə müttəfiqlik əməkdaşlığına malikdir və Rusiya ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarıdır: “Azərbaycan tərəfindən atılan müəyyən addımlar Moskva ilə Ankara arasında gərginliyin azalmasına yardım edib. Biz bir sıra formatlarda, məsələn Türkiyə ilə istənilən layihələrin icrasında üçüncü tərəf ola bilərik”.