Rusiya əyalətlərində martın 26-da başlayan, daha sonra isə paytaxt Moskvaya və Sankt-Peterburqa çatan aksiyalar, onların nəticələri istər MDB, istərsə də bütün dünyada xüsusi diqqət mərkəzində yer alır. Əvvəla, baş verən aksiyaların davamı gəlsə, bu, Rusiyada yeni bir xaosa səbəb ola bilər. Rusiyada xaotik vəziyyət isə bütün MDB məkanına mənfi təsir etmək iqtidarındadır.
Digər tərəfdən, yaşanan hadisələrin daha bir maraqlı cəhəti onun Qərb və Rusiya arasında ziddiyyətləri yenidən dərinləşdirməsidir. Belə ki, Qərb ölkələri baş verənləri əsas gətirərək, başda mitinqlərin təşkilatçısı olan Aleksey Navalnı olmaqla, digər həbs edilənlərin azadlığa buraxılmasını tələb edir. Amma Moskva məsələyə fərqli yanaşır və iddialara görə, əslində Kreml rəhbərliyinin burada öz planları var.
Bu barədə danışmazdan öncə xatırladaq ki, üstündən 5 gün keçdikdən sonra Rusiya prezidenti Vladimir Putin ölkəsindəki kütləvi etirazları şərh edib: "Mən korrupsiya ilə mübarizə məsələlərinin ictimaiyyətin diqqət mərkəzində olmasını dəstəkləyirəm. Yanlış hesab etdiyim ancaq odur ki, hansısa siyasi hədəflər seçkilər ərəfəsində bundan siyasi səhnədə tanınmaq üçün istifadə edir. Bu "ərəb baharı"nı xatırladır: biz bunun nəyə gətirib çıxardığını çox yaxşı bilirik. Ukraynada dövlət çevrilişinə də bu səbəb olmuşdu". Xatırladaq ki, bu mitinqlər ölkədə müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı tərəfindən təşkil edilib və korrupsiyaya qarşı mübarizə şüarı altında keçirilib. Etirazlara səbəb Navalnı fondunun Rusiyanın baş naziri Dmitri Medvedyevin daşınmaz əmlak obyektlərinin yer aldığı araşdırmaları olub. Aktivlər arasında evlər və malikanələr, İtaliyada üzüm bağları və ofşor şirkətə məxsus yaxta olduğu deyilir. İndiyə qədər Dmitri Medvedyev baş verənlərə hansısa münasibət bildirməyib. Bunun isə təsadüf olmadığına dair elə Rusiyanın özündə maraqlı iddialar səslənir. Rusiyalı analitik Vladimir Qolışev "Obozrevatel" nəşrinə açıqlamasında bildirir ki, Rusiyada keçirilən etirazlar da "Kremlin tamaşası"dır. Analitik qeyd edir ki, bu, xalq kütlələrinin üsyanı, Aleksey Navalnının hansısa istedadının məhsulu deyildi. Onun fikrincə, Navalnı belə geniş coğrafiyada etiraz aksiyaları təşkil etmək bacarığına malik deyil: "Heç kim Kremlin təşkilati resurslarına şübhə etmir. Düşünmək belə gülməlidir ki, Navalnı belə böyük coğrafiyada "etirazlar"ın təşkilatçısı idi. Əlbəttə, inzibati resurslar cəlb edilmişdi. Bu dəfə yerlərdə aksiyalarda iştirakın qarşısı alınmırdı və əksinə, həvəsləndirilirdi. Bu, Kreml tərəfindən təşkil olunmuş tamaşadır. Kreml bu "tamaşa" vasitəsilə iki məqsədə çatmağa ümid edir. Birincisi, Putin Medvedyevin qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Bu öhdəlik ondan ibarətdir ki, o, baş nazir kimi əvəzedilməz qalacaq və Putin getməyə hazırlaşarsa, Medvedyev ikinci dəfə onun varisi olacaq. Putin bu öhdəlikləri yerinə yetirmək istəmir. Hazırda elə vəziyyət yaranır ki, Medvedyevin baş nazir olması artıq mümkün deyil, o, xalqın əsas düşməninə çevrilib. İkincisi, görünür, ümid edirlər ki, seçkilərdə yüksək iştirak olacaq".
Məsələ ilə bağlı "Bloomberg" agentliyi də yazır ki, Putin Medvedyevi devirməyi düşünür və bu aksiyalar da ona görə təşkil edilir: "Medvedyevi qurban vermək geniş mənada sistemin yerində qalması üçün lazımdır". Rusiya mediası isə yazır ki, Putin həqiqətən Medvedyevlə yollarını ayırır. "Rosbalt" portalı da yazır ki, Medvedyevin yaxın günlərdə istefaya göndərilməsini Kremldə çoxları istəyir. Özü də bunlar məhz Putinin adamlarıdır. Bildirilir ki, aprel ayında Putinin Medvedyevi seçəcəyi, yoxsa onunla vidalaşacağı məlum olacaq. Medvedyev istefaya göndəriləcəyi təqdirdə onun kimlə əvəzlənəcəyi, daha doğrusu Putinin varisinin kim olacağı da xüsusi maraq doğurur. Rusiya mediası yazır ki, Vladimir Putinin varisi Aleksey Dyumin ola bilər. Bildirilir ki, Dyuminin varis olması məsələsi dəqiqləşir. Qeyd edək ki, Aleksey Dyuminin zəngin karyerası var. 43 yaşının olmasına baxmayaraq, artıq general-leytenant rütbəsi daşıyır. Rusiya Federasiyasının Qəhrəmanı statusuna layiq görülüb, "Vətənə xidmətə görə" birinci dərəcəli medalla təltif olunub. Bununla yanaşı, Suvorov medalı, "Krımın qayıdışı üçün" medal, "Hərbi şücaətə görə" medalı və digər dövlət mükafatları alıb. Dyumin Putinin ən etibar etdiyi şəxslərdən hesab olunur. Rusiya mediası yazır ki, Duminin Putinin varisi olması ehtimalı Qərbi də narahat edir. Çünki bu şəxs də Rusiyanın maraqları üçün güc üsulundan istifadənin əsas tərəfdarlarındandır.
Nahid SALAYEV