Fazil Mustafa: "Hər halda, hərbi addımlarda belə taktiki dəyişikliyi normal qəbul etmək lazımdır"
Məlum olduğu kimi, rəsmi Ankaranın ötən ilin yayında başlatdığı "Fərat qalxanı" əməliyyatı başa çatdı. Türkiyə bu əməliyyata ötən il avqustun 24-də özünü "İslam Dövləti" adlandıran qruplaşmanı öz sərhədlərindən uzaqlaşdırmaq və kürd dəstələrinin hücumunu dayandırmaq üçün başlayıb.
Ordu və Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar bir neçə şəhəri, o cümlədən Cərəblusu ələ keçirib və nəhayət, strateji şəhər sayılan əl-Babın cənubuna doğru hərəkət ediblər.
Onu da qeyd edək ki, Türkiyə qoşunları bu əməliyyatı müxalifətçi Suriya Azadlıq Ordusu (SAO) ilə birgə həyata keçirirdi. "Fərat qalxanı"nın məqsədi 5 min kvadrat kilometrlik ərazini İŞİD və PKK/PYD terrorçularından təmizləyib burada qaçqınları yerləşdirmək üçün təhlükəsizlik zonası yaratmaq idi. 216 gün davam etmiş əməliyyatın gedişində Türkiyə Silahlı Qüvvələrinin 71 əsgəri, SAO-nun 600 döyüşçüsü şəhid olub. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ötən ay açıqladığı məlumata görə, İŞİD-in 2288 silahlısı, PKK/PYD-nin 322 terrorçusu öldürülüb. Suriya mənbələri isə əməliyyat zamanı məhv edilmiş terrorçuların ümumi sayının 3 min nəfərdən çox olduğunu bildirir.
Onu da qeyd edək ki, Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib ki, gələcəkdə yeni əməliyyatlar ola bilər. Türk ordusu hələ Suriya ərazisində qalmaqdadır. Zəruri hal meydana gələrsə, yeni əməliyyatlara icazə verilə bilər.
Ümumilikdə, sözügedən əməliyyat Türkiyə üçün nə ilə nəticələndi?
Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafanın fikrincə, Türkiyə müəyyən dərəcədə sərhədlərin təhlükəsizliyini təmin edəndən sonra "Fərat qalxanı" əməliyyatını bitirmək qərarına gəldi: "Türkiyənin gözlənilmədən Suriyada "Fərat qalxanı" əməliyyatını bitirməkdə əsas məqsədi həm ABŞ, həm də Rusiya ilə hərbi əməliyyatlar çərçivəsində üz-üzə gəlməməkdir. Türkiyə buna risq etmir. Çünki Türkiyə minimum hədəfləri həll edəndən sonra düşündü ki, artıq həm ABŞ, həm də Rusiya qapalı şəkildə bir-birilə razılaşaraq, Türkiyəyə qarşı hansısa addımlar ata bilər. ABŞ və Rusiya tərəfindən gələcək bu təhlükəni önləmək üçün Türkiyənin imkanları yoxdur. Buna görə də Türkiyə müəyyən dərəcədə sərhədlərin təhlükəsizliyini təmin edəndən sonra əməliyyatı bitirmək qərarına gəldi. Hər halda, hərbi addımlarda belə taktiki dəyişikliyi normal qəbul etmək lazımdır. Çünki əvvəlcə planlaşdırılan hər şeyə nail olmaq kimi bir hədəf yoxdur. Mən düşünürəm ki, buna görə də hədəfə getmənin mümkün olmadığını görəndə belə geri çəkilməni normal qarşılamaq lazımdır. Çünki Türkiyənin resursları bu genişmiqyaslı tədbirləri həyata keçirməyə imkan vermir. Bunun da əsas səbəbi odur ki, burada koalisiya qüvvələri və Rusiya ilə də müəyyən razılaşmalar əldə etməlisən. Bu isə olduqca çətindir. Ona görə çətindir ki, iki bir-birinə zidd qütbün arasında qalıb daha çox itkiyə məruz qala bilərsən. Türkiyə də buna görə belə bir addım atmağa maraq göstərmədi. Türkiyə Suriyaya istənilən an yenidən girə bilər. Bu məsələdə problem yoxdur. Əsas odur ki, Türkiyə öz hərbi birliklərini ələ keçirdiyi ərazilərdə saxlayır və sərhədlərinə bu qüvvələrin yaxınlaşmasını qoymur. Qalan məsələlər də gedişatda bəlli olacaq".
Vidadi ORDAHALLI