Məhəmməd Əsədullazadə: "Kremlin münaqişənin ədalətli həllində marağı olarsa, o zaman Ermənistana təsir rıçaqlarına malikdir"
Məlum olduğu kimi, Rusiya Xarici İşlər Nazirliyi ötən il aprelin 2-də Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanat hazırlayacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. Bununla yanaşı, o, həmçinin, deyib ki, hələlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşəcəyi barədə hər hansı bir məlumat yoxdur.
O da məlumdur ki, ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata ciddi əks zərbə endirildi. Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrinin təhlükəsizliyini daha etibarlı təmin etməkdən ötrü bəzi strateji əhəmiyyətli yüksəklikləri ermənilərdən azad etdi. Eyni zamanda, düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Məhz Rusiyanın müdaxiləsindən, yəni vasitəçilik təşəbbüsü ilə çıxış etməsindən sonra, aprelin 5-də tərəflər arasında atəşkəs razılaşması əldə olundu. Daha sonra rəsmi Moskvanın vasitəçiliyi ilə Sankt-Peterburqda danışıqlar keçirildi. Ancaq bütün bunlara rəğmən, sülh danışıqlarında ötən 1 ildə nəticə əldə olunmayıb. Ümumilikdə, Rusiya XİN-in ötən il aprelin 2-də Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı verəcəyi bəyanatında nələrin öz əksini tapacağı gözlənir? Yaxud da nələr öz əksini tapmalıdır?
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bunun daha çox balansın saxlanmasına hesablanmış bir bəyanat olacağı gözlənir: "Ötən il aprel 2-də Azərbaycan Ordusu Ermənistan ordusunun təxribatlarının qarşısını əks hücumla alarkən düşmənin nəzarətində olan strateji yüksəklikləri və böyük bir ərazini işğaldan azad etdi. Aprel eskalasiyasının ildönümündə Rusiya XİN-in hər hansı bir bəyanat hazırlaması əsasən münaqişə ətrafında balansı saxlamağa hesablanıb. Aprelin 2-də gözlənilən həmin bəyanat yenə də işğal faktorunu görməzlikdən gələrək, ümumi ifadələrlə yadda qalacaq. Bəyanatda danışıqların aparılması, atəşkəsin qorunması istiqamətində tezislər yer alacaq. Təbii ki, bu bəyanat Ermənistanı tam qane edir və status-kvonun saxlanmasına hesablanıb. Qeyd edim ki, Rusiya XİN-in son vaxtlar açıqlamaları əsasən münaqişə tərəflərinin atəşkəsə riayət etməsinə hesablanıb. Rusiya hazırda Qarabağ münaqişəsinin həllində əsas moderatordur. Kremlin münaqişənin ədalətli həllində marağı olarsa, o zaman Ermənistana təsir rıçaqlarına malikdir. Rusiya münaqişənin sülh yolu ilə həllini istəyirsə, bu bəyanatda Ermənistan ordusunun işğal edilmiş ətraf rayonlardan çıxmasını vurğulamalıdır. Bu kimi sözlər bəyanatda qeyd edilməsə, münaqişə davam edəcək. Bu da yeni hərbi əməliyyatların baş verməsinə zəmin yaratmış olacaq". Vidadi ORDAHALLI