Ağa Seyidli: "Çünki gerçək islam sülhü, əminamanlığı tərənnüm edir"
Məlum olduğu kimi, BMT baş katibinin 1 yanvar 2017-ci il tarixli sülh üçün müraciəti mövcuddur. Həmin müraciətin mətnindən aydın olur ki, 2017-ci il dünyada "Sülh ili" elan edilib. BMT-nin baş katibinin müraciətində, həmçinin, siyasi həllə nail olmaq üçün atəşkəs və danışıqlar masasında kompromislərə çağırış edilir. Xatırladaq ki, 2017-ci il həm də Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib.
Bu iki hədəfin arasında hansı prinsipial bağlılıqlar var? Və ya sülh və dini həmrəylik bir-birinə nə dərəcədə bağlıdır?
Ekspert Ağa Seyidli qəzetimizə bildirdi ki, sülh bütün bəşəriyyət üçün vacib olan meyardır: "Bilirsiniz ki, Azərbaycan müharibədən əziyyət çəkən, onun fəsadlarını görmüş bir ölkədir. Biz sülhün, əminamanlığın nə olduğunu daha gözəl dərk edirik və dövlət səviyyəsində daim bu prinsiplərə hazır olduğumuzu bəyan edirik.
Təəssüflər olsun ki, 1994-cü ildən etibarən atəşkəs rejimi Ermənistanın işğala əsaslanan Azərbaycan ərazilərini zəbt etmək siyasəti nəticəsində siyasi həllə və davamlı sülhə çevrilməyib. Ermənistan işğalı gücləndirmək üçün atəşkəs rejimindən sui-istifadə etməkdə davam edir və hər vəchlə danışıqlar masasında irəliləyişin əldə olunmasına mane olur. BMT dünyanın ən nüfuzlu təsisatlarından biridir. Əsas qayəsi də dünyada sülhü təmin etməkdir. Bu baxımdan da "Sülh ili"nin elan edilməsi çox vacibdir və hesab edirəm ki, bunun BMT-nin mandatını daha dolğun həyata keçirməsinə müsbət təsiri olacaq. Ölkəmizdə "İslam Həmrəyliyi İli"nin keçirilməsinə gəldikdə isə, hesab edirəm ki, bu iki meyar bir-birini tamamlayır. Çünki gerçək islam sülhü, əminamanlığı tərənnüm edir. Həmrəylik də sülhün tərkib hissəsidir. Çünki sülh olmayan yerdə həmrəylik ola bilməz. Hesab edirəm ki, hər iki təşəbbüsün reallaşması yalnız ölkəmiz üçün deyil, bütün bəşəriyyət üçün faydalıdır.
Ümidvar olmaq istəyirik ki, BMT baş katibi 2017-ci ili "Sülh ili" elan etdiyi üçün, bütün səlahiyyətlərindən istifadə edəcək ki, Dağlıq Qarabağ problemi öz həllini tapsın. Sülhə mane olanlarla isə bir qədər sərt davranış ortaya qoyulsun".
Məhəmmədəli QƏRİBLİ