Ermənistanın ciddi məğlubiyyəti ilə nəticələnən aprel döyüşlərinin ildönümünün yaxınlaşması düşmən ölkədə yeni təşvişə yol açmaqdadır. Burada hesab edilir ki, aprel döyüşlərinin yenidən təkrarlanma ehtimalı böyükdür və hadisələrin bu səpkidə inkişafı Ermənistana müsbət heç nə vermir.
İlk növbədə ona görə ki, ötən bir il ərzində Azərbaycan hərb sahəsində mövqelərini daha da gücləndirə bilib. Bura ilk növbədə Azərbaycan ordusunun yeni hərbi texnika ilə təmin edilməsi daxildir. İkinci bir tərəfdən, məhz aprel savaşları ilə Azərbaycan işğal altındakı ərazilərinin bir qismini azad edə bilib. Bu isə Ermənistanda bədbinlik yaratmaqla yanaşı, cəmiyyətin mənəvi-psixloji cəhətdən də deqradasiyasını gücləndirib. Məhz bu fonda düşmən ölkədə hesab edilir ki, aprel döyüşləri təkrarlansa, bu dəfə Ermənistan daha böyük itkilərlə üzləşməli olacaq.
Erməni mediasının yazdıqlarından, burada səslənən fikirlərdən də aydın görünür ki, ölkəmizin aprel savaşının ildönümündə Qarabağ istiqamətində yenidən uğurlu hərbi əməliyyat aparacağı və düşmənə növbəti ciddi zərbə endirəcəyi ilə bağlı Ermənistanda qorxu gedərək artır. Məsələ ilə bağlı erməni politoloq Riçard Kirakosyan bildirir ki, Qarabağ münaqişəsində hərbi əməliyyatların yenilənməsi risqi hələ də qalır. "Aprel müharibəsindən bir il sonra" adlı tədbirdə çıxış edən Kirakosyanın sözlərinə görə, aprel müharibəsi 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra Qarabağ münaqişəsində ən önəmli hadisə idi: "Və bu, 90-cı illərdən bəri Azərbaycanın ilk hərbi uğuru idi. Azərbaycanın bu uğuru ermənilərin hərbi dəyanəti haqqındakı mifi darmadağın etdi. Bu hadisə göstərdi ki, Ermənistandakı korrupsiya ölkənin milli təhlükəsizliyi üçün ciddi hədədir. Amma mən aprel mühalribəsində baş verməyən iki hadisəni təqdim etmək istəyirəm. Birincisi, Ermənistan bu hadisələrə necə yanaşdı: onun addımları məhdud idi. Ermənistan hərbi əməliyyatlara əksər hərbi sistemləri cəlb etməmişdi. İkincisi, atəşəkəs razılığı Moskvada əldə olundu, bu da real atəşkəs yox, şifahi razılaşma idi". Bütün bunlar fonunda hesab edilir ki, müharibənin yenidən başlanma ehtimalı kifayət qədərdir. Özü də bu müharibə, yuxarıda qeyd olunduğu kimi, Ermənistan üçün daha dağıdıcı nəticələrə gətirib çıxaracaq. Bunun ilkin əlamətlərini düşmən yenə ötən ilin aprelində aydın gördü.
Bu arada hərbi əməliyyatların ildönümü ilə bağlı Ermənistanda keçirilən müzakirələrdə erməni generalı Arkadi Ter-Tadevosyan belə bir iddia ilə çıxış edib ki, həmin vaxt Azərbaycan hücum əməliyyatı keçirib. Amma faktdır ki, əslində, aprel hadisələri zamanı Azərbaycan hücum yox, yalnız əks-həmlə əməliyyatı keçirərək düşmən təxribatının qarşısını alıb. Xatırladaq ki, həmin vaxt ermənilər martın sonlarında və aprelin əvvəllərində cəbhədə hərbi təxribatların sayını əhəmiyyətli dərəcədə artırmışdılar. Bunun ardınca düşmən hətta hücum əməliyyatlarına da cəhd göstərdi. Yalnız Azərbaycan Silahlı Qüvvələri əks-həmlə ilə düşmənin qarşısını aldı və əks-zərbə əməliyyatı keçirərək bir sıra məntəqələri, bəzi yüksəklikləri azad etdi. Özü də bu, Azərbaycan Ordusu tərəfindən mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyat kimi tarixə düşdü. Məhz bütün bunlar Ermənistanda Qarabağ münaqişəsi haqda tamam fərqli fikirlərin yaranmasına rəvac verib və aprel döyüşlərinin ildönümü ilə bağlı müzakirələr də qeyd edilənlərin real təsdiqidir. Ermənistanda etiraf olunur ki, Azərbaycanın aprel döyüşlərinin uğurlarını təkrarlamaq üçün bütün hazırlığı ən yüksək səviyyədədir.
Yaranmış durumda Ermənistan prezidenti Serj Sarkisyanın "İsgəndər" raketləri ilə Azərbaycanı təhdid etməsi isə əslində qarşı tərəfin özündə də istehza ilə qarşılanır. Bu xüsusda Ermənistan ordusunun etdiyi "jim" hərəkətlərinin sayına görə Ginnesin Rekordlar Kitabına düşən 20 yaşlı əsgəri Artak Rafaelyanın cəbhədə aldığı güllə yarasından ölməsi fonunda erməni mediası maraqlı məqamlara toxunur. Hesab edilir ki, bu, Azərbaycanın Serj Sarkisyanın "İsgəndər" təhdidinə verdiyi daha bir sərt cavabıdır. Məsələ ilə bağlı Ermənistanın "Lragir" saytı da yazır ki, Sarkisyan bu bəyanatla seçkidə xal qazanmaq və özünün təhlükəsizlik sahəsində əvəzedilməz olduğunu göstərmək istəyirdi.
Lakin sayt Sarkisyanın "İsgəndər" təhdidindən sonra əsgər Rafaelyanın ölümünə diqqət çəkərək qeyd edir ki, kimlərinsə şəxsi nüfuza hesablanmış təhdidlərinin əvəzini erməni əsgəri ödəyir. Bundan əlavə, sayt diqqəti ona yönəldir ki, hətta İrəvanda belə təcrübəli hərbçilər "İsgəndər"lər haqda daha az danışmağın vacib olduğunu hesab edir. Qeyd olunur ki, Sarkisyanın "İsgəndər" bəyanatı İrəvanın hərbi kulislərində etirazla qarşılanıb: "Hərbçilər düşünür ki, "İsgəndər"lər haqda danışmaq əvəzinə, sakitliyi bərpa etmək və heç də yaxşı vəziyyətdə olmayan ordunu gücləndirmək, problemləri həll etmək lazımdır. Xüsusilə əsgərlərin xidmət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin bərpası vacibdir". Digər tərəfdən o da faktdır ki, Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş ərazilərimizdə, həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə-yeksan etməyə qadirdir. Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da diqqəti ona yönəldir ki, Azərbaycan həm hava hücumundan etibarlı müdafiə sistemlərinə malikdir, həm də Ermənistanda istənilən nöqtəyə zərbə endirə bilər: "Bizim bütün obyektlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən havadan daha da gücləndirilmiş şəkildə müdafiə olunur. Eyni zamanda, mühüm obyektlər Hərbi Hava Qüvvələri tərəfindən havadan mühafizə və müdafiə olunur. Ermənistan ancaq "vuraram", "dağıdaram", "bunu edərəm", "onu edərəm" deməklə, boş-boş fərziyyələr söyləməklə öz cəmiyyətinin diqqətini əsas məsələlərdən yayındırmaqla məşğuldur. Azərbaycan isə "Ermənistan cəmiyyəti, əsgər anaları, övladlarınızı itirmək istəmirsinizsə, onlar işğal olunmuş Azərbaycan torpaqlarından çıxsınlar" deməklə yenə də məsələnin sülh yolu ilə, qansız-qadasız həllinə çalışır. Biz bir qarış torpağı belə düşmənə güzəştə getməyəcəyik. Əminəm ki, Ermənistan öz işğalçı niyyətindən əl çəkmədiyi təqdirdə aprel döyüşləri kimi Azərbaycan əsgərinin qələbəsi ilə bitən əks-zərbə əməliyyatlarımız hələ çox olacaq. Ərazi bütövlüyümüz təmin edilənə qədər düşmənin itkiləri də, gözüyaşlı erməni anaları da saysız-hesabsız olacaq. Yəni belə mənasız hədə-qorxu dolu bəyanatlar erməni xalqının faciəsinə gətirib çıxaracaq. Onlar yaxşı bilir ki, Azərbaycan Ordusu düşmən təxribatlarına lazımi səviyyədə cavab verməyə hər an qadirdir.
"İsgəndər" raketləri ilə bizim 12 məntəqəmizə və bir çox hədəflərə zərbələr endirəcəkləri barədə cəfəng fikirlər səsləndirən Ermənistan rejimi onu da yaxşı anlayır ki, Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş Azərbaycan ərazilərində, həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri dağıtmağa etməyə qadirdir. Təkcə "Metsamor" Atom Elektrik Stansiyasını hədəfə çevirmək kifayət edir. Bu baş verərsə, Ermənistan ərazilərində bir neçə əsr ərzində yaşayış mümkün olmayacaq. Ora zərbə endirilərsə, Ermənistan nə günə qalacaq, hansı faciələri yaşayacaq? Ermənilər bizə hədə-qorxu gəlməzdən, "İsgəndər-İsgəndər" deyərək hay-haray salmazdan əvvəl bunu düşünsələr daha məqsədəuyğun olardı".
Qeyd olunan reallıqları, aprel döyüşlərinin yenidən təkrarlanacağı halda Ermənistanın məğlubiyyətinin qaçılmaz olacağını düşmən tərəfdə anlayanlar az deyil. Məhz belə qüvvələr, məsələn, sabiq prezident Levon Ter-Petrosyan bu durumda məsələnin sülh yolu ilə həllini, işğal altındakı ərazilərin tədricən Azərbaycana qaytarılmasının vaciblyini bəyan edir. Elə indinin özündə də Levon Ter-Petrosyanın işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri ətafında müzakirələr davam edir.
"Aykakan Jamanak" qəzeti bu xüsusda yazır ki, bu gedişlə Ermənistan hakimiyyətinin Levon Ter-Petrosyana müqavimət göstərməsi çətin olacaq: "Ter-Petrosyan İctimai Televiziyaya 45 dəqiqəlik müsahibəsində münaqişənin həlli yollarını açıq şəkildə göstərdi. Bu, ərazilərin qaytarılması və öz müqəddəratını təyin etmədir. Yəni ərazilər qaytarıldıqdan sonra Qarabağdakı ermənilər orada təhlükəsiz şəraitdə yaşayacaqlar. Ter-Petrosyan qeyd edir ki, Ermənistanın gələcəyə yolu münaqişənin həllindən keçir. Onun müsahibəsindən bir neçə gün öncə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqladı ki, tərəflər danışıqlar masasında olan sənədin bir neçə bəndi üzrə razılığa gəlib, lakin 2-3 məsələni tamamlamaq qalır. Belə fikir var ki, Ter-Petrosyan əslində Sarkisyana kömək etməyə çalışır, daha doğrusu ona münaqişənin həlli yollarını göstərir. Özü də Ter-Petrosyanın mövqeyini ölkədə dəstəkləyənlərin sayı sürətlə artır. Sarkisyanın Qarabağ məsələsində Ter-Petrosyanın mövqelərinə qarşı çıxmaq imkanları tükənir və o, sabiq prezidentin mövqelərini nəzərə almağa məcburdur". Lakin qəzet əlavə edir ki, Ermənistan daxilində, əsasən də hakimiyyətdə ərazilərin qaytarılmasına qarşı olan qruplar mövcuddur. Amma o da vurğulanır ki, bu vəziyyət Ermənistana böyük fəlakətlər gətirəcək yeni müharibənin başlama ehtimalını da xeyli artırır. Özü də yeni müharibənin başlana biləcəyi tarix elə də uzaq dövrü əhatə etmir və apreldə hərbi əməliyyatlar, "Aykakan Jamanak" qəzetinin də yazdığına görə, yenidən başlana bilər. Bu fonda aprel müharibəsinin təkrarlanma ehtimalının olduqca yüksək olmasını "Karnegi" fondunun Cənubi Qafqaz üzrə eksperti, britaniyalı konfliktoloq Tomas De Vaal da təsdiq edir və vurğulayır ki, bu il Dağlıq Qarabağ münaqişəsi zonasında daha ciddi toqquşmalar baş verəcək. Onun sözlərinə görə, təmas xəttində atəşkəsin möhkəmləndirilməsi üzrə razılaşmaya əməl edilməsi həm Ermənistandan, həm də Azərbaycandan tələb olunur: "Lakin bu razılaşma imzalanmayıb. Niyə? Görünür, hansısa səhvlər oldu. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri bu razılaşmanın icrası məsələsini öz üzərinə götürməlidir. Bu ölkə Rusiya ola bilər. Bundan başqa, ATƏT-in Minsk Qrupu formatını gücləndirmək lazımdır. Həmsədrlər toqquşmaların yenilənməsini istəmirsə, Vyana razılaşmasını təkrar gözdən keçirməlidir". Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Ermənistanda aprel müharibəsinin yenidən başlana biləcəyinə dair ciddi narahatlıq mövcuddur və buna yol verməmək üçün Azərbaycanla danışıqlarda əməli addımlar atılmasını istəyənlərin sayı da durmadan artır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.