Şair Ramaldanov: "Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş ərazilərdə..."
Ermənistan prezidentinin Azərbaycana raket zərbəsi endirmək əmri verməyə hazır olduğu barədə bəyanatından sonra Qarabağda erməni silahlı qüvvələrinin keçmiş komandanı Arkadi Ter-Tadevosyan nəinki bunu dəstəkləyib, hətta bu zərbələrin konkret olaraq haralara endirilə biləcəyini açıqlayıb.
"Lragir" nəşrinə müsahibəsində o qeyd edib ki, cavab zərbəsi endirmək üçün Azərbaycan tərəfindən yeni hücum gözləmək lazım deyil: "Məndə insanların yaşamadığı, lakin çox mühüm mühəndis infrastrukturlarının yerləşdiyi 12 məntəqənin işarələnmiş olduğu xəritə var. Bu yerlərə zərbə endirməklə böyük ziyan vurmaq olar. Bu, elektrik stansiyaları, qaz kəmərləri, neft kəmərləridir. Bu həm də Mingəçevir su anbarı, Azərbaycan əhalisinin 40 %-dən çoxuna xidmət edən iki güclü elektrik stansiyası, Bakı yaxınlığında yerləşən neft obyektləridir".
Ter-Tadevosyan iddia edir ki, guya sözügedən obyektlərə zərbə endirilsə, bunun effekti böyük olacaq: "Bakıya deyil, bu obyektlərə zərbə endirsək, insanlar həlak olmayacaq, əvəzində strateji obyektləri məhv etmək olar ki, bu da onları ayılda bilər. Biz ikinci bir hücuma və yeni aprel hadisələrinə imkan verə bilmərik".
Maraqlıdır, Ter-Tadevosyanın bu iddiaları nə dərəcədə reallığa uyğundur? Hərbi ekspertlərin buna münasibəti necədir? Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovun fikrincə, Ter-Tadevosyanın belə çıxışları birinci dəfə deyil: "Ermənilər mütəmadi olaraq bu cür çıxışlar edir. Bununla onlar, bir hərbçi kimi, Serj Sarkisyanın sözlərini dəstəkləməklə əsaslandırmağa çalışırlar. O ki, qaldı Ter-Tadevosyanın dediklərinə, onun açıqlamaları tamamilə yalanlar, iftiralar üzərində qurulub. 12 məntəqənin və yaxud hədəfin vurulmasına gəlincə isə, niyə 14-15, ya da 20 deyil, məhz 12-dir? Bunlar açıqlanmır. Bizim bütün obyektlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən havadan daha da gücləndirilmiş şəkildə müdafiə olunur. Eyni zamanda, mühüm obyektlər Hərbi Hava Qüvvələri tərəfindən havadan mühafizə və müdafiə olunur. Ola biləcək bütün təhdidlər nəzərdən keçirilib və lazımi tədbirlər görülüb. Bu da sual altındadır ki, onlar bu obyektlərə nəsə edə biləcəklərmi? Bütün bu hədə-qorxu dolu fikirlərin dilə gətirilməsi daha çox Azərbaycanın hərbi qüdrətinin güclənməsi ilə bağlıdır. Azərbaycan iqtisadiyyatının inkişafı, daxili sabitlik, ordumuzda aparılan uğurlu işlər qarşı tərəfi qorxu və vahimə içində saxlayır. Mənə elə gəlir ki, ermənilərin bu tip boş hədələri bizim gücümüz, qüdrətimiz və torpaqlarımızı azad etməkdə israrlı olmağımızla da bağlıdır. Onlar yaxşı bilir ki, Azərbaycan Ordusu düşmən təxribatlarına lazımi səviyyədə cavab verməyə hər an qadirdir. "İsgəndər" raketləri ilə bizim 12 məntəqəmizə və bir çox hədəflərə zərbələr endirəcəkləri barədə cəfəng fikirlər səsləndirirlər. Ermənistan rejimi onu da yaxşı anlayır ki, Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş ərazilərdə, həmçinin, Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə-yeksan etməyə qadirdir. Təkcə "Metsamor" Atom Elektrik Stansiyasını hədəfə çevirmək kifayət edir".
Vidadi ORDAHALLI